Azərbaycan-NATO əlaqələrinin geosiyasi aspektləri Siyasət

Azərbaycan-NATO əlaqələrinin geosiyasi aspektləri

NATO qərb ideologiyasının siyasi məqsədlərinə xidmət edən bir təşkilatdır. Məlumdur ki, Qərbin özündə də müxtəlif cərəyanlar mövcuddur. Bunlar Evrosentrizim, Amerikasentrizim və sairə ideoloji maraqlarına xidmət edir. Qeyd olunan ideologiyaların ortaq təmas nöqtəsi isə Atlantizimdir. Bu ideoloji xətt hazırda hər iki yanaşmanı özündə birləşdirə bilir. Əlbəttə NATO təşkilatının daxilində zaman-zaman Evrosentrizim və Amerikasentrizim tərəfdarlarının mübarizəsi təzahür etmişdir. Buna baxmayaraq yarandığı gündən indiyə kimi bu qurum öz dayanıqlığını saxlaya bilib.
Sosialist ölkələrin təsis etdiyi "Varşava müqaviləsi" dağıldıqdan sonra NATO-nun qlobal missiyasında da əsaslı dəyişikliklər baş vermişdir. Belə ki, soyuq müharibə dövründə sosialist blokuna qarşı durmaq vəzifəsini yerinə yetirən NATO SSRİ-nin süqutundan sonra əsas düşməninin tarixə qovuşması ilə buraxılmalı olsa da Avroatlantik blokun təsisçiləri qurumu yaşatmaq üçün fəaliyyət formatını dəyişmək kursu götürdülər. Yəni qlobal çağırışların yeni mərhələsi, yəni terrorçuluğun əsas beynəlxalq təhdidə çevrilməsi, habelə qərbin "şər dövlətləri" elan etdiyi bəzi ölkələrin və liderlərinin beynəlxalq təhlükəsizliyə təhdid yaratmasını əsas götürən NATO öz missiyasında yeniliklər etdi. Buna misal olaraq, Əl-Qaidə və Taliban terrorçularına qarşı Əfqanıstanda aparılan hərbi əməliyyatlar, serblərin Balkan yarmadasında müsəlmanlara qarşı soyqırım törətməsinə cavab olaraq Serbiyanın paytaxtı Belqradın günlərlə NATO təyyarələri tərəfindən bombardıman edilməsi, Qəddafi rejiminin aradan qaldırılması üçün Liviyanın Fransanın başçılığı altında əməliyyatlar həyata keçirməsini və sairəni misal göstərmək olar. Eyni zamanda NATO keçmiş SSRİ məkanında fəal siyasət yütrütməyə başladı və bu proses bu gün də davam edir. Xüsusilə Ukrayna münaqişəsi meydana gəldikdən və Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra NATO Qara və Baltik dənizlərində fəal eksponsiyanist siyasət yürütməyə başlayıb. NATO qoşunlarının Baltikyanı ölkələrin Rusiya ilə sərhədlərində təlimlər keçməsi, bu blokun hərbi gəmilərinin Qara dəniz sularında görünməsi, qonşu Gürcüstanda NATO-nun Təlim Mərkəzinin açılması onun hələ də özünə əsas rəqib hesab etdiyi Rusiyaya qarşı "Anakonda strategiyası"nın (Yəni rəqibin hərtərəfli həlqəyə alınıb mühasirə vəziyyətində saxlanılması) həyata keçirilməsi niyyətindən xəbər verir.

NATO-nun qlobal siyasəti və Azərbaycan

Hazırda NATO Atlantizmin qlobal eksponsiyanist siyasətində əsas rol oynayan hərbi-siyasi təşkilatdır. Bu qurum soyuq müharibə reallıqlarının yenidən cızılması ilə fəal sürətdə məşğul olur. Belə ki, daima SSRİ ilə ənənəvi yaxşı münasibətlərə malik olan Qəddafinin məhv edilməsi Rusiyanın Afrikadakı nüfuzunu son dərəcə zəiflətmiş oldu. Bununla NATO eyni zamanda Liviyada böyük biznes imkanları olan Çini də həmin ölkədən sıxışdırıb çıxara bildi. Bu hal bir daha sübut edir ki, NATO tək Rusiyaya deyil, eyni zamanda Çin kimi qüdrətli rəqibə qarşı da dünyanın istənilən regionunda mübarizə aparmasına qadirdir. Çox böyük ehtimalla Yaxın Şərqdə baş verən hazırkı münaqişənin yekununda NATO qoşunları Qərbin İslam dünyasında yaradacağı yeni düzənin əsas keşikçisi olacaq. NATO-nun İslam dünyasındakı oynadığı və bundan sonra oynaya biləcəyi siyasət Azərbaycanın İslam ölkəsi olması nöqteyi nəzərindən də həssas məsələ kimi diqqətdən qaçmamalıdır. Nəzərə alaq ki, NATO-nun Azərbaycana baxışı həm də qeyd etdiyimiz istiqamətdəndir. Digər istiqamət isə Azərbaycanın keçmiş kommunist ölkəsi olması və hazırda postsovet məkanında yerləşməsidir ki, bu amil NATO-nun diqqətindən yayınmır. Doğrudur, Azərbaycan NATO-ya bir növ alternativ olaraq Rusiya tərəfindən yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, əksinə Azərbaycanın əsas düşməni olan Ermənistan bu təşkilatın fəal iştirakçısıdır. Bununla yanaşı Azərbaycanla qardaş və dost, eyni zamanda NATO üzvü olan Türkiyə ilə sərhəddə Rusiyanın hərbi bazası yerləşmişdir. Bu Ermənistanın regional təhlükəsizliyə nəinki təhdid yaratdığı, hətta öz ərazisindən NATO dövlətinə qarşı platsdarm kimi istifadəyə imkan verməsinin göstəricisidir. Azərbaycanın digər qonşusu Gürcüstan isə bunun tam əksinə olaraq NATO ilə geniş əməkdaşlığa qucaq açaraq, hətta burada təşkilatın Təlim Mərkəzinin fəaliyyətinə şərait yaratmışdır. Bu sadalanan faktlar Azərbaycanı çətin seçim qarşısında qoysa da ümummilli lider Heydər Əliyevin müdrik uzaqgörənliyi sayəsində mövcud olma qabiliyyətini sübuta yetirmiş siyasət Azərbaycanı digər qonşularından fərqli olaraq məcaralara – avanturizmə yuvarlanmasına imkan vermədi və indi də buna zəmin yaratmır. Bu siyasət o qədər dərindən düşünülmüş və zamanın tələbinə, hətta, zamanın fövqündə duran bir strategiyadır ki, azərbaycanlılar ölkədə sabitliyin qorunub saxlanmasına görə, bu siyasətin müəllifi olan Heydər Əliyevə minnətdar olmalıdırlar. İşğalçı Ermənistan istisna olmaqla heç bir dünya ölkəsi ilə münaqişə vəziyyətində olmayan ölkəmiz beynəlxalq siyasətdə söz sahibi olaraq nüfuzunu getdikcə artırmaqdadır. Bütün bunların nəticəsi olaraq, Azərbaycan beynəlxalq siyasətin geostrateji obyektindən, onun nüfuzlu subyektinə çevrilmişdir. Halbu ki, yuxarıda da qeyd etdiyimiz kimi demək olar ki, bütün post-sovet ölkələri bu və ya digər dərəcədə NATO-Rusiya arasında manevr edərək, seçim etməli olmuş, lakin edilən seçim heç də birmənalı şəkildə bu ölkələrin uğur qazanaraq, rifah əldə etməsi ilə nəticələnməmişdir. Belə ki, təcavüzkar Ermənistan beynəlxalq aləmin nəzərində regional sülh və sabitliyə ən böyük təhlükə yaradan (BMT-nin Azərbaycan ərazilərinin işğalı ilə bağlı məlum qətnamələrinin məntiqi analizi bunu sübut edir), Rusiya və İranın for-post ölkəsi statusundan uzağa gedə bilməmişdir. Buna misal olaraq, post-sovet ölkələrindən Ukrayna Krımı itirmiş, ərazisinin müəyyən hissəsi ilhaq edilmiş, əhalisi çətin şərtlər altında yaşamaq məcburiyyətində qalmış, Donetsk və Luqansk vilayətlərində isə açıq-aşkar separatizm meyilləri baş qaldırmışdır. Gürcüstan isə nəinki Abxaziyanı və Cənubi Osetiyanı geri qaytarmış, əksinə dərin geosiyasi ziddiyyətlərlə üz-üzə qalmışdır. Azərbaycanın siyasəti bu nöqteyi nəzərdən doğurdan da unikaldır. Dünya siyasətində çox az ölkəyə müəssər olmuşdur ki, həm öz etnik kökünə sadiq qalsın (məsələn, qardaş Türkiyə və Orta Asiyanın türkdilli ölkələri ilə yaxın əlaqələr), həm dini etiqadına sədaqət nümayiş etdirsin (bu yaxınlarda İslam Həmrəylik oyunlarının keçirilməsi, İslam mədəniyyətinə aid abidələrin qorunub saxlanılması, yüzlərlə yeni belə məscidlərin inşası), həm ümumbəşəri dəyərlərə bağlılığı ilə nümunə olsun (multikultralizm), həm də mürəkkəb geosiyasi ziddiyyətlərdən xeyli uzaq ola bilsin. Bundan başqa bütün bunlarla yanaşı yerləşdiyi bölgənin lider dövlətinə çevrilməklə, qlobal regional və beynəlxalq layihələrin fəal təşəbbüscüsü və iştirakçısı olsun.
Bu deyilən amillər Azərbaycanın beynəlxalq aləmdə çoxşaxəli siyasət yürütməsinə təkan verməklə, bir sıra təşkilatlarla, o cümlədən NATO ilə əlaqələrdə onu əvəzsiz tərəfdaşa çevirir.

Azərbaycanın NATO siyasəti: Faktlar

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-NATO əməkdaşlığının strateji səviyyəyə yüksəlməsini daim yüksək qiymətləndirmiş və bu nüfuzlu qurumun mənzil-qərargahına dəfələrlə səfər etmişdir.
"Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb", - deyən İlham Əliyev Azərbaycanın NATO siyasəti ilə bağlı rəsmi Bakının konkret mövqeyini nümayiş etdirib.
NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussen və hazırkı Baş katibi Yens Stoltenberq də öz çıxışlarında Azərbaycanla bu hərbi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, əlaqələrin uğurla davam etdirildiyini bildiriblər. Hətta Rasmussen Azərbaycanı Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkə adlandırıb. Bütün bunlar Azərbaycan - NATO əməkdaşlığının yeni mərhələyə qədəm qoyması son illər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin bariz nümunəsidir.
Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması ilə başladı. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı.
1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradıb. NATO enerji təhlükəsizliyi ilə birbaşa məşğul olan təşkilat olmasa da, bu məsələ Azərbaycan-NATO məsləhətləşmələrinin bir hissəsidir.
Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri bu müddətdə NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. 2004-cü ilin may ayında Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə birləşdirən FTƏP Təqdimat Sənədi Alyansa təqdim olunub.
2005-ci ilin oktyabr ayında Prezident İlham Əliyev Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib. Bununla da Azərbaycanla Alyans arasında əməkdaşlığın yeni mərhələsi başlayıb.
NATO ilə Azərbaycan arasında olan bu əməkdaşlığa əsasən ölkəmizin Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar uğurla gerçəkləşdi. Həmçinin hərbçi kadrların yetişdirilməsində də NATO standartları əsas götürülür.
Azərbaycan Avratlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Hərbi dəstəkdən başqa Azərbaycan NATO-nun fəaliyyətinə siyasi və logistik dəstək verir. Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı da məhz NATO ilə əməkdaşlığın mühüm göstəricisidir.
1997-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb. 1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Silahlı Qüvvələrimizin sülhməramlı taqımı Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci ilə dək isə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib.
2002-ci ilin noyabrından isə Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci ildən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. Bu gün də Azərbaycan sülhməramlıları Əfqanıstanda öz missiyalarını həyata keçirməkdə davam edirlər.

Ramil Məmmədli
"AzeriDefence" hərbi-texnoloji saytın redaktoru

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"