Bakıda MDB ölkələrinin sessiyası keçirilir Siyasət

Bakıda MDB ölkələrinin sessiyası keçirilir

Dünən Bakıda MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası öz işinə başlayıb.
MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının Bakı sessiyasında 7 ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbiri açaraq sessiyanın məqsədi, mövzusu barədə məlumat verərək ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışıb.
MDB İcraiyyə Komitəsi tərəfindən Mamutbekov Jaras Madyarxanulu tədbir iştirakçılarına müraciət edərək MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının sessiyalarının, üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən və ali audit qurumlarının gələcək fəaliyyətində rolundan bəhs edib, sessiyanın işinə uğurlar arzulayıb.
Eyni zamanda MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Şurasının sədri olan Vüqar Gülməmmədov MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun XVI və XVII Sessiyaları arasındakı müddətdə fəaliyyəti haqqında və MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Standartlarının hazırlanması üzrə İşçi Qrupunun Fəaliyyəti haqqında da məruzə edib.
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılıb. MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasına 9 ölkənin Ali Audit Qurumu daxildir. Şuranın yaradılması MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial-iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli bilik və təcrübə mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti olaraq kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması məsələləridir.
Azərbaycan Hesablama Palatası 2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.
MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVI sessiyası "MDB-yə üzv olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya" mövzusu üzrə ötən il iyunun 7-8-də Minsk şəhərində keçirilib, növbəti XVII sessiyaya Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi və sədrlik etməsi ilə bağlı qərar qəbul olunub.
Sessiya öz işini sentyabrın 6-da davam etdirəcək.
Əlavə edək ki, tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Qonaqlar bunun ardınca Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.