“Tehranın Türkiyə və Azərbaycana qarşı olan siyasəti bu məsələdə çox da ümid vermir” Siyasət

“Tehranın Türkiyə və Azərbaycana qarşı olan siyasəti bu məsələdə çox da ümid vermir”

Nazim Cəfərsoy: "İranın son dövrdəki münasibətləri daha çox görüntü xarakteri kəsb edir"

"Öz ölkəsində türklərin vəziyyəti, Azərbaycan türkləri, qaşqay və türkmənlərə münasibət kontekstində kifayət qədər problemli olan Tehranın İraqda Türkmənlərə öz haqlarının verilməsi məsələsində tutacağı mövqedən çox da ümidli olmaq lazım deyil". Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri müavini, politoloq Nazim Cəfərsoy belə deyib. Onun sözlərinə görə, Tehranın Türkiyə və Azərbaycana qarşı olan siyasəti də bu məsələdə çox da ümid vermir: "Tehranın hər iki ölkəylə son dövrdəki münasibətləri daha çox görüntü xarakteri kəsb edir. İraq mərkəzi höküməti ilə məzhəbi bir paradiqmanın məhsulu olan İran mərkəzli Haşdi Dabağı də eyni vəziyyətdədir. İkincisi, İraq məsələsində başqa bir söz sahibi olan və bu ölkədə əsas aktyor rolunu oynayan Birləşmiş Ştatların da türkmənlər qarşı olan münasibəti də kifayət qədər problemlidir. Bərzaniyə verilən dəstək və Türkiyə ilə münasibətlərdəki gərginlik də belə deməyə əsas verir. Lakin onu da etiraf etmək lazımdır ki, regionda Birləşmiş Ştatların ciddi mövqe uğursuzluğuna düçar olduğu və İran-Rusiya müttəfiqliyinin qarşısında bir qədər zəif göründüyü də aşkar şəkildə müşahidə olunur. Belə bir şəraitdən Birləşmiş Ştatlar və onun bölgə siyasətində kifayət qədər fəal tərəfdaşı olan, müttəfiqi sayılan İsrailin, eləcə də regionda ərəblərin liderliyinin önündə olmağı hədəfləyən Səudiyyə Ərəbistanının da bundan heç məmnun olmadığı çox aşkar şəkildə ortadadır". Nazim Cəfərsoy deyir ki, cərəyan edən proseslər Türkiyə üçün əhəmiyyətli hesab oluna bilər. Belə ki, Ankaranı ciddi cəhdlə Yaxın Şərqdəki proseslərdən uzaqlaşdırmağa çalışan Birləşmiş Ştatlar və Qərb indiki halda Türkiyənin gücünü daha dərindən dərk edə biləcəklər. Politoloq deyir ki, eyni zamanda, Qərbin dəstəyi ilə oyuna qoşulan Bərzani də Türkiyənin həm gücü, həm də əhəmiyyətini yenidən kəşf etmiş olacaq: "Bu proseslər fonunda Türkiyənin Türkmən faktoruna strateji bir ölçü qazandırması və regional tarazlıqlarda bu faktorun əhəmiyyətini qəbul etdirməsi lazımdır. Əgər kifayət qədər ağıllı və qətiyyətli bir mövqe ortaya qoyulsa, o halda İranın daim güclənməsi faktı qarşısında Türkiyə Vaşinqton, Təl-əviv və Ər-Riyadın nəzərində öz tezislərini daha çox qəbul etdirmək imkanı qazanacaq". Politoloq qeyd edib ki, müasir dövrdə, regional aləmdə baş verən proseslərdə, xüsusilə də Yaxın Şərq məsələsində Türkiyə amilinə lazımi dərəcədə əhəmiyyət vermək lazımdır. Onun sözlərinə görə, Türkiyəyə lazım olan əhəmiyyətin verilməsi, onun Yaxın Şərqdə bir güc olaraq varlığının qəbul edilməsi, yeri gələndə regional bağlı bəzi məsələlərdə Ankara ilə hesablaşmaq Vaşinqton, Təl-Əviv və Ər-Riyad üçün də əhəmiyyətli ola bilər.