“Ermənistan Şərq Tərəfdaşlığında Rusiyanı təmsil edir” Siyasət

“Ermənistan Şərq Tərəfdaşlığında Rusiyanı təmsil edir”

"Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ilə Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanması Ermənistana heç bir üstünlük verməyəcək. Əslində bu, hərtərəfli dilənçilik sənədidir. Reallıqda Ermənistanın Avropaya heç bir töhfə vermək imkanı yoxdur".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib. Onun sözlərinə görə, ermənilər bu sənədə əsaslanaraq, guya avropalaşmağa başladıqları ilə bağlı görüntü yaradacaqlar: "Həm də bunun müqabilində gedib oradan-buradan özləri üçün pul istəyəcəklər. Əvvəllər ildə 30-40 milyon avro alırdılar, indi bundan sonra bəlkə 70-80 milyon avro pul qopara biləcəklər. Bundan artıq heç nə yoxdur orada".
Millət vəkilinin fikrincə, rəsmi İrəvanın belə bir siyasi oyun oynaması və Avropaya meyllilik nümayiş etdirməsi Rusiyanı narahat edir.
Azərbaycana gəlincə, Rasim Musabəyov deyib ki, ölkəmiz üçün Avropa İttifaqı çox vacib bir tərəfdaşdır: "Xarici ticarət dövriyyəmizin, demək olar ki, yarısı Avropa İttifaqının payına düşür. Cənub Qaz Dəhlizinin Avropa üçün çox böyük əhəmiyyəti var. Azərbaycan həm Avropa üçün, həm də özü üçün çox vacib nəqliyyat layihələri həyata keçirir. Azərbaycan səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Avropa İttifaqı ilə əlaqələri genişləndirmək niyyətindədir. Azərbaycan bunu yuxarıdan aşağı bir münasibət kimi deyil, bərabərhüquqlu tərəfdaşlıq, fayda verən layihələr əsasında qurmaq niyyətindədir".
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də isə deyib ki, sözügedən saziş Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq oyunlarının tərkib hissəsidir: "Ermənistan bir tərəfdən Rusiyanın hərbi blokunun üzvüdür, Avrasiya İqtisadi İttifaqının üzvüdür, eyni zamanda, Avropa ilə də bu oyunları oynayır. Ermənistan öz siyasəti ilə növbəti dəfə beynəlxalq ictimaiyyəti demək olar ki, fərqli bir müstəviyə çəkir. "Ermənistan müstəqil dövlət deyil. Ermənistan demək olar ki, Şərq Tərəfdaşlığında Rusiyanın təmsilçiliyi funksiyasını daşıyır".
Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakını isə yüksək qiymətləndirib: "Azərbaycanın Avropa İttifaqı ilə çox ciddi, çoxşaxəli tərəfdaşlıq proqramları var. Azərbaycan Avropa İttifaqını həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə tərəfdaş görür. "Bu əməkdaşlığı genişləndirəcək qarşılıqlı maraqlar göz önündədir, enerji, nəqliyyat, mədəniyyət, təhsil sahələrində maraqlar var. Əminəm ki, bu əməkdaşlıq həm Avropa İttifaqının, həm də Azərbaycanın xeyrinə işləyir. Düşünürəm ki, Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişini imzalayacaq və çoxşaxəli əməkdaşlıq daha da güclənəcək".