Duqin nə demək istəyir? Siyasət

Duqin nə demək istəyir?

Elçin Mirzəbəyli

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksand Duqinin açıqlamalarına kompleks şəkildə yanaşmaq lazımdır. Yalnız 5 rayonun qaytarılması ilə bağlı məsələyə diqqət çəkəndə Duqinin nə demək istədiyi aydın olmur.
Duqin deyir ki, Rusiya özünün qlobal geosiyasi maraqlarını Ermənistan kimi lokal təsisat üçün qurban verməməlidir.
Sitat: "Prezident İlham Əliyev özünü prosesləri diqqətlə izləyən siyasi lider kimi nümayiş etdirir və dünyada baş berən dəyişikliklərdə fəal mövqe tutmağa çalışır. İlham Əliyev 2017-ci ildə sübuta yetirdi ki, o, siyasətin obyekti deyil, subyektidir. O cümlədən İlham Əliyev Rusiyanın Türkiyə və İranla yaxınlaşmasında əhəmiyyətli rol oynadı. Yeni strateji məhvərin yaranmasında onun böyük xidmətləri oldu. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi dayaq mərkəzinə, huba çevrilir və onun regional siyasətdəki rolu gündən-günə artır. Bakı xüsusi aksiyaların ev sahibinə çevrilir, Ermənistan isə əyalətdə qalır. Ermənistana təcili olaraq artıq yola düşmüş qatara oturmaq lazındır. Bu zaman İrəvan regionun geosiyasətində layiqli yerini tuta bilər. Bu prosesdə hər kəs qazanc əldə etməlidir".
Duqinin qənaətinə görə 2018-ci il həm Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, həm də çoxqütblü dünyanın yaranmasında həlledici olmalıdır: "Hesab edirəm ki, Azərbaycan buna – regiondakı statusunun yüksəlməsinə hazırdır. Bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Hansı ki, qismən də olsa Azərbaycanın özü potensialını daha qabarıq şəkildə büruzə verməsinə maneə yaradır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq".
Duqinin sözlərinə görə bütün münaqişələrin tənzimlənməsinin təməlində iki mərhələ dayanır - nəzəri həllin tapılması və təcrübədə həyata keçirilməsi: "Nəzəriyyədə irəliləyiş bir il öncə baş verib. Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması ilə bağlı qərar 2016-cı ilə hazırlanıb. Bu həllin nəzəri paradiqması münaqişə tərəflərini də, region dövlətlərini də, qərbi də qane edir. Razılaşmaların həyata keçirilməsini, əsasən Ermənistan ləngidir. Serj Sarkisyan hər dəfə bu razılaşmanın həyata keçməsini uzadır. Rusiya Ermənistanı ata bilməz. Ermənistan bizim müttəfiqimizdir və bu şübhə doğurmayan yanaşmadır. Lakin məsələ ondadır ki, biz öz qlobal geosiyasi maraqlarımızı da Ermənistan kimi lokal təsisata qurban verə bilmərik. Biz Ermənistanın suverenliyinin saxlanılmasına, müstəqilliyinin qorunmasına, erməni milli kimliyinin mühafizə olunmasına zəmanət veririk və bizim dövlət maraqlarımıza uyğundur. Amma digər tərəfdən Ermənistan bizim Türkiyə və Azərbaycanla münasibətlərimizdə əngələ çevrilməməlidir. Burda hər kəs başa düşməlidir ki, geosiyasətdə ərazi mübahisələrindən daha böyük məsələlər var.
2018-ci ildə Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçiriləcəyini deyən Duqinə görə, 5 rayonun qaytarılmasının tarixi əhəmiyyəti seçki mübarizəsindən dəfələrlə önəmlidir. Onun qənaətinə görə, tənzimləmə prosesinin uzadılması vəziyyəti nəzarətdən çıxara bilər: "Bu səbəbdən də hesab edirəm ki, 2018-ci ildə Dağlıq Qarabağ ətrafındakı 5 rayon Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə danışıqlar prosesində əldə olunan nəticələri və buna sərf olunan əməyi unutmaq lazım gələcək. Bu fakt Moskvanın Azərbaycanla gözlənilən yaxınlaşmasına, Moskva ilə Bakının Qafqazda, Xəzər bölgəzində və Yaxın Şərqdəki ortaq siyasətinə təsir göstərə biləcəyindən Rusiya üçün heç də xoş olmayacaq. Bizim münaqişənin həlli ilə bağlı təşəbbüslərimiz isə kənardan gülünc görünəcək. Buna görə də razilaşmanın rellaşmasına maksimum səy göstərməliyik".
Duqin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin reallaşması prosesinin başlaması Rusiya ilə Azərbaycanın inteqrasiya prosesini sürətləndirəcək: "Bu isə heç də Azərbaycanın birbaşa Avrasiya İqtisadi İttifaqına və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması anlamına gəlməməlidir. Bu daha çox Rusiyanın Ermənistan və Azərbaycanla olan münasibətlərindəki struktur prosesində dəyişiklik - əlaqələrin tənzimlənməsi anlamına gəlməlidir".
Duqunin sözlərinə görə, Rusiya müstəqil və tamhüquqlu oyunçu kimi siyasət yürüdən Azərbaycanın suverenliyində və müstəqilliyində maraqlıdır: "Bizim üçün Rusiya yönümlü Azərbaycan da maraqlı deyil. Bizə Azərbaycan yönümlü Azərbaycan lazımdır. Azərbaycanın güclənməsi isə bizim İran və Türkiyə ilə münasibətlərimizin güclənməsi deməkdir. Bütün hallarda Bakı Moskva-Ankara-Tehran ücbucağına açılan streteji qapıdır. Bakı bu ittifaqda əsas daşıyıcı dayaq mərkəzidir. Geosiyasi paylar çox yüksəkdir, buna görə də ardıcıl hərəkət etməmiz lazımdır".
Göründüyü kimi Duqin 5 rayonun Azərbaycana qaytarılması məsələsinə münaqişənin beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həlli müstəvisindən deyil, Rusiyanın geosiyasi maraqları kontekstindən yanaşır. Rusiya Moskva-Ankara-Tehran geosiyasi məhvərini gücləndirməklə qlobal geosiyasi qütbə çevrilmək istəyir. Bunun üçünsə ona Moskvanın Ankara və Tehranla münasibətlərində təkcə coğrafi faktor kimi deyil, həm də etnososial, etnomədəni hub funksiyasını yerinə yetirən Azərbaycan lazımdır. Duqin 5 rayonun qaytarılmasından sonrakı prosesi dilə gətirmir. Sadəcə 5 rayondan danışır və bunun qarşılığında gerçəkləşəcək geosiyasi qütbün önəmini irəli çəkir. Nəzəri baxımdan, Duqinin Bakının geosiyasi rolu ilə bağlı fikirlərini və bu rolun daha da artacağı ehtimalını diqqətə çatdıran fikirlərini nəzərə alsaq, o zaman 5 rayonun qaytarılması Azərbaycan üçün olduqca əlverişli görünür. Lakin Duqin Ermənistanın bu prosesdə hansı rola sahiblənəcəyindən danışmır. Sadəcə artıq yola düşmüş qatarda "layiqli yer" tutacağını deyir. Yəni Duqin prosesin Azərbaycanla bağlı hissəsindən söhbət açır. O zaman vacib bir sual çıxır ortalığa: Ermənistanın "layiqli yeri" nədən ibarətdir? Bu "layiqli yer"in sərhədlərinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər 2 rayon daxildir ya yox?
Duqinin açıqlamasında Azərbaycanla yanaşı Ermənistanla bağlı perspektiv planlar yer almadığı üçün onun fikirləri obyektiv təhlildən daha çox Azərbaycanın ictimai rəyinə yönəlmiş təbliğat xarakterli ismarış təsiri bağışlayır.
Duqin hələ formalaşmamış Moskva-Ankara-Tehran geosiyasi məhvərindən danışır, amma hazırda mövcud olan və bizim "qərb" adlandırdığımız qlobal geosiyasi gücdən söhbət açmır. Şübhəsiz ki, Duqinin ehtimallarında yer alan yeni geosiyasi qütbün formalaşması prosesinə Qərb əllərini aşağı sallayıb tamaşa etməyəcək. Azərbaycanın bütün strateji layihələri qərb geosiyasi qütbünün enerji təhlükəsizliyi platforması üzərində qurulub. O zaman bu layihələrin taleyi necə olacaq?
Əslində Duqinin fikirləri ilə bağlı təhlil edilməsi vacib olan məqamlar çoxdur. Təəssüf ki, bu məqamların hamısını açıq şəkildə etmək, yaxud bu ətrafda müzakirə açmaq ictimai rəydə yanlış təəssüratların yer almasına səbəb ola bilər.
Bu səbəbdən də, belə açıqlamalara kompleks şəkildə, həm də ehtiyatla yanaşılmasının tərəfdarıyam. Elə etmək lazımdır ki, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə ölkənin gündəmini Duqinin, yaxud başqa birisinin fikirləri müəyyənləşdirməsin.