“Azərbaycan uzun müddət belə ritorikaya dözməyəcək” Siyasət

“Azərbaycan uzun müddət belə ritorikaya dözməyəcək”

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı qurumda bir neçə gün əvvəl etiraz aksiyaları olub. Xankəndi şəhərində ermənilər mərkəzi prospekti bağlayaraq güc strukturları rəhbərlərinin istefasını tələb ediblər.
Buna səbəb isə "milli təhlükəsizlik xidmətinin" xüsusi dəstə üzvləri tərəfindən iki sakinin döyülməsi olub. BBC-nin yazdığına görə, hadisə yerində olan polislər nəinki laqeydlik göstərib, hətta zərər çəkənləri polis idarəsinə aparıblar.
Bəzi etiraz aksiyası iştirakçıları bunun separatçı rejimin "Milli Təhlükəsizlik Xidməti" əməkdaşları tərəfindən sakinlərə qarşı ilk "zorakılıq və təxribatçılıq" hərəkəti olmadığını bildirirlər.
Hadisə yerinə gələn separatçı qurumun nümayəndələri etirazçılarla görüşüb. Ardınca isə Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan bir qrup etirazçını qəbul edib. Erməni mətbuatının yazdığına görə, görüşdə baş vermiş hadisələrlə bağlı bir sıra məsələlərin müzakirə edilib. Saakyan günahkarların cəzalandırılacağını deyib.
Dünən artıq separatçı qurumda bir sıra istefalar olub. Belə ki, "dövlət naziri" Araik Arutyunyan , "polis rəisi", general mayor Kamo Ağacanyan, milli təhlükəsizlik xidmətinin direktoru Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan istefa veriblər.
Əslində, burada başqa bir maraqlı məqam diqqətdən yayınmamalıdır. Bu da baş nazir Nikol Paşinyanın Bako Saakyanı separatçı qurum rəhbərliyindən uzaqlaşdırmaq istəyidir. Hadisələr İrəvanda baş verənləri xatırladır. Yəni Paşinyan Sarkisyanın baş nazir seçilməsinə qarşı etirazlara başladı, əvvəl daha sönük görünən aksiyalar sonradan kütləvi hal aldı və nəhayət, Sarkisyan istefa verməyə məcbur oldu. Paşinyan isə ikinci cəhdən sonra, yəni mayın 8-də baş nazir seçildi.
İndi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaradılmış separatçı qurumda da istefa tələbləri irəli sürülür. Hələ ki, güc strukturları rəhbərlərinin istefası tələb olundu. Daha sonra separatçıların lideri Saakyanın istefasının tələbinin də gündəmə gəlməsi istisna deyil. Ən azı ona görə ki, Paşinyan Qarabağda Serj Sarkisyanın əsas adamının olmasını istəmir. Şübhəsiz ki, bunu özü üçün təhlükəli məqam hesab edir. Və Qarabağ klanını tamamilə dağıtmaq niyyətindədir.
Azərbaycan ərazilərində yaradılmış separatçı qurumda baş vermiş etirazlar rusiyalı ekspertlər tərəfindən də şərh olunmaqdadır.
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov "Bakı-Moskva" saytına bildirib ki, işğal edilmiş Dağlıq Qarabağdakı etirazların səbəbi ilk növbədə, sosial-iqtisadi vəziyyətin doğurduğu narazılıqla bağlıdır.
Onun sözlərinə görə, işğal olunmuş ərazilər blokadadır və depressiv bir vəziyyət hökm sürür: "Əlbəttə ki, Ermənistanda baş verən son proseslər də Qarabağdakı əhval-ruhiyyəyə təsirini göstərib. Erməni xalqı Serj Sarkisyanı baş nazir vəzifəsindən uzaqlaşdırdı, Dağlıq Qarabağ da oxşar hərəkətlərdən "ilhamlanıb".
Sergey Markovun sözlərinə görə, işğal olunmuş ərazilərdə müşahidə olunan proseslər Azərbaycanla hərbi qarşıdurmada, danışıqlar məsələsində Ermənistanın mövqeyini zəiflədəcək.
Markov bildirib ki, xarici işlər naziri Mnatsakanyanın və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin Dağlıq Qarabağ münaqişəsi üzrə separatçıların danışıqlara cəlb edilməsi ideyasını irəli sürmələri danışıqlar prosesini uzatmaq cəhdini güdür: "Ermənistan bununla Azərbaycanı danışıqların başlanğıcına qaytarır. Daha əvvəlki bütün danışıqlarda əldə edilənləri ləgv edir".
Markov onu da vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı icmasının və işğal olunmuş digər ərazilərindən qovulmuş şəxslərin danışıqlara qoşulması üçün ciddi şərt irəli sürə bilər".
Lomonosov adına Moskva Dövlət Universitetinin beynəlxalq təhlükəsizik kafedrasının dosenti Aleksey Fenenko isə vurğulayıb ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində etirazların baş verməsinin iki səbəbini göstərmək olar: "Birincisi, əlbəttə, bu, Ermənistandakı hadisələrin əks-sədasıdır. Ermənistanda hakimiyyətə yeni rəhbərlik gəlib ki, bu da əvvəlki hökumətin Qarabağdakı tərəfdarlarını dəyişmək istəyir. Nikol Paşinyan Serj Sarkisyanın intiqam almaq üçün Qarabağdan baza kimi istifadə edə bilməsini önləmək üçün separatçı qurumun rəhbəri Bako Saakyanı dəyişmək istəyir. İkincisi, Dağlıq Qarabağdakı ermənilər sanki yorulublar və həyatlarında yeni bir perspektiv axtarırlar".
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın danışıqlarda guya son söz deməli olmasına dair Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasıı şərh edən politoloq bunu təhlükəli çağırış adlandırıb. Onun sözlərinə görə, bu təhlükəli yanaşmadır və 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmanı məhv edir:
"Mnatsakanyanın ifadələrinin arxasında düşünülmüş bir oyun var. Erməni rəhbərliyi aşağıdakıları istəyir: Qarabağ ətrafında idarəedilən bir böhran yaratmaq və Rusiyanın qarşısında Qarabağ üçün mübarizə edəcək və ya etməyəcək məsələsini qaldırmaq. Əgər Rusiya yox deyərsə, onda Ermənistanın məntiqinə əsasən NATO ilə tərəfdaşlıq qurmağa mane qalmayacaq".
Politoloqun sözlərinə görə, Azərbaycan uzun müddət belə ritorikaya dözməyəcək: "Təbii ki, Azərbaycan belə təkliflərə dözməyəcək. Ona sadəcə 25 il bundan əvvəl danışıqlar mərhələsinə qayıtmaq təklif olunur. Ermənistan isə NATO ilə əməkdaşlığı genişləndirmək üçün fürsət axtarır və bu, sərfəlidir".
Ekspert hesab edir ki, belə bir yanaşma sülh danışıqları prosesinə heç bir şeyə gətirə bilməz. "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq bəyan edib ki, Ermənistan tərəfinin bu cür açıqlamaları sülh danışıqlarını dalana dirəyir. Hesab edirəm ki, yekunda 2016-cı il aprelin müharibəsinin ssenarisi inkişaf edə bilər, bu da xoşagəlməz perspektivlər deməkdir".
Fenenko onu da vurğulayıb ki, Gürcüstanda və Ermənistanda etiraz aksiyaları baş verdiyi günlərdə Azərbaycanda sabitlik diqqəti cəlb edir. "Azərbaycan regionda daha sabit siyasi və iqtisadi sistem qurmağa nail olub. Hesab edirəm ki, indi Rusiya Azərbaycanla maksimal dərəcədə əməkdaşlığı inkişaf etdirməyə çalışacaq, hansı ki indi Ermənistanın üzünü Qərbə çevirməsi düşüncələri artmaqdadır".