"PYD/YPG erası bitib” Dünya

"PYD/YPG erası bitib”

Əhməd əş-Şəraa Kobani şəhərindən olan on beş nüfuzlu kürd ictimai xadimi ilə qapalı görüş keçirib.
Bildirilir ki, görüşdə Suriya Demokratik Qüvvələrinin tərəfdarları və əleyhdarları da daxil olmaqla, müxtəlif siyasi cərəyanlara mənsub kürd nümayəndələr iştirak edib. Görüş zamanı Suriya lideri kürdlərin mülki və mədəni hüquqlarının tanınması ilə bağlı yaxın zamanda elan etdiyi bəyannamənin tam icrasının vacibliyini vurğulayıb. O, bütün kürdlərlə əməkdaşlığa hazır olduğunu qeyd edib və dəfələrlə onların hüquqlarının yeni Suriya dövləti tərəfindən qorunacağına zəmanət verib.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu bildirib ki, ABŞ hökumətinin dəstəyi və iştirakı ilə Suriya hakimiyyəti kürdlərə bir sıra haqq və hüquqlar verib: “O cümlədən, kürd dilinə rəsmi status verilib, kürd bayramları, Novruz rəsmi tətil elan olunub, məktəblərdə kürd dili tədris olunacaq və s. Habelə, kürdlər Suriya ordusuna inteqrasiya edəcək, Mazlum Abdi müdafiə nazirinin müavini təyin olunacaq. Əvəzində kürdlər muxtariyyətdən imtina edib, bölgəni təslim etməlidir”.

Araşdırmaçı əlavə edib ki, amma hələlik kürdlər, daha doğrusu, SDQ dirənir, Avropa və ABŞ-dəki müttəfiqlərindən dəstək almağa çalışır: “İndi Amerika konqresmenləri kürdlərə dəstək üçün imza toplayır. Prosesi uzadırlar. Buna görə də Dəməşq SDQ-dən kənar kürd ictimai xadimləri ilə görüşüb onları əməkdaşlığa cəlb etməyə çalışır. Güman edirəm ki, kürd rayonlarına bu cür kürd əsilli şəxslər təyin olunacaq, bununla da kürdləri bölməyə çalışacaqlar. Amma ümumiyyətlə, kürdlərin artıq manevr imkanı yoxdur. Suriya ordusu güman ki, tezliklə, bütün şimal-şərq regionunu nəzarətə götürəcək. Artıq SDQ, yəni PYD/YPG erası bitib”.

Röya İsrafilova