
“Çinlə Kanadanın yaxınlaşması Amerikaya mənfi təsirlər vəd edir və təsadüf deyil ki, ABŞ nümayəndələri də bu barədə açıq-aşkar öz neqativ fikirlərini bildirirlər”.
Bu fikirləri politoloq Tofiq Abbasov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib
Onun sözlərinə görə, bu prosesin arxasında Donald Trampın öz siyasəti durur. Faktiki olaraq, Tramp hazırda Venezuela ilə bağlı güc əməliyyatına üstünlük verir, İrana isə hücum etmək niyyətindədir: “Bunların hamısı geosiyasi sahədə baş verən müharibələrdir.
Trampın ilk başladığı müharibə isə iqtisadi müharibə idi. Tarif siyasəti ilə ABŞ xoşuna gələn ölkələrə qarşı tarifləri azaldır, xoşuna gəlməyənlərdən isə tələbkarlıqla tariflərin artırılmasını gündəmə gətirir. Bu prosesdə Trampın iddialı yanaşması əks reaksiyalar doğurur. Hətta birinci prezidentlik dönəmində Tramp Kanadaya münasibətdə demişdi ki, görürsünüz, ölkələrimiz iqtisadi potensial baxımından fərqlidir, amma ticarət balansı Kanadanın xeyrinədir və bu düzgün deyil. Ona görə də tariflərə yenidən baxacağını və ABŞ üçün əlverişli ticarət şəraiti yaratmağa çalışacağını bildirdi və faktiki olaraq buna əməl edir.Trampın Kanada ilə münasibətlərində gərginlik iki istiqamətdə nəzərə çarpır: Birincisi, rəsmi Vaşinqton Kanadanın ABŞ tərkibinə keçəcəyi barədə fikir irəli sürüb ki, bu artıq ilhaq təhlükəsi anlamına gəlir; ikincisi, iqtisadi zəmində Kanada üçün ABŞ rəhbərliyi əlverişsiz şərait yaradır və Kanadaya xəbərdarlıq edir ki, istənilən dəyişiklik qarşısında müqavimət göstərməsin. Dünya nizamı belə bir tərzdə yarana bilməz. Gücdən istifadə etməklə və təzyiqləri artırmaqla gərginlik ocaqları yaranır. Misal üçün, Avropanın özü ilə ABŞ arasında da böyük gərginlik müşahidə olunur. Trampın birinci prezidentlik dönəmində Emmanuel Macron Avropanın öz birləşmiş ordusunu yaratmalı olduğunu bildirmişdi, çünki Amerika təhlükəsizlik çətirini Avropanın üzərindən çəkmək üzrə idi. Tramp isə danışıqlarda, xüsusən Ağ Evdə Macronla münasibətlərdə aşağılayıcı ifadələr və hərəkətlər göstərmişdir. O açıq şəkildə göstərir ki, dünyanın ən güclü ölkəsinin lideri kimi başqalarına rəva olmayanı özünə rəva bilər və bunu da bilir”.
Tofiq Abbasov qeyd edib ki, qarşı ölkələrin müqavimət gücü mövcuddur: “Məsələn, Çindən gələn ucuz malların qaçaq yolla ABŞ bazarına daxil olması mümkündür, bu da bazarlarda çalxalanmalara, inflyasiyaya səbəb ola bilər. Həmçinin bəzi ölkələr qarabazar və digər strategiyalardan istifadə edərək özləri üçün əlverişli vəziyyət yaradır və rəqiblərə problem yaradır. ABŞ-ın fiziki və iqtisadi gücü böyükdür və Tramp bu təzyiq mexanizmlərini tətbiq etməyə davam edəcək, amma əgər Amerika qarşısında beynəlxalq cəbhə formalaşarsa, Vaşinqton üçün bu əlverişli olmayacaq”.
Abbasov həmçinin Trampın siyasi ömrünün məhdud olduğunu vurğulayıb: “Üç ildən sonra bu postu təhvil verməli olacaq, üçüncü dəfə prezidentliyə gedə bilməz. Bu isə onun strategiyasının uzunmüddətli perspektivini məhdudlaşdırır və gələcək administrasiyalar üçün ciddi çağırışlar yaradır”.
Günel Elxan