“Hazırda hərbi hərəkətlilik “təzyiq və mesajlaşma” mərhələsini xatırladır” Dünya

“Hazırda hərbi hərəkətlilik “təzyiq və mesajlaşma” mərhələsini xatırladır”

“Hazırda müşahidə olunan uçuşlar və hərbi hərəkətlilik birbaşa müharibə hazırlığından çox, klassik “təzyiq və mesajlaşma” mərhələsini xatırladır. ABŞ-nin MQ-4C Triton və P-8A Poseidon kimi strateji platformaları bölgəyə çıxarması İrana həm texniki üstünlüyünü, həm də situasiyanı tam nəzarətdə saxladığını göstərmək məqsədi daşıyır. Hörmüz boğazı və Oman körfəzi üzərindən aparılan uçuşlar təsadüfi deyil. Çünki bu marşrutlar İranın enerji təhlükəsizliyi, dəniz logistikası və regional təsir imkanlarının mərkəzidir. Trampın “donanma İrana doğru irəliləyir” açıqlaması isə hərbi ritorikadan çox psixoloji basqı aləti kimi oxunmalıdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Politoloq vurğulayıb ki, bu gərginliyin siyasi toqquşmaya çevrilməsi ehtimalı mövcuddur, lakin bu, birbaşa silahlı münaqişədən daha çox dolayı və idarə olunan qarşıdurma formasında özünü göstərə bilər: “İran tərəfinin Oman körfəzi üzərində PUA uçuşu da açıq mesajdır: Tehran geri çəkilmir və meydanı boş qoymur. Amma hər iki tərəf yaxşı anlayır ki, genişmiqyaslı hərbi eskalasiya nə region, nə də qlobal iqtisadiyyat üçün idarəolunan nəticələr vəd edir. Buna görə də yaxın perspektivdə əsas ssenari sərt bəyanatlar, nümayişkaranə hərbi manevrlər və paralel olaraq qapalı diplomatik kanalların işlədilməsi olacaq. Bu mərhələ daha çox güc balansının test edildiyi, qarşı tərəfin iradəsinin ölçüldüyü bir keçid dövrü kimi görünür”.

Röya İsrafilova