“Ermənistan hazırda çətin durumdadır” Siyasət

“Ermənistan hazırda çətin durumdadır”

Nəzakət Məmmədova: "Yeni rəhbərlik Qarabağ kartından yararlanmaqdan başqa çarə görmür"

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində Ermənistanın müstəqil dövlət olmadığını, tarixən kölə olduqlarını və digər dövlətlərin himayəsi olmadan mövcud ola bilməyəcəklərini bəyan edib". Bunu Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. Onun sözlərinə görə, N.Paşinyan Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini etiraf etməklə Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını da etiraf edib: "Məlum olduğu kimi, sərhəd hər bir dövlətin milli atributudur, müqəddəs və əzizdir. Müqəddəsdir, ona görə ki, bu sərhədlərin daxilində vətən adlandırdığımız coğrafi məkan yerləşir. Dövlətçiliyin mühüm atributu olan dövlət sərhədinin mühafizəsi isə dövlət müstəqilliyinin əsasını təşkil edir. Paşinyan isə Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini, belə uzun sərhədi qorumaq məsuliyyətini daşımağın Ermənistan üçün böyük yük olduğunu etiraf etməklə Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını və beləliklə, müstəqil dövlət olmadığını, bir müstəmləkə olduğunu göstərib".
A.Səfixanlı qeyd edib ki, N.Paşinyan regionda vəziyyətin gərgin olduğunu, müharibə ehtimalının böyük olduğunu, özü də daxil olmaqla bütün ermənilərin ümid yerinin Rusiya olduğunu, Rusiyanın Azərbaycanı müharibədən çəkindirəcəyinə əmin olduqlarını bildirməklə Azərbaycan Ordusundan necə qorxduqlarını, özlərini müdafiə etmək qabiliyyətində olmadıqlarını bir daha bəyan edib: "Paşinyan, həmçinin öz müsahibəsində Ermənistanın işğalçı ölkə olduğunu, erməni hərbçilərinin, hətta öz oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsini etiraf edib. Bununla o, Ermənistanın BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hər hansı bir təhdidə yol verməməlidilər" tələbini pozduğunu, digər ölkənin ərazi bütövlüyünə qəsd etməklə işğala yol verdiyini dövlət rəhbəri olaraq etiraf edib".
Ombudsman Aparatının rəhbəri hesab edir ki, BMT-nin Təhlüksizlik Şurası Ermənistan rəsmisinin bu etiraflarına və ümumiyyətlə, artıq 30 ilə yaxın bir müddətdir ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində törədilən hərbi cinayətlərə etinasız yanaşmamalıdır. Belə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvünə qarşı edilən təcavüzün qarşısı təşkilatın Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır: "Ümumiyyətlə, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır. Əgər Azərbaycana qarşı edilən təcavüzün qarşısının alınmasında beynəlxalq birlik yenə də gözləmə mövqeyi tutarsa, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq, təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək təcavüzkarın cavabını özü verəcək".
Politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssiz Nəzakət Məmmədova isə deyib ki, Paşinyanın son müsahibəsindən də göründüyü kimi Ermənistan hazırda çətin durumdadır və böyük dövlətlərin geosiyasi ziddiyyətləti fonunda üstəlik daxili siyasi - iqtisadi böhran keçirir: "İnkişaf edən Azərbaycanla müqayisə olunmaz dərəcədə zəif olan Ermənistanın yeni rəhbərliyi Qarabağ kartından yararlanmaqdan başqa çarə görmür. Lakin o, Rusiyanın timsalında köhnə müttəfiqini itirib, Qərbin timsalında isə yeni müttəfiq tapa bilməyib".
O, bildirib ki, Son Brüssel sammitində Ermənistan rəhbərliyinin bütün ümidləri puç oldu: "NATO və Avropa Birliyinə gedən Paşinyan orada istədiyi nəticələri əldə edə bilmədi. Üstəlik, Avropa Birliyi və NATO Azərbaycanla ərazi bütövlüyü məsələsində əvvəlki kimi həmrəylik nümayiş etdirdi. Bu görüşlərdən sonra anti Rusiya ritorikasını xeyli azaltmağa məcbur olan baş nazir Rusiyanın hərbi bazasının ölkəsində qalacağını bəyan edib. Halbuki, bu, Ermənistanın könüllü seçimi, Rusiyaya xoşməramlı münasibəti deyil. Sadəcə, Brüsseldə NATO baş katibi Stoltenberq bəyan etdi ki, NATO gələcəkdə Gürcüstan və Ukraynanı üzvlüyə qəbul edəcək və Qara dəniz hövzəsində öz hərbi iştirakını artıracaqdır. Bu isə o deməkdir ki, Alyansın əsas hədəfi Rusiyadır".
Politoloqun sözlərinə görə İranla sərhəddə onsuz da NATO üzvü Türkiyə var və Ermənistana ehtiyac yoxdur. Bununla da Paşinyanın NATO və AB-dən güzəşt qoparmaq limiti tükənmiş oldu: "Paşinyan, yenidən Rusiya ilə ortaq məxrəc axtarmağa məcburdur. Lakin etimad artıq itib. O, Rusiya və Belarusla Azərbaycana silah satışının dayandırılması danışıqları aparacaqlarını deyir. Silah satışı və alışı ölkələrin suveren hüququdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkə kimi Ermənistan öz müttəfiqlik öhdəliyinə sadiq qalmadığı üçün Rusiya və Belarusdan da loyallıq gözləmək haqqını itirib".
N.Məmmədova vurğulayıb ki, Paşinyan müsahibəsində yalnız Ermənistandan kompromis gözləndiyini qeyd edib. Bu isə o deməkdir ki, bu ölkə işğal siyasətindən əl çəkməyə vadar edilə bilər: "Ermənistanın vəziyyəti getdikcə ağırlaşmağa doğru gedir. Bu ölkədə daxili siyasi böhranın dərinləşməsi labüddür. Paşinyanın Respublika partiyasının üstün mövqedə olduğu parlamenti buraxaraq növbədənkənar seçkilər keçirmək planı nə artıq müxalifətə keçmiş Respublika partiyası, nə də Rusiya tərəfindən sakit qarşılanmayacaq".
Ekspert qeyd edib ki, Azərbaycan geosiyasi manevr, iqtisadi inkişaf, hərbi qüdrət baxımdan Ermənistandan xeyli güclüdür: "Avqust ayında İlham Əliyevin Rusiyaya səfəri zamanı Qarabağ məsələsində prezident Putinlə konstruktiv danısıqların olması gözlənilir. Bütün cəbhələrdə Azərbaycana uduzan Ermənistan baş nazirinin çarəsizliyi son müsahibə də bu ölkənin məğlubiyyətə doğru sürətlə irəlilədiyini göstərir".