“ATƏT-in Minsk qrupu səlahiyyətlərindən imtina etməlidir” Siyasət

“ATƏT-in Minsk qrupu səlahiyyətlərindən imtina etməlidir”

Üzeyir Cəfərov: "Ya da Paşinyana yerini göstərməlidir"

"Moskvada iş adamları ilə görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan elə səhvə yol verdi ki, yaxın saatlarda məsələyə aydınlıq gətirilməlidir". Bunu hərbi ekspert Üzeyir CəfərovErmənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa dair son bəyanatını şərh edərkən deyib. Ü.Cəfərovun sözlərinə görə, bu, işğalçı dövlətin ən kobud və demək olar ki, düzəlməsi mümkün olmayan səhvidir: "ATƏT-in Minsk qrupu və rəsmi Moskva Ermənistanın bu aşkar təxribatının qarşısını dərhal almalı idilər. Əgər indiyə kimi bunu etməyiblərsə, belə düşünmək olar ki, bu kobud ideya ona kənardan ötürülüb". O hesab edir ki, Azərbaycan yaranmış vəziyyətdə ATƏT və BMT TŞ-dən sərt şəkildə məsələyə aydınlıq gətirilməsini tələb etməlidir: "Ermənistan bütün hüdudları aşdı və buna görə cavab verməlidir. Bu, Azərbaycanın bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması, milli maraqlarımıza qarşı etinasızlıqdır. Üzdəniraq Dağlıq Qarabağ Respublikası – qondarma qurumdur və düşünürəm ki, tezliklə separatçılar beynəlxalq qanunlar qarşısında cavab verəcəklər". Ü.Cəfərov əlavə edib ki, "bu həyasız Paşinyan bir az da irəli gedərək hansısa güzəştlərdən söz açıb". "Bu onun çin olmayacaq yuxusudur ki, gələcəkdə işğal olunmuş Azərbaycan torpaqları Ermənistan ərazisinin bir hissəsinə çevriləcək. Onun sələfləri də bunu arzulayıblar, lakin onlar bəyanatlarda ehtiyatlı idilər, çünki nə ilə nəticələnəcəyini anlayırdılar. Bu küçə uşağı isə Putinlə görüşdən sonra belə axmaq bəyanat verib. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu səlahiyyətlərindən imtina etməlidir ya da Paşinyana yerini göstərməlidir. Moskva isə bəyanatla çıxış edərək bunun səhv olduğunu və mövqeyinin dəyişmədiyini bildirməlidir. Hər şey beynəlxalq hüquq çərçivəsində olmalıdır", - hərbi ekspert fikirlərini tamamlayıb.