
Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi onun həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizləri üzrə əhəmiyyətini daha da artırır. Dəmir yolu bağlantılarımız isə bu dəhlizlərin inkişafına xüsusi töhfə verməklə Avrasiyanın ümumi logistika zəncirində özünəməxsus yer tutur.
“APA-Economics” xəbər verir ki, bunu “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, dəmir yollarına, limanlara və beynəlxalq tərəfdaşlıqlara yatırılan investisiyalar bu məqsədə xidmət edir. Bizim üstünlüyümüz bazarları birləşdirmək və tərəfdaşlarımıza həmin bazarlara etibarlı çıxış imkanı yaratmaqdan ibarətdir: “Məhz buna görə Prezident cənab İlham Əliyevin strateji baxışı sayəsində Bakı Limanı və Azərbaycan Dəmir Yollarının vahid idarəetmə modeli çərçivəsində birləşdirilib. Ötən il bu birləşmə uğurla başa çatıb. Bu, sadəcə inzibati dəyişiklik deyildi. Bu yanaşma dəmir yolu ilə dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldırır və əməliyyat səmərəliliyinin artırılmasına, daha yaxşı əlaqələndirməyə və yüklərin daha sürətli daşınmasına imkan verir. Məqsədimiz limanın aşırma gücünü daha da artırmaqdır. Bu məqsədlə Bakı Limanının inkişafının ikinci mərhələsi üzərində çalışmalar davam etdirilir. Hazırkı 15 milyon ton illik yükaşırma gücündən əlavə 10 milyon ton gücün artırılması nəzərdə tutulur”
Rövşən Rüstəmov qeyd edib ki, hazırda konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırlar: “Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq. Lakin sektorumuz qarşısında ümumi çağırışlar da var. Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik üçün və limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib edir”.
ADY rəhbəri vurğulayıb ki, məhz buna görə də AQEM çərçivəsində liman rəhbərləri konfransının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.