“Amerikalı generallar Trampı inandıra bilmədilər” Siyasət

“Amerikalı generallar Trampı inandıra bilmədilər”

Elxan Şahinoğlu: "Fikrimcə, belə qərarın veriləcəyindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumatlı idi"

"Suriya ABŞ prezidenti Donald Tramp üçün artıq yük idi. Ona görə də qərar verdi ki, Amerika qoşunları Suriyanı tərk etsin. Halbuki, son günlərə qədər Pentaqon Suriyadan çıxmayacağını bəyan edirdi. Görünür, amerikalı generallar Trampı inandıra bilmədilər". Bunu politoloq Elxan Şahinoğlu deyib: "Fikrimcə, belə qərarın veriləcəyindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumatlı idi. Əks halda Ərdoğan risqə gedib "Türkiyə ordusu Fıratın şərqinə növbəti hücuma başlayacaq" deməzdi. Çünki, ABŞ hərbi birlikləri məhz Fıratın şərqindədir. Yəni Türkiyə ordusu hazırki şərtlər daxilində hücuma keçsəydi NATO müttəfiqi ilə üz-üzə qalacaqdı.
Buna baxmayaraq, başqa sualların aktuallığı artır:
Birinci sual: ABŞ YPG və PYD-ni taleyin ümidinə buraxaraqmı bölgəni tərk edir, yoxsa kürdlər üçün hər hansı təhlükəsizlik təminatı əldə etməyə çalışacaq? Ancaq bu təminatı PKK uzantıları olan YPG və PYD-yə kim verə bilər ki?
İkinci sual: Amerikanın bölgədə boşalan yerini kim dolduracaq – Türkiyə, Rusiya, yoxsa Bəşər Əsəd gücləri? Məlumdur ki, Amerikadan əvvəl YPG və PYD ilə Moskva təmaslara başlamışdı. Ərdoğan vaxtında vurulan təyyarəyə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməsəydi , bəlkə də bu gün Rusiya tamamən PYD və YPG-nin arxasında idi. Ancaq Amerika Rusiyanı qabaqladı. İndi Rusiya Amerikanın yerinə kürd qruplarla əlaqəyə girəcəkmi? Əgər bunu edərsə Moskva Ankara ilə münasibətləri gərginləşdirmiş olacaq. Ona görə Kreml tələsik qərar verməyəcək.
Üçüncü sual: Radikal kürdlər kiminlə əməkdaşlığa üstünlük verəcəklər? Amerika onları qoruyurdu, indi isə arxasızdırlar. Demək kiminləsə müttəfiqliyə çalışmalıdırlar. PYD və YPG böyük ehtimalla Əsədlə razılaşmağa çalışacaqlar. Ancaq bunun özü də Ankaranı rahatlatmayacaq. Nə qədər ki, PYD və YPG PKK-nın törəmələridir, Türkiyə onlardan əl çəkən deyil".
Qeyd edək ki, Rusiya prezudenti Vladimir Putin Donald Tranpın qərarını alqışlayıb. Rusiyanın dövlət başçısı deyib ki, Rusiya və ABŞ terrorizmlə mübarizədə əhəmiyyətli dəyişikliklərə nail olublar və Suriyada İŞİD-ə ciddi zərbələr endiriblər: "Bu və buna oxşar digər qruplaşmaların qonşu bölgələrə, Əfqanıstana və başqa ölkələrə, yəni yaraqlıların gəldikləri ölkələrə yayılma təhlükəsi var. Bu, hamımız, o cümlədən Rusiya, ABŞ, Avropa, Asiya və Orta Asiya ölkələri üçün böyük təhlükədir".
ABŞ qoşunlarının çıxarılmasından danışan Rusiya Prezidenti ABŞ-ın 17 ildir Əfqanıstanda mövcud olduğunu və demək olar ki, hər il qoşunlarını geri çəkəcəklərini bəyan etdiklərini vurğulayıb: "Hələ ki ABŞ qoşunlarının çıxarılmasının əlamətlərini görmürük, amma bunun mümkünlüyünə ehtimal verirəm. Özü də Suriyada siyasi həll yolunda irəlilədiyimiz zamanda".
Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyada olması qanunsuzdur: "Gəlin unutmayaq ki, bu qoşunların oradakı iştirakı qeyri-qanunidir, BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiq olunmayıb. Qanunla isə ya BMT Təhlükəsizlik Şurasının qərarı ilə hərbi kontingent yaradıla bilər, ya da qanuni Suriya hökumətinin dəvəti ilə qoşunlar orda qala bilər. Biz Suriya hökumətinin dəvəti ilə ordayıq".
Rusiya Prezidenti ABŞ-ın qoşunlarını Suriyadan geri çəkmək qərarını alqışlayıb: "Bu doğru qərardır".