Azərbaycan Prezidenti bir sıra görüşlər keçirib: Siyasət

Azərbaycan Prezidenti bir sıra görüşlər keçirib:

Avropa Komissiyasının komissarı ilə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.
Görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edilib, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb.
Prezident İlham Əliyev bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirib, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğulayıb. Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.
Dövlət başçısı Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə...

Dünən Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub.
Görüşdə dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirib.
Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edən dövlət başçısı ötən il layihənin icrasında mühüm irəliləyişlərin olduğunu və bunun bu il də davam etdirildiyini deyib.
Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladan dövlət başçısı həmin görüşdə gələcək əməkdaşlıq haqqında geniş müzakirələrin aparıldığını bildirib.
Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyevanın salamlarını dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dərin məzmunlu nitqində mühüm məsələlərə toxunduğunu vurğulayıb. Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktorunun Davosda Prezident İlham Əliyev ilə görüşdən dərin təəssüratla ayrıldığını bildirib. Mersi Tembon Azərbaycan ilə Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını deyib.
Prezident İlham Əliyev xanım Kristalina Georgiyevanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Dünya Bankının baş icraçı direktoruna çatdırılmasını xahiş edib.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.
Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirib, səfərin məhsuldar olacağına əminliyini ifadə edib.
Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin yaxşı tərəfdaş olduqlarını deyib. İtaliya şirkəti tərəfindən inşa olunan "SOCAR-Polymer" zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan dövlət başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini deyib. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirib. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Qeyd edib ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirib. O, dövlət başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu deyib. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğulayıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri ilə...

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşü olub.
Fatih Dönməz görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fatih Dönməz Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirib. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fatih Dönməz belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirbi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu vurğulayan dövlət başçısı onun tarixi əhəmiyyətini qeyd edib, TANAP-ın rəsmi açılışını xatırladıb. Dövlət başçısı Türkiyə ilə birlikdə bu layihənin qısa müddətdə başa çatdırılmasının böyük nailiyyət olduğunu vurğulayıb.
Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident İlham Əliyev məmnunluqla bildirib ki, indiyədək 1 milyard kubmetrdən çox qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb. STAR neft emalı zavodunun fəaliyyətə başlamasının önəmini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söyləyib.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.