Prezident Ərdoğanın hədəfi... Siyasət

Prezident Ərdoğanın hədəfi...

Elxan Şahinoğlu: "O çalışacaq ki, prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı referenduma nail olsun"
Vüqar Zifəroğlu: "İdeoloji fərqlər sol və sağın birgə qələbəsini mümkünsüz edir"

Türkiyədə prezident seçkiləri başa çatsa da hələ müzakirə mövzusu olaraq qalır. Qardaş ölkəni bundan sonra hansı dəyişikliklər gözləyir, proseslər necə olacaq? Bu suallar mətbuatın əsas müzakirə mövzusudur.
Politoloq Vüqar Zifəroğlunun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində elə ilk turda qələbə çalacağı gözlənilən idi: "Şəxsən mən bunu gözləyirdim və Türkiyədə baş verən hadisələr bu qələbəni şərtləndirdi. Ərdoğan niyə qalib gəldi, sualına cavab olaraq uzun bir təhlil aparmağa gərək duymuram. Ən azı ona görə ki, son təhlillərimdə (əsasən də son bələdiyyə seçkiləri ilə bağlı) AKP-ni seçkidən-seçkiyə qələbəyə doğru aparan faktorları sadalayaraq təhlil etmişəm. Amma yenə də az da olsa bu qələbəni labüd edən məqamları paylaşmaq istərdim:
1. Türkiyədə müxalifətin birlik ideyası sadəcə xəyal idi və heç bir ciddi nəticəyə hesablanmamış bir ideyadır. İdeoloji fərqlər sol və sağın eyni namizədə səs verməsini mümkünsüz edir. Türkiyədə hər iki düşərgənin təmsilçiləri hələ də keçən əsrin 70-ci illərində yaşanan vətəndaş qarşıdurmasını və axıdılan qanları unutmayıblar.
2. Ərdoğanın son dərəcə iddialı iqtisadi layihələri, eləcə də AKP-nin adambaşına düşən gəlirin artmasından tutmuş, inflyasiya səviyyəsinin aşağı olması, yeni iş yerləri, iqtisadiyyatda müəyyən dinamik inkişaf kimi məsələləri qabartması, sadə Anadolu adamını cəlb edən başlıca faktordur.
Adi insanlar üçün dəyişməz "aş və iş" psixologiyasına yönəlik bu həmlə öz effektini verməkdədir.
3. R.T.Ərdoğana rəqib olaraq çıxarılan namizəd intellekt və siyasi mədəniyyətə malik, amma tanınmış bir sima olsa da, aktiv deyil, passiv siyasi xətt tərəfdarı oldu. Seçki kampaniyası boyu bir dəfə də olsun meydanlarda xalq qarşısına çıxmayan bir namizədin, son dərəcə çevik və aktiv siyasi aksiyalar tərəfdarı olan rəqibinə qalib gəlməsi mümkün deyildi".
Onun fikrincə, müxalifətin namizədi olaraq önə sürülən, istər ölkə, istərsə də kənarda olan dini cameədə kifayət qədər tanınan Ekmeleddin İhsanoğlu əslində dini-mühafizəkar kəsimin arasında "Troya atı" funksiyasını yerinə yetirərək Ərdoğanın səslərini parçalamalı idi: "Lakin hər şey tərsinə oldu. Namizəd sağ və sol düşərgənin liderlərindən fərqli olaraq tabanın özündə lazımi dəstək qazana bilmədi. CHP-də əvvəldən İhsanoğluna qarşı ciddi müqavimət var idi və bu prinsipial solçuların seçkini aktiv boykot etməsilə nəticələndi. MHP və hələ də pərakəndə halda olan sağ düşərgədə isə səslər ciddi şəkildə parçalandı. Türkiyədə ciddi sağ mərkəz problemi var. AKP iqtidara gələnə qədər bu funksiyanı DYP və ANAP uğurla yerinə yetirirdi. Bu gün onlar yoxdurlar. Və Türkiyə siyasətində sağ mərkəzin qapısı qıfıllanıb. O qapını döymək istəyən seçici isə, alternativ kimi təbii olaraq iqtidar partiyasını görür. Milliyyətçi Hərəkat Partiyası, ideoloji yönünə görə sağ mərkəzçi deyil və bu səbəbdən həmin elektoratı öz ətrafına yığmaqda çətinlik çəkir. Cümhuriyyət Xalq Partiyası təməl ideoloji prinsiplərinə görə sol mərkəzdir. AKP isə iqtidara gəldiyi dönəmdə milli görüş ənənələrindən gəldiklərini etiraf etmələrinə rəğmən, sağ-mərkəzə doğru dəyişdiklərini, bu partiyanı da zatən o səbəblə qurduqlarını elan etmişdi. Bəli, bütün bu illər ərzində partiyanın siyasi və ideoloji baxışının heç də sağ-mərkəzçi olmadığı, yəni dəyişmədikləri aydın oldu. Amma gəl ki, onların bu sözünü udmuş olan sağ-mərkəzə meyl edən seçici, hələ də alternativ görmədiyindən AKP-nin qapısını döyməkdədir".
Politoloqun fikrincə, Türkiyədə seçkidən sonrakı siyasi proseslər maraqlı məcraya yönələcək: "Belə ki, prezident seçilməsi ilə ciddi siyasi güc və toxunulmazlıq əldə edən Ərdoğan sonrakı addımlarında əsasən dini cameənin içindəki daxili rəqiblərini tamamən zərərsizləşdirməyə, eləcə də media üzərində nəzarətini artırmağa (Doğan Holdinqin çökdürülməsi kimi) çalışacaq.
AKP eləcə də öz monolitliyini qoruyaraq ciddi şəkildə qarşıdan gələn parlament seçkilərinə hazırlaşacaq. Çünki məhz parlamentdə 2/3 səs çoxluğuna nail olduqdan sonra referenduma Konstitusiya dəyişikliklərini çıxarmaq mümkün ola bilər. Və bu zaman isə Türkiyənin federativliyi məsələsi gündəmə gətirilə bilər...".
Müstəqil analitik Hüseynbala Səlimov isə bildirib ki, seçkinin elə birinci turunda növbəti beş il üçün kimin Türkiyəyə prezidentlik edəcəyi məlum oldu: "İndi artıq seçki və onun gedişi ilə bağlı bütün təfərrüatlar hamıya bəllidir.
Bundan sonra tamam başqa suallar maraq kəsb edir. Ölkə bu beş ildə hansı istiqamətdə inkişaf edəcək? Onu hansı siyasi islahatlar gözləyir? Böyük siyasətdə tandem məsələsi bitdi, yoxsa onun elə Rusiyada olduğu kimi növbəti mərhələsi olacaq? İndi sakitcə bu suallara cavab verməyə çalışmaq lazımdır. Amma bəzi məqamların üzərində ötəri də olsa dayanmağa dəyər. Seçkidə baş nazir Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi gözlənilməz olmadı, seçki ərəfəsi hər şey bunun belə olacağını deməyə əsas verirdi. Müxalifət liderləri seçkinin yekununda tənqidi ruhda çıxışlar etsə də seçkinin gedişinə kölgə salmaq iqtidarında olan bircə ciddi arqument səslənmədi, hər şey qaydasında olmuşdu.
Əslində Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürməklə əsas müxalifət partiyalarının liderləri özlərinin Ərdoğan qarşısında aciz olduqlarını etiraf etmişdilər.
Amma Ekmələddin İhsanoğlu ən yüksək təriflərə layiqdir. Ona görə ki, əvvəl siyasətdə təmsil olunmamasına rəğmən, o, cəmi bircə ay ərzində təxminən 40 faizlik nəticə ilə seçkini başa vurdu. Ərdoğanın qələbəsi təəccüblü deyil. O, on ildən artıqdır ki, seçkilərlə məşğuldur, böyük seçkilərdən birini - bələdiyyə seçkisini lap bu yaxınlarda başa vurmuşdu. Amma bu miqyasda seçkidə iştirak etmək İhsanoğlu üçün yenilik idi. Daha çox ölkə xaricində çalışmış və siyasətçidən daha çox diplomat olan bu adam cəmi bircə ay ərzində bu uğura - təxminən 40 faizlik nəticəyə imza ata bildisə, bunu yalnız alqışlamaq və təqdir etmək olar. On aydan sonra Türkiyədə parlament seçkiləri olacaq. Qətiyyətlə demək olar ki, bu seçkidə İhsanoğlunun mandatı artıq hazırdır. Güman ki, namizədliyini irəli sürəcəyi təqdirdə o, ən uğurla çıxış etmiş parlamentarilərdən biri olacaq..."
Onun sözlərinə görə, bu seçkinin önəmi bütövlükdə Türkiyənin siyasi həyatı, o cümlədən elə Rəcəb Tayyib Ərdoğanın özü üçün də az deyil: "Bir çox sualların cavabı məhz on aydan sonra keçiriləcək parlament seçkilərində veriləcək. Ərdoğan nominal prezident statusu ilə razılaşacaq, yoxsa prezidentin səlahiyyətlərini genişləndirməyə çalışacaq? Hökumətə kim başçılıq edəcək və biz Türkiyə siyasətində tandemin daha bir gedişinin şahidi olacağıqmı? Ölkə özü hansı səmtdə inkişaf edəcək? Parlament üsul-idarəsi qalacaq, yoxsa o prezident üsul-idarəsi ilə əvəz olunacaq? İndi onlara verilən hər bir cavab uzağı ölkənin on aylıq siyasi həyatını əhatə edə bilər. Təbii ki, bu on ayda Rəcəb Tayyib Ərdoğan prezidentin məhdud səlahiyyətlərilə hesablaşmalıdır. Bu on ayda kimsə hökumətə başçılıq etməlidir. Bu on ayda ölkə özünün siyasi həyatının bəlkə də ən önəmli mərhələlərindən birinə - 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmalıdır..."
Ekspertin sözlərinə görə, bu on aylıq dövrü isə şərti olaraq keçid dövrü adlandırmaq olar: "Ola bilsin, hələ bir çox məsələlər ciddi şəkildə götür-qoy edilməlidir. Nə qədər böyük nüfuz sahibi olsa da, ölkədə heç də hər şey Ərdoğanın iradəsi ilə həll olmur. Amma parlament seçkisində qələbə ona su və hava kimi lazımdır. Məhz bu seçkinin nəticələri onun gələcək planlarını müəyyən edəcək...İndi isə hələlik o, təbrikləri qəbul etməklə məşğuldur. Türkiyədə elektorat bəlkə də düşünür ki, onun timsalında proqnozlaşdırıla bilinən siyasətçini tapıb. Təbii ki, Ərdoğanın baş nazir postunda olduğu müddət müəyyən qədər bu fikri təsdiq edir.
Amma bir müşahidəçi kimi öz tərəfimizdən qeyd edək ki, Ərdoğan avtoritarizmə meylli siyasətçidir. Bir neçə seçkidə bir-birinin ardınca qələbə çalmaq onda bu hissi daha da gücləndirə bilər".
Siyasi ekspert Elxan Şahinoğlu isə hesab edir ki, Ərdoğanın növbəti mərhələdə əsas məqsədi prezidentin səlahiyyətlərinin artırılması olacaq: "Türkiyənin qarşısında yeni səhifə açıldı. Bu o deməkdir ki, Türkiyə cəmiyyətində prezidentin rolu artacaq. Ərdoğan ilk növəbədə çalışacaq ki, partiya sədri və baş nazir postuna layiq bildiyi adamlar gəlsin. Çünki o, partiyanın bundan sonra da qələbələri təkrar etməsini istəyir. Ona görə çalışacaq elə adamlar bu postlara gətirilsin ki, digər rəqiblərlə üstün mübarizə apara bilsin. Daha sonra qarşıdan gələn parlament seçkilərinə güc qoyulacaq. Ərdoğan çalışacaq ki, parlament seçkilərində daha çox səs toplamaqla, prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı referenduma nail olsun. Əsas hədəf isə 2 müddət prezident kürsüsündə qalmaqdır. 2023-cü il Cümhuriyyətin yaradılmasının 100 illiyidir və Ərdoğanın bununla bağlı da planları var".
Ekspert onu da əlavə etdi ki, müxalifət bu seçkidə zəif təsir bağışladı: "Müxalifətin ortaq namizədi kifayət etmədi ki, seçki ikinci tura keçirilsin. Hesab edirəm ki, CHP və MHP başqanları seçkiyə qatılsaydı seçkini ikinci tura keçirmək olardı. Ciddi mübarizə olsaydı, seçkini daha gərgin rəqabət şəraitində keçirmək olardı. Bu illər ərzində müxalifət zəifləməkdə davam edib. Bu artıq Ərdoğanın 9-cu qələbəsi oldu. Müxalifətin daxilində ciddi dəyişiklik olmasa, Ərdoğanla mübarizə çətin olacaq".

Əli