Hulusi Kılıç: Ermənistan dünya ictimaiyyətinin diqqətini münaqişənin əsl mahiyyətindən yayındırmaq istəyir Siyasət

Hulusi Kılıç: Ermənistan dünya ictimaiyyətinin diqqətini münaqişənin əsl mahiyyətindən yayındırmaq istəyir

Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir. Son günlər Azərbaycanın Tovuz rayonuna hücumların arxasında bir neçə məkrli məqsəd dayanır. Ermənistan hərbi təcavüzkarlığını başqa bir istiqamətdə davam etdirməklə dünya ictimaiyyətinin diqqətini münaqişənin əsl mahiyyətindən, işğal faktından yayındırmaq istəyir.
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib. Bölgədə baş verən bütün xoşagəlməz hadisələrə görə Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdığını diqqətə çatdıran səfir deyib: “Baş verənlər onillikləri əhatə edən erməni xəyalpərəstliyinin yaratdığı insanlıq cinayətidir. Təcavüzkar tərəfin siyasi və hərbi rəhbərliyinin tökülən qana görə öz toplumu qarşısında da hüquqi və mənəvi məsuliyyəti var. Heç şübhəsiz ki, əvvəllər olduğu kimi bu dəfəki təxribatın da əsl səbəbi həm dünya, həm də erməni ictimaiyyətinə məlumdur. Yaxşı olar ki, Paşinyan hökuməti sosial-iqtisadi və səhiyyə sahələrində ölkədəki böhranlardan çıxış yolunu başqa metodlarla həll etsin”.
Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu xatırladan diplomat diqqətə çatdırıb ki, işğal altındakı torpaqların azad olunması, eləcə də istənilən kənar müdaxiləyə qarşı Azərbaycan naminə canını fəda etmək Türkiyə vətəndaşı üçün şərəflidir. Şəhid hərbçilərimizə Allahdan rəhmət, bütün xalqımıza səbr və dözüm, yaralılara tezliklə sağalmaq arzu edən keçmiş səfir təcavüzkar düşmənin qətiyyətlə yerinə oturdulmasından qürur duyduğunu ifadə edib. Vurğulayıb ki, bütün beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-nin aidiyyəti qurumlarını və ATƏT-i baş verənlərlə bağlı ədalətli mövqe bildirməyə dəvət edirik.