15:36
623
Azərbaycanda dostunun etibarından sui-istifadə edərək dələduzluq etməkdə ittiham olunan 71 yaşlı kişinin barəsində çıxarılan bəraət hökmdən prokurorun verdiyi apellyasiya protestinə baxılıb.
Teleqraf-ın xəbərinə görə, prokuror “Our Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətin idarə heyətinin sədri olmuş 71 yaşlı Nazim Xudaverdiyevin barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.
Həmçinin eyni tələblə zərərçəkmiş tərəfdə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə bərəat almış şəxsin vəkili Esmira Tağıyeva çıxış edib. O, müvəkkilinin verilmiş ittihama münasibətdə tam təqsirsiz olduğunu, birinci instansiya məhkəməsinin də ədalətli olaraq bəraət hökmü çıxardığını deyib.
Vəkil hökmün qüvvədə saxlanılmasını istəyib.
Məhkəmə yekunda apellyasiya protesti və şikayətini əsassız hesab edib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Xudaverdiyev bəraət alıb.
İstintaq orqanının gəldiyi nəticəyə görə, o, sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub.
N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunmuşdu.