“Bizi aqressiyada suçlamaq riyakarlıqdır” Siyasət

“Bizi aqressiyada suçlamaq riyakarlıqdır”

Zahid Oruc: "Ermənistan Azərbaycana zərbə vurmaq üçün hiylələrə əl atır"

"Müdafiə Nazirliyinin son bəyanatları hazırkı şəraitdə Ermənistanın son hadisə üzündən özünü apardığı tərzə, davranışlara, verdiyi bəyanatlara adekvat cavab idi".
Bunu son günlər cəbhə xəttində, eləcə də Müdafiə Nazirliyinin Ermənistanın təxribat törətmə mesajlarına cavabına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. Millət vəkili indiki halda nazirliyin bu ritorikasını düzgün hesab etdiyini bildirib: "Ermənilər indi bu olayı şişirdərək dünya ictimaiyyətinin gözündə haqlı çıxmağa çalışırlar. Bizim hazırda məqsədimiz ermənilərin təhlükəsizlik şəraitinə nə qədər zərbə vuracağını beynəlxalq aləmin diqqətinə çatdırmaqdır. Ölkəmiz müharibə qərarı vermədiyi halda bizi aqressiyada suçlamaq, işğal gerçəkliyi ortadan qaldırılmadığı müddətdə Azərbaycanı nədəsə günahlandırmaq riyakarlıqdır". Zahid Oruc son vurulan helikopterlə bağlı Rusiya telekanallarında efirə verilən yanlış materiallara da münasibət bildirib: "Ermənistan Azərbaycana nəyin bahasına olursa-olsun zərbə vurmaq üçün hiylələrə əl atır. Rusiya mediasında "işıqlandırılan" məsələlər də bu qəbildəndir. Rusiya mediasında guya bizim qafqazlarda müharibə istədiyimiz vurğulanır. Hətta guya bu, Rusiyaya ikinci cəbhə açmaqdır. Onların verdiyi informasiyalarda bildirilir ki, guya Qərblə münasibətləri yaxşılaşdırmaq üçün Azərbaycan bundan istifadə edir. Beləliklə, ölkəmiz əleyhinə aparılan bu propoqandaların əsas məqsədi bizi digər ölkələrlə üz-üzə qoymaqdır. İrəvan bununla da yenə hərbi meydanda bizimlə baş-başa qalmaq istəmədiyini göstərir. Ermənistan çalışır ki, proses "beynəlmiləlləşsin". Özünü hədəfdən yayındırsın. Halbuki vurulan vertolyot nə İrana, nə Rusiyaya, nə də ki Avropa dövlətlərinə məxsus olmayıb. Müdafiə Nazirliyinin annimativ informasiyası da vurulan helikopterlə bağlı həqiqətin nə yerdə olduğunu ortaya qoydu". Millət vəkilinin sözlərinə görə, Ermənistan hakimiyyətinin bu cür təxribat xarakterli bəyanatları Azərbaycana yox, Serj Sarkisyan öz xalqına yönəldib: "Heç ermənilərin hər hansı bir ciddi təxribata əl atacağına işğalçıların özləri də inanmırlar. Sadə insanlar da bilir ki, bunu Ermənistan rəhbərliyi xalq qarşısında blef kimi istifadə edir. Serjik hakimiyyəti bununla xalqın mübarizə əzmini öldürməyə çalışır. Deyirlər ki, siz ayağa qalxsanız, ölkə qarışacaq və Azərbaycan bundan istifadə edəcək. Ona görə də belə hesab edirəm ki, Sarkisyan rejiminin ən böyük problemi öz xalqı ilədir. Azərbaycanın ermənilərlə informativ döyüşə var gücü ilə çıxması alqışa layiqdir. Müdafiə Nazirliyinin ermənilərə bu tonda cavabı qürurvericidir. Ermənilərin hər hansı provakasiyası baş verərsə, Müdafiə Nazirliyinin bundan sonra atacağı addımlar müharibə doğurmasa da, real proseslərə təsir edəcək".
Xatırladaq ki, erməni tərəfi Ağdamda mövqelərimizə hücuma cəhd edən düşmən helikopterin vurulduğu istiqamətdə atəşkəsi intensiz şəkildə pozmaqda davam edir. Müdafiə Nazirliyi isə bununla bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçıları dərhal vuracağı zərbənin hədsiz dərəcədə təsirli, məhvedici olacağını bildirib. Həmçinin, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcəyini, uzun müddət onların yaddaşlarından silinməyəcəyini düşmənin diqqətinə çatdırıb.

Əli