“Hücum diplomatiyası” davam etdiriləcək Siyasət

“Hücum diplomatiyası” davam etdiriləcək

Komitə sədri: "Məqsədimiz çoxsaylı faktları müxtəlif dillərdə dünya ictimai rəyinə çatdırmaqdır"

"Azərbaycan ictimaiyyəti erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də Ermənistanda azərbaycanlılara və maddi-mədəniyyət abidələrinə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər məlumatlıdır. Hazırda bizim məqsədimiz bu faktları müxtəlif dillərdə dünya ictimai rəyinə çatdırmaqdır". Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın bütövlükdə xarici siyasətində "hücum diplomatiyası" ciddi uğurlar əldə edir: "Bizim "hücum diplomatiyamız"ın içində Ermənistanın törətdiyi vəhşiliklərin dünya ictimai rəyinə çatdırılması əsas yerlərdən birini tutur. Bununla bağlı Heydər Əliyev Fondu da böyük işlər görür. İşğal olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimiz, o cümlədən məscidlər dağıdılıb. Onların ümumi sayı minə yaxındır. Onların içində həmçinin mədəniyyət abidələri, kitabxanalar, klublar, dini abidələr var. Ermənilər təkcə İslam dünyasına aid abidələri deyil, eyni zamanda, xristian abidələrini də dağıdırlblar. Biz bu barədə ictimaiyyəti bir daha bilgiləndirmək istəyirik".
M.Qurbanlı əlavə edib ki, eyni zamanda, Ermənistanda azərbaycanlıların tarixən yaşıdığı ərazilərdəki tarixi abidələrlə bağlı da müxtəlif tədbirlər görülüb. Bununla bağlı kitablar dərc edilib, məlumatlar toplanıb. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də AMEA-nın Tarix İnstitutu tərəfindən müəyyən işlər görülüb. Xüsusilə də Heydər Əliyev Fondu böyük işlər görüb. Həmin abidələr barəsində həm YUNESKO, həm də digər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimai rəyinə müəyyən fikirlər çatdırılıb.