Hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının qorunması Layihə

Hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının qorunması

Milli Fəaliyyət Proqramında bu kimi məsələlərə toxunulur

II yazı

Milli Fəaliyyət Proqramında "Məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılması" ilə bağlı göstərilir: "Məhkəmə qərarlarının vaxtında və dürüst icra edilməsi şəxslərin ədalətli məhkəmə hüququnun tərkib hissəsini təşkil edir. Son illər görülmüş tədbirlər, o cümlədən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsi nəticəsində bu sahədə mövcud olmuş bir sıra problemlərin aradan qaldırılması mümkün olub".
Eləcə də Milli Fəaliyyət Proqramında göstərilir: "İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması; səxslərin təqsirsizlik prezumpsiyasının təmin edilməsi məqsədilə hüquq mühafizə orqanlarının əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi; Azərbaycan Respublikasında vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması kimi məsələlər qoyulur, bunların icra müddəti müəyyən edilir".
Milli Fəaliyyət Proqramında "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri" adlı IV fəsildə aşağıdakı məsələlər qoyulur: "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işinin təşkil olunması. İcra müddəti: 2012-ci il;
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi. İcra müddəti: 2012-ci il.
BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə" və "İnsan hüquqları sahəsində təhsil", BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, YUNESKO-nun "Davamlı inkişaf naminə təhsil" onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması. İcra müddəti: mütəmadi.
Orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi. İcra müddəti: 2012-2015-ci illər.
Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadaların, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi. İcra müddəti: mütəmadi. İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi. İcra müddəti: mütəmadi. Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi. İcra müddəti: mütəmadi.
YUNESKO-nun "Təhsil hamı üçün" prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV / AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması. İcra müddəti: mütəmadi.
İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin (insan hüquqları məktəbi, insan hüquqları evi və s.) və ya şəbəkələrinin yaradılması. İcra müddəti: 2012-ci il".
Milli Fəaliyyət Proqramında "Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi" məsələsi də (İcra müddəti: 2012-2015-ci illər) ayrıca təqdim olunur, həyata keçirilməli işlər vurğulanır: "İnsan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında ölkədaxili və beynəlxalq tədbirlərin (dəyirmi masa, seminar, konfrans və s.) davam etdirilməsi. İcra müddəti: 2012-2015-ci illər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılması. İcra müddəti: mütəmadi. İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi (İcra müddəti: mütəmadi). İnsan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi (İcra müddəti: mütəmadi). Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi (İcra müddəti: 2012-2015-ci illər").
"İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi" ilə bağlı məsələ də qoyulur (İcra müddəti: 2012-2015-ci illər). İnsan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi (İcra müddəti: 2012-2015-ci illər). Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə əhalinin maarifləndirilməsi üçün könüllülərin hazırlanması (İcra müddəti: mütəmadi)".
Beşinci fəsil "İnsan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq" adlanır: "Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təsisatları və beynəlxalq regional təşkilatlar ilə birgə layihələrin hazırlanması və həyata keçirilməsi. Azərbaycan Respublikasının BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESKO, Qaçqınlar üzrə Ali Komissarlıq, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi bu proqramların əhəmiyyətini təsdiq edib. Belə proqramlar, həmçinin ölkədə aparılan islahatlar prosesində beynəlxalq təcrübənin nəzərə alınması, beynəlxalq mütəxəssislərin cəlb edilməsi üçün imkan yaradır (İcra müddəti: mütəmadi).
1995-ci ildə başlamış Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı məhkəmə-hüquq, korrupsiyaya qarşı mübarizə, gənclər siyasəti, vətəndaş cəmiyyətinin inkişafı və sair sahələrdə uğurla həyata keçirilir. Növbəti illər üçün nəzərdə tutulan Avropa Şurası ilə Fəaliyyət Planı çərçivəsində yuxarıdakı istiqamətlər üzrə əlavə tədbirlər həyata keçiriləcək.
Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na müvafiq olaraq, BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılıb.
Altıncı fəsil "Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi" adlanır. Burada vurğulanır ki, Milli Fəaliyyət Proqramı üzrə icra orqanları nümayəndələrindən ibarət Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupu öz fəaliyyəti barədə müntəzəm surətdə Azərbaycan Prezidentinə məlumat verir;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun təqdim etdiyi məlumatları təhlil edərək onun təkmilləşdirilməsinə dair təkliflər verir;
İşçi qrup Milli Fəaliyyət Proqramının təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, icmaların və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, dəyirmi masalar, konfranslar, habelə televiziya və radio verilişləri təşkil edilir; İnsan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə Milli Fəaliyyət Proqramı müntəzəm qaydada yeniləşdirilə bilər".
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), prof. E.Süleymanova Milli Fəaliyyət Proqramını belə dəyərləndirir: "Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm hadisədir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət Proqramları, Strategiyaları və Milli Fəaliyyət Planları böyük əhəmiyyət kəsb edir. Bu sahədə Milli Fəaliyyət Planlarının konsepsiyası hələ 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində verilib. Həmin konfransda hər bir dövlətə insan hüquqlarının müdafiəsi və təşviq olunmasını daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən Fəaliyyət Planının hazırlanmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək tövsiyə olunub. Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində mühüm sənədlər qəbul olunub".
Uğur