Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir Layihə

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir

Azərbaycan müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Rəsmi Bakı bütün nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqdadır. Bu onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricilərindən biridir. Ötən günlərdə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi də Azərbaycanın regionda, dünyada söz sahibinə çevrildiyindən xəbər verir. Onu da qeyd edək ki, Azərbaycan bundan öncə də - 2006-cı və 2012-ci illərdə ECO-nun Zirvə görüşlərinə ev sahibliyi edib.
Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası böyüklüyü Xankəndidə öz təsdiqini bir daha tapdı. Oradan izlədiyimiz möhtəşəm səhnələr bizə qalib Dövlətin vətəndaşı olmaq qürurunu yaşatdı. Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədalətin beynəlxalq miqyasda tərənnümü, qalib Dövlətin dünyaya yeni imicdə təqdimatı idi. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq ölkəmizin indiki uğurlarının əldə olunması istiqamətində keçdiyi tarixi yola nəzər saldı. Dövlətimizin başçısı ECO-nun Azərbaycanda keçilməsinin əhəmiyyətinə toxundu və ötən dövrdə uğurlu sədrliyi münasibətilə Qazaxıstana öz təşəkkürlərini çatdırıb”.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindəki aktiv iştirakına diqqət çəkən Mehriban Vəliyeva bildirdi ki, ölkəmiz ECO çərçivəsində aparıcı mövqeyə malikdir: “Azərbaycanın iştirakı ilə Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr həyata keçirilir. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır ki, bu da onun böyük potensialından xəbər verir. Təşkilat üzvlər dövlətlər arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatıb”.
Sonda millət vəkili qeyd etdi ki, 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Xankəndi sammiti həmçinin bütün dünyaya işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və inkişafa söykənən proqramlarımızın təqdimatı baxımdan əhəmiyyətli oldu. Müsəlman- Türk birliyinin dövlət başçılarının Xankəndinə toplaşması ölkəmizin tək Qafqaz regionunda deyil, bütövlükdə Yaxın və Orta Şərqdə aparıcı aktorlardan biri olduğunu təsdiqlədi. Zirvə görüşündə dövlət başçılarının rəsmi və qeyri-rəsmi görüşləri, səmimi ünsiyyətlər, verilən mesajlar Prezident İlham Əliyevin qlobal arenadakı nüfuzunun və etibarlı tərəfdaş olmasının təsdiqidir”.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimovun fikrincə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizdə bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verilir: “İyulun 4-də Xankəndi şəhərində İƏT-in 17-ci Zirvə görüşünün keçirilməsi də respublikamızın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Prezident İlham Əliyev adıçəkilən təşkilatın 17-ci Zirvə görüşündəki çıxışında da sözügedən qurumla iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə ediləcək məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq. Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və İƏT-ə üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.

Yeri gəlmişkən, son 22 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən ölkəmizin iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini gerçəkləşdirib. Şübhəsiz ki, bu uğurları dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti şərtləndirib: “Ölkəmiz tarixi baxımdan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa – quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.
Dövlətimizin başçısı İƏT-in 17-ci Zirvə görüşündəki nitqində bu məsələlərə də toxunaraq Ermənistanın Azərbaycan ərazilərinin, təxminən, 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını vurğulayıb, eyni zamanda, bu müddətdə xalqımızın və dövlətimizin heç vaxt işğalla barışmadığını da diqqətə çatdırıb.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdiyini, Ermənistanın isə 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktı imzalamağa məcbur olduğunu vurğulayıb. Prezident İlham Əliyev çıxışında hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını da diqqətə çatdırıb.
Hazırda Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığın inkişafını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı çıxışlarının birində deyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
Ölkə başçısı Zirvə toplantısındakı çıxışında qeyd edib ki, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Bildirilib ki, “Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur”.

Milli Məclisin deputatı Kamaləddin Qafarov isə deyib ki, şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir: “Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir.”
K.Qafarov İqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir. Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir”.
Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda Təşkilatın 10 üzv ölkəsi var. İƏT-in genişləndiyi həmin gün təşkilatın təqvimində “İƏT günü” kimi qeyd edilir.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.
1997-ci ildən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin İƏT yanında daimi nümayəndəsidir.

Cavid