Sivil vətəndaş cəmiyyəti ideyası və konfliktlər Layihə

Sivil vətəndaş cəmiyyəti ideyası və konfliktlər

Ölkələrin insani münasibətlər əsasında, konfliktsiz yaşaması günümüzdə daha çox dartışılan, aktiv müzakirə mövzusudur. Araşdırmalardan məlum olur ki, vətəndas cəmiyyəti termini ailə ilə dövlət arsında mövcud olan və müstəqil xarakter dasıyan bir system kimi izah edilir. Əslində bu termin heç də yeni deyil. Sözün kökü müstəqil vətəndas prinsipi üzərində qurulan ilkin Avropa siyasi düsüncə məktəbinə gedib çıxır. 1990-cı illərdən sonra baslanan inkisaf müzakirələrinə uyğun olaraq bu söz genis miqyas almağa basladı.
İstirakçılar cəmiyyətdə olan müxtəlif tipli təskilatlardır. Bura könüllülərdən ibarət assosiasiyalar, qadın qrupları, ticarət ittifaqları, kommersiya palataları, fermer tərəfdaslıqları, mədəni qruplar, idman cəmiyyətləri, dini qruplar, akademik və arasdırma institutları və.s daxildir. Mütəxəssislər hesab edir ki, vətəndas cəmiyyəti həm də cəmiyyətin bir parçası olaraq vətəndaslarla dövlət dairələri arasında körpü rolunu oynayır. Bəzən vətəndas cəmiyyəti "cəmiyyətin siyasi üzü" kimi də adlandırılır. Vətəndas cəmiyyəti insanların fikrini dövlət siyasəti, iqtisadi, siyasi və sosial sahədə bas verən proseslərə yönəltməklə qərarvermə prosesinə və ictimai resurslardan istifadədə vətəndasların istirakını artırır. Bu yolla insanların maraqlarını təmsil etmək və sosial dialoq yaratmaq üçün bir mexanizm funksiyasını yerinə yetirir. Vətəndas cəmiyyətinin əsasını əməkdaslıq, könüllü fəaliyyət və inam üzərində qurulmus prinsiplər təskil edir.
Ancaq dünyada, ölkələr arasında bu və ya digər səviyyədə, az, ya çox dərəcədə konfliktlər nəinki qalmaqdadır; hətta "sivil dünyanın" sivilliyinin "təsdiqi" kimi dəhşətli təəssüratlar yaratmaqdadır. O zaman bəşərin sabahı necə olacaq? Əgər konfliktlər aradan qaldırılmasa, ideal cəmiyyətlərdən danışmaq nə dərəcədə məntiqi görünə bilər?
Yazıda konflikt anlayışının hərtərəfli şəkildə ictimai düşüncədə gerçəkliklərinə toxunulur, problemdən çıxış yolları axtarılır. Araşdırmaçılar hesab edir ki, konflikt tərəfləri, onların qiymətləndirilməsi və statusu mühüm analitik təhlil obyektidir: "Tərəflər deyərkən məqsədləri üst-üstə düşməyən, qarşıdurmada olan siyasi qüvvələr nəzərdə tutulur. Bir qayda olaraq, konfliktin ən azı iki tərəfi olmalıdır. Mövcud politoloji ədəbiyyatda konflikt tərəflərinin qiymətləndirilməsində iki meyar tövsiyə olunur: status və qüvvələr balansı. Konflikt tərəfinin statusunun müəyyənləşdirilməsi konfliktin hüquqi aspektinin qiymətləndirilməsi üçün vacib şərtdir. Əgər konflikt tərəfləri kimi siyasi partiya, yaxud hərəkatlar çıxış edirsə, onda onların leqal və ya qeyri-leqal, ümummilli, yaxud yerli olub-olmaması müəyyənləşdirilməlidir. Konflikt tərəfləri kimi hakimiyyət orqanları qiymətləndirilirsə, bu zaman onların hansı ierarxiya sisteminə zidd olması, hakimiyyətin hansı qolunu (icra, qanunverici, yaxud məhkəmə) təyinetmələri bilinməlidir. Konflikt subyektinin müstəqil dövlət, tanınmış muxtar birlik, milli azadlıq hərəkatı, onun de-fakto, de-yure tanınmasından, üsyan edən, yaxud döyüşən tərəf kimi çıxış etməsindən asılı olaraq onun hüquqları və imkanları müəyyən edilir.
Beynəlxalq konfliktdə tərəfin statusu müəyyən edildikdə dövlətin (konflikt tərəfinin) böyük dövlət, yaxud regional lider, BMT üzvü, yaxud BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması çox böyük əhəmiyyət kəsb edir. Belə ki, əgər konflikt tərəfi BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdürsə, onda veto hüququndan istifadə etməklə, öz dövləti üçün arzuedilməz qərarı həmin orqandan keçirməyə imkan verməz. Bununla da konflikt tərəfinin statusu ikinci meyara - qüvvələr balansına təsir göstərir. Tərəflərin qüvvələr balansı onların malik olduqları maddi və mənəvi resurslarla müəyyən edilir. Beynəlxalq konfliktdə bu resursların məcmusu "Dövlətin qüdrəti" anlayışı ilə təsnif edilir. Buraya geosiyasi, iqtisadi, elmi, ideoloji, mənəvi-psixoloji, hərbi amillər daxildir. Praktikada bəzən beynəlxalq, siyasi konfliktə yalnız real qüdrət deyil, o biri tərəfin öz rəqibinin qüdrəti barədə təsəvvürlər də mühüm rol oynayır".
Amerika konfliktoloqu J.Mitçell "Beynəlxalq konfliktin strukturu" (1981) əsərində konfliktin dinamikasını araşdırarkən konfliktin strukturunda üç tərkib hissəni fərqləndirir: konflikt vəziyyəti; konfliktli davranış; konflikt məqsədləri. İki və çox siyasi qüvvələrin bir yerə sığmayan məqsədlər güddüyü vəziyyət konflikt vəziyyəti adlanır. Tərəflərin məqsədləri araşdırılır, mövcud vəziyyəti dəyişməyə səy göstərən tərəflər, həmçinin həmin vəziyyətin saxlanmasında faydalanan tərəflər aşkarlanır. Konflikt məqsədləri deyərkən K.Mitçell "gözləmələrin, emosional yönümün ümumi nümunələri, konflikt vəziyyətini müşayiət edən şərait və proseslərin qavranılması" kimi təqdim edir. "Konflikt məqsədi" anlamı siyasi konfliktin psixoloji aspektini açır. Ümumiyyətlə, hər bir konflikt labüd olaraq stress və ona qarşı müdafiə psixoloji reaksiyası yaradır. Adətən konfliktin yüksək intensivliyi səviyyəsində stereotipləşmə artır, qarşı tərəfdəki fərqlər nəzərə alınmır, stereotiplər kəskin neqativ xarakter alır. Konfliktin üçüncü mühüm tərkib hissəsi kimi konfliktli davranış bir tərəfin digər konflikt tərəfinə onun öz məqsədlərindən əl çəkməyə, yaxud təshih etməyə məcbur etmək məqsədilə gördüyü hərəkətləri əhatə edir. Konfliktli hərəkət həm zorakı, həm də qeyri-zorakı hərəkətləri nəzərdə tutur.
Hər bir konflikt vəziyyəti obyektiv məzmuna və subyektiv əhəmiyyətə malikdir. Konfliktin iştirakçılarına gəlincə, istər şəxsiyyətlərarası, istərsə də dövlətlərarası konfliktlər olmasından asılı olmayaraq bütün sosial konfliktlərin əsas iştirakçıları insanlardır. Həmin adamlar konfliktlərdə şəxs kimi, rəsmi adam kimi, hüquqi şəxs kimi iştirak edə bilərlər. Bundan başqa adamlar müxtəlif sosial qruplar və qruplaşmalar yarada bilərlər. Konfliktlərdə iştirak etmək dərəcəsi də müxtəlif ola bilər. Bunlar konfliktdə birbaşa iştirakdan tutmuş, konfliktə dolayı yolla təsir edən iştirakçılar ola bilər. Buradan çıxış edərək konflikt iştirakçılarını aşağıdakılara ayırmaq olar: konfliktin əsas iştirakçıları; müdafiə qrupları; digər iştirakçılar.
Konfliktin əsas iştirakçılarını çox vaxt tərəflər və yaxud da qarşı duran qüvvələr adlandırırlar. Bunlar konfliktin elə subyektləridirlər ki, onlar bir-birlərinə qarşı ya hücum, ya da müdafiə xarakterli fəal hərəkət edirlər. Bəzi müəlliflər "opponent" anlayışından da istifadə edirlər ki, bunun da latın dilində tərcüməsi "mübahisədə etiraz edən rəqib" deməkdir. Qarşıduran tərəflər hər hansı konfliktin əsas həlqəsini təşkil edirlər. Konfliktdə iştirak edən tərəflərdən biri konfliktdən çıxırsa, onda konflikt dayanmış olur.
Araşdırmaçıların yuxarıdakı qənaətləri onları belə bir fikrə gətirib çıxarır ki, qruplararası və dövlətlərarası konfliktlərdə köhnə iştirakçılardan birinin getməsi və ya yenisinin gəlməsi konfliktə əsaslı təsir göstərmir. Çox vaxt konfliktlərdə konflikti birinci başlayan tərəfi ayrıca qeyd edirlər: "Konflikti birinci başlayan tərəf konfliktin təşəbbüskarı adlanır. Lakin uzun müddət davam edən qruplararası konfliktlərdə konflikt təşəbbüskarlarını müəyyən etmək o qədər də asan deyil. Bir çox belə münaqişələr dərin köklərə malik olmaqla on illərlə davam etdiyindən onun əsl köklərini və səbələrini və eləcə də təşəbbüskarını müəyyən etmək çox çətindir. Bir çox tədqiqatçılar konflikt iştirakçılarının ranqı (real gücü) məsələsini ön plana çəkirlər. Opponentlərin ranqı dedikdə konfliktdə tərflərin öz məqsədlərini reallaşdırmaq imkanlarının səviyyəsi, onların fiziki, sosial, maddi, intelektual imkanları, bilik və bacarıqları, sosial təcrübəsi başa düşülür. Opponentin ranqı dedikdə, onun sosial əlaqələrinin genişliyi, ictmai və qruplar tərəfindən onun müdafiə olunmasının miqyası da nəzərdə tutulur. Şəxsiyyətlərarası konfliktlərdə opponentin ranqı onun fiziki gücü və silahı ola bilər. Dövlətlərarası müharibələrdə isə bu silahlı qüvvələrin hərbi hazırlığı və hərbi texnikanın xarakterindən asılı ola bilər. Praktiki olaraq bütün konfliktlərdə konflikt aparan tərəflərin arxasında müəyyən qüvvələr dayanırlar. Həmin qüvvələr ya özlərinin fəal hərəkətləri, ya da sakit müdafiə etmək yolu ilə konfliktin gedişatına və başa çatmasına əhəmiyyətli təsir göstərə bilirlər.
Müdafiə qrupları opponentin dostları işdəki həmkarları və s. ola bilər. Müdafiə qruplarına opponentlərin rəhbərləri və ya tabeliyində olan adamlar da daxil ola bilər. Qruplararası və dövlətlərarası konfliktlərdə müdafiə qruplarına dövlətlərarası birliklər, ictimai təşkilatlar, kütləvi təbliğat vasitələri daxil ola bilərlər".
Araşdırmaçıların fikrincə, həmin qrupa elə subyektlər daxildir ki, bunlar konfliktin gedişatına və nəticələrinə epizodik olaraq təsir göstərə bilirlər. Bunlar konfliktə təhrik edənlər və onu təşkil edənlərdir: "Təhrik edən ayrı-ayrı şəxslər, təşkilatlar və dövlətlər ola bilər. Konfliktə təhrik edən sonradan ola bilər ki, konfliktdə iştirak etməsin. Onun vəzifəsi nəzərdə tutulan konflikti qızışdırmaqdan ibarətdir. Konfliktin təşkilatçısı isə ayrı-ayrı şəxslər və qruplar ola bilər. Üçüncü tərəf (mediator) konfliktdə konflikti başa çatdırmaq üçün iştirak edir. Konflikt iştirakçıları konfliktin inkişaf etməsinə bilavasitə təsir göstərirlər. Mediator münaqişədə qeyri-zorakı metodlardan istifadə etdiyindən münaqişə iştirakçısına çevrilə bilməz. Meydana çıxmış konfliktə üçüncü tərəf müxtəlif cür cəlb olunur. Çox zaman üçüncü tərəf konfliktə qoşularaq bu və ya digər tərəflə müttəfiq kimi konfliktin son həllinə kömək edir. Məsələn, ABŞ Birinci Dünya müharibəsinə müttəfiqlərin tərəfində mərkəzi dövlətlərə qarşı daxil oldu. Üçüncü tərəfin partizan davranışı konflikt vəziyyətində tərəflərdən birinin imkanlarını artıra bilər və üstünlük verilən tərəfə rəqibinə ziyan vurmaq, yaxud rəqib tərəfindən bu cür hərəkətin azaldılmasına, yaxud onunla saziş bağlamağa kömək edə bilər. Vasitəçilik fəaliyyətini digər tərəfdən üçüncü tərəf iki tərəf arasındakı mübahisəli problemlərin tənzim olunması zamanı kompromis həllə nail olmaq məqsədilə həyata keçirir".

Uğur