Qarabağ və Şərqi Zəngəzur cənnətə dönür Layihə

Qarabağ və Şərqi Zəngəzur cənnətə dönür

İşğaldan azad olunan ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mərhələ-mərhələ həyata keçirilir. Ötən ayın sonunda daha bir qrup sakin dogma torpağına qovuşub. Beləki Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, bu köç də nəzərə alınmaqla Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailə (363 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Bu ayın ikinci ongünlüyündə isə doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Ötən gün isə Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülüb.

Bununla da Həsənrizə köçürülən ailələrin sayı 130-a (452 nəfər), Sarıcalıya köçürülən ailələrin sayı isə 186-ya (775 nəfər) çatıb.

Doğma yurd-yuvalarına qovuşan sakinlərimizin sevincinin həddi-hüdudu yoxdur, 30 ilin həsrətindən sonra dogma torpağına qovuşan Ağdərə rayonunun Həsənriz kənd sakini Almaz Həşimova doğma yurda qayıdacaqlarına həmişə inandıqlarını deyib.

O, illər sonra doğulub-böyüdüyü kəndə dönəcəyi üçün çox həyəcanlı olduğunu bildirib: “Torpaqlarımız işğal altında olduğu dönəmdə yenidən doğma Həsənrizə qayıdacağımıza ümid və inamımızı heç vaxt itirmədik. Budur, artıq kəndimizə gedirik. Ötən illər ərzində kəndimizin mənzərəsini, saf-təmiz havasını unutmadım.

Əşyalarımızı axşamdan toplayaraq yola çıxacağımız saatı gözləyirdik. İndi çox həyəcanlıyam, Həsənrizə tez çatmaq üçün səbirsizlənirəm. İnanın, hər saat mənə bir il qədər uzun gəlir.

Vətən torpaqlarının azadlığı uğrunda canından keçərək bizlərə sevinc yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, dövlətimizin daim qüdrətli, bayrağımızın hər zaman uca olması üçün dualar edirik”.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərin tezliklə bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı hazırda əsas müzakirə mövzsudur. Bütün bunlar isə olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən prosesdir. Bu işə dövlətin imkanlarının səfərbər olunması ilə yanaşı, digər maliyyə mənbələrinin də cəlb edilməsi vacib və arzu olunandır. Lakin Azərbaycan heç bir kənar qüvvənin dəstəyi olmadan Qarabağ və Şərqi Zəngəzurda quruculuq, bərpa işlərini sürətlə aparır. F.Kərimov əlavə edib ki, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda yüksək temp və keyfiyyətlə bərpa işləri həyata keçirilir. Bu isə ilk növbədə güclü düşünülmüş siyasət, daha sonra maliyyə resursları və peşəkar kadr potensialı hesabınadır: “Bu gün həmin bölgə böyük inkişaf prosesindədir. Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilən ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış sürətlənib. Yeni iş yerlərinin açılması, yolların çəkilməsi, bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar dağ-mədən layihələrinin icrasına başlanılması, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi və s. onu deməyə əsas veirir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni istinad nöqtəsi olacaq. Bütövlükdə, azad edilən torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək”.

Yeri gəlmişkən, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılan Komissiyanın ilk iclası keçirilib.

İclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranan vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirib. Bu strateji hədəflər Prezident İlham Əliyevin imzaladığı Sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapıb. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlət başçısının 2022-ci ildə imzaladığı Sərəncamlarına əsasən “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı qəbul edilib.

Strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulan tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub.

“Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. Azad olunan ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.

İclasda Komissiyanın iş reqlamenti müəyyənləşdirilib, görüləcək işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparılıb. Prezidentin Sərəncamlarından irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə, vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda 1 dəfədən az olmayaraq keçirilməsi, mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırılıb.

İclasda Strategiya və Dövlət Proqramının hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirilib.

Baş nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib.

Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur.

O da vurğulanıb ki, azad olunan ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.

Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.

Cavid