

“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər”
İyunun 20-də Bakı Avrasiya Universitetində Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib.
Tədbirdə Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri və layihənin rəhbəri Xanoğlan Əhmədov giriş sözü ilə çıxış edərək layihənin məqsədi barədə məlumat verib: “Həyata keçirdiyimiz layihənin məqsədi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərin aşkar edilməsinə, həmçinin dilin qorunması və inkişafı üçün tövsiyələrin hazırlanmasına, dilin təbliği və düzgün istifadəsinin təşviqinə yönəlmiş tədbirlərin görülməsinə yardım etməkdir”.
“Dilin təmizliyi – millətin şəxsiyyətidir”
Giriş nitqindən sonra BDU-nun jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis Əlisafa Mehdi “Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri” mövzusunda məruzə edib.
Ə.Mehdi məruzəsində qeyd edib ki, qloballaşan dünyada, internetin mədəniyyətləri və dilləri çulğaşdırdığı məkanda dilin daim sahmanda olması hər bir doğma dil daşıyıcısının haqqı və məsuliyyətidir. Onun sözlərinə görə, “Azərbaycan dili milli dəyərdir” anlayışı yalnız şüar yox, ictimai davranış normalarında özünü göstərməlidir. “Dilin informasiya cəmiyyətində rolu yalnız kommunikasiya deyil, həm də milli dəyərin ideoloji daşıyıcısı kimi qəbul edilməlidir.
KİV-in dili cəmiyyətin dili deməkdir. Bu səbəbdən, mediada ədəbi dilin qorunması – gələcək nəsillərə sağlam dil mühiti miras qoymaq üçün strateji vəzifədir. Dilin təmizliyi – millətin şəxsiyyətidir”-məruzəçi çıxışında bildirib.
Ə.Mehdi hesab edir ki, Azərbaycan dili milli ruhumuzun, mədəniyyətimizin səsidir. Ona görə də dil qorumaq təkcə filoloqların və dilçilərin yox, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti kimi qəbul edilməlidir, jurnalistlərin, müəllimlərin, dizaynerlərin, siyasətçilərin, sosial ekspertlərin və sıravi vətəndaşların da borcudur: “Mediada hər düzgün işlədilən söz, gələcək nəsillərə örnək olacaq bir addımdır”.
“Bu dil mədəniyyətimizin qoruyucusudur”
Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dili və mədəniyyəti, eləcə də milli və bəşəri dəyərlər bu gün Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşıyır və aktuallığını qoruyur. Hazırda dünyada 50 milyondan çox insanın ana dili kimi istifadə etdiyi Azərbaycan dili, yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqımızın tarixini, mədəni irsini və mənəvi dəyərlərini yaşadan mühüm bir dəyərdir.
Azərbaycan dili dövlətçiliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, milli kimliyimizin ayrılmaz tərkib hissəsidir. Bu dil həm tarixi yaddaşımızın daşıyıcısı, həm də mədəniyyətimizin qoruyucusudur. Bu səbəbdən, Azərbaycan dilinin yaşadılması və inkişaf etdirilməsi təkcə dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən müqəddəs borcdur.
“Dilimiz çox gözəldir və böyük arealda ünsiyyət vasitəsidir”
Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri Dilçilik və türk dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə xanım Rüstəmbəyli çıxışında dilimizin inkişaf tarixindən bəhs edərək onun hansı mərhələlrdən keçdiyi barədə qısaca məlumat verdi: “Azərbaycan dili zəngin tarixi olan, qədim köklərə dayanan bir dildir. Bu dil uzun əsrlər boyunca müxtəlif dövrlə uyğun şəkildə formalaşıb və bugünkü yüksək səviyyəsinə çatıb”.
Zəminə xanım vurğuladı ki, dilimiz çox gözəldir və böyük arealda ünsiyyət vasitəsidir. Azərbaycan dili yalnız respublikamız daxilində deyil, xarici ölkələrdə, xüsusilə türk xalqları arasında geniş ünsiyyət vasitəsidir. Onun sözlərinə görə, kənar sözlərin dilimizə daxil olmasından qorxmaq lazım deyil, çünki dil özü bu prosesi yönəldəcək. Kafedra müdiri hesab edir ki, dilimizin gözəlliyi və zənginliyi yalnız onun lüğət tərkibi və qrammatik quruluşu ilə deyil, həm də onun milli kimliyimizi və mədəni dəyərlərimizi əks etdirməsi ilə ölçülür.
“Bu gün haqlı olaraq dilimizdəki problemlərdən danışırıq və danışmalıyıq”
Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri Dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə çıxış edərək dilimizin saflığı, onun qorunması uğrundakı hər bir təşəbbüsü alqışladığını bildirdi. Onun sözlərinə görə, dil təkcə ünsiyyət vasitəsi deyil, millətin ruhudur, dildə millətin ruhu yaşayır. Dil xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və dünyagörüşünü daşıyan müqəddəs bir varlıqdır.
Ə.Tahirzadə hesab edir ki, bu gün haqlı olaraq dilimizdəki problemlərdən danışırıq və danışmalıyıq: “ Xüsusilə müasir dövrdə ana dilinin qorunması daha vacib bir məsələdir. Televiziya, radio, mətbuat və sosial şəbəkələr dilimizin gündəlik istifadəsində əsas vasitələrə çevrilib. Bu sahələrdə dil pozuntularının artması bizi ciddi narahat etməlidir. Hesab edirəm ki, sosial şəbəkələrdə, eləcə də mediada rastlaşdığımız dil pozuntularının əksəriyyəti təkcə istifadəçilərin diqqətsizliyindən və ya məsuliyyətsizliyindən qaynaqlanmır. Dilə sevgi və məsuliyyətlə yanaşmaq dil qurumlarının, ziyalıların və hər bir vətəndaşın borcudur”.
“Dilimizə yeni sözlərin daxil olması təbii prosesdir”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Qubadov isə hesab edir ki, dilimizə yeni sözlərin daxil olması təbii prosesdir. Zamanla cəmiyyətin inkişafı, yeni texnologiyaların yaranması ilə dil də bu dəyişikliklərə uyğunlaşmalı olur. Bu uyğunlaşma çərçivəsində yeni sözlər ya başqa dillərdən alınır, ya da mövcud dilin imkanları daxilində yaradılır. Bu prosesi süni şəkildə sürətləndirmək və ya zorla istiqamətləndirəndə arzuolunan nəticələr vermir.
Onun fikrincə, cəmiyyət hansı sözlərə ehtiyac duyursa, həmin sözlər zamanla qəbul olunur və işlək hala gəlir. Ehtiyac duyulmayan sözlər isə tez unudulur.
Ona görə də yeni sözləri dilə daxil edərkən ehtiyac prinsipi əsas götürülməlidir. Cəmiyyətdə öz yerini tapa biləcək sözlər qəbul edilməli, dilin təbiətinə uyğun gəlməyən sözlər isə mədəni şəkildə kənarda saxlanılmalıdır. Bu zaman həm dilin zənginliyi artır, həm də onun təbii inkişafına müdaxilə edilməmiş olur.