Sarkisyan təşviş içindədir Layihə

Sarkisyan təşviş içindədir

O, hakimiyyətini qorumaqdan ötrü müxtəlif vasitələrə al atmaq məcburiyyətində qalıb

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Sarkisyan rejimi ilə müxalifət arasında münasibətlər gərginləşir. Sarkisyan hakimiyyətini qorumaqdan ötrü müxtəlif vasitələrə al atmaq məcburiyyətində qalıb. İşğalçı ölkənin sabiq prezidenti Levon Ter Petrosyanın işağl edilən ərazilərin Azərbaycana qaytarılması və sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı fikirləri vəziyyəti daha da gərginləşdirib. Onu da qeyd edək ki, bu seçkilərdə olan bütün namizədlər, bloklar Dağlıq Qarabağ münaqişəsinin həllini platformalarına salıblar. Sarkisyan isə Fransa, Rusiya və Ərəb Əmirliklərinə səfərindən sonra Dağlıq Qarabağa gedib. Orada da münaqişənin həlli ilə bağlı öz fikirlərini söyləyib. Ənənəvi olaraq işğalçı ölkə rəhbəri daxili auditoriyanı sakitləşdirəcək bəyanatlar verib. Erməni əsgərlər və onların ailələriylə görüşü zamanı deyib ki, işğalçılıq siyasətini davam etdirəcək və işğal etdiyi torpaqları qaytarmayacaq.
Müşahidəçilərin fikrincə, prezident Sarkisyanın Azərbaycanı təhdid etməsi təsadüfi deyil və daha çox aprelin 2-də növbəti parlament seçkisi keçirəcək Ermənistanın öz daxili ictimai rəyinə hesablanıb.
Politoloq Heydər Oğuzun fikrincə, ötən ilin 2 aprel uğursuzluğundan sonra Ermənistan cəmiyyətində hərbi əməliyyatların yenidən başlamasından ciddi qorxu və təlaş yaranıb və bu səbəbdən də Azərbaycanla sülh razılaşmasına getməkdən başqa çarənin olmadığı fikirləri güclənməkdədir:"Xüsusən də sabiq prezident Levon Ter Petrosyanın və tərəfdarlarının seçkiqabağı bu yöndəki təşəbbüsləri Ermənistan cəmiyyətində ciddi dəstək qazanmaqdadır.
Elə Ermənistan rəhbərinin Azərbaycana yönəlik təhdidləri də ilk növbədə xalqına ruh yüksəkliyi aşılamaq cəhdiylə izah olunur. Xüsusilə seçki ərəfəsində və 2 aprel ildönümündə Azərbaycan silahlı qüvvələrinin hərbi əməliyyatlara başlaya biləcəyindən xoflanan erməni əsgərləri özlərini təhlükədə hiss edir və bu da onların döyüş ruhuna xeyli mənfi təsir göstərir. Məhz bu ruh düşkünlüyünün qarşısını almaq üçün də onlarda Azərbaycanın bütün həmlələrinə cavab verəcək gücdə olduqlarına inam aşılamağa çalışılır.
Sarkisyanın təhdid obyekti kimi nəzərdə tutduğu tərəf barədə cəm şəkilçisindən istifadə etməsi də maraqlıdır. O, bu fikirləri səsləndirərkən, həm də Türkiyəyə hədə-qorxu gəlir.
Son zamanlar Qərb ölkələriylə araları soyuyan qardaş ölkə Rusiyayla əlaqələrini möhkəmlətməyə çalışır. Ermənistan isə Rusiyanın regiondakı əsas "arxa bağçası" kimi tanınır. Ankara-Moksva münasibətlərinin yaxşılaşması ilk növbədə Rusiyanın nəzərində Ermənistanın geoplitik əhəmiyyətini azalda bilər. Görünür, bu münasibətlərin korlanması Ermənistanın ölüm-qalım məsələsi kimi dərk olunduğundan, türk "çomağına buynuz sürtməklə" özünü Rusiyanın "strateji müttəfiqi" kimi hiss edən müasir erməni siyasi iradəsinin də tələblərinə cavab verir.
Bir sözlə, Sarkisyanın "qəhrəmancasına" nitqi hərbi yox, bir neçə məqsəd güdən siyasi xarakter daşıyır".
Politoloq Elşən Həsənovun fiklrincə isə Sarkisyan yenə də öz ampluasındadır: "Əslində onun bu çıxışında elə də təəccübli bir şey görmürəm. Son dövrlər Azərbaycan tərəfinin müxtəlif ölkələrdən aldığı müasir texnika və hərbi ləvazimatlar haqqında Ermənistan mətbuatında da yazılara rast gəlmək olur. Təbii ki, bu tip yazıların verilməsi ictimaiyyət arasında müzakirələrə və Azərbaycan Ordusunun hərbi qüdrətinin artması baxımından təşvişə səbəb olur ki, bu da sonda Ermənistan ordusuna inamın azalmasına gətirib çıxarır. Bundan başqa, iqtisadi-siyasi böhran keçirən Ermənistanda, daxili problemlərdən diqqətin yayındırılması məqsədi ilə söylənilən belə fikirlər daxili auditoriyaya hesablanmış fikirlərdən savayı bir şey deyildir. Əlbəttə ki, Sarkisyan, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun üstünlüklərini kifayət qədər hiss edən qarşı tərəfə də hansısa dərəcədə bir təsəlli verməli idi".
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda yaxınlaşan parlament seçkiləri, bu ölkədə siyasi qüvvələr arasında mübarizəni kəskinləşdirməkdədir. Bu qüvvələr öz seçki kampaniyalarında daxili auditoriyaya hesablanmış müxtəlif bəyanatlar verməkdədir. Hazırda hakim "Respublika" partiyası, digər müxalifət partiyalarından fərqli olaraq, Dağlıq Qarabağ probleminin həllində "sərt xətt" siyasəti aparır. Çünki, hakim rejim məhz Qarabağ kartından istifadə edərək, hakimiyyəti qəsb edib. Erməni dövlət başçısının Azərbaycana qarşı təcavüzçü açıqlamaları, danışıqları sabotaj etməsi, ölkənin siyasi qüvvələri arasında fikir ayrılığına gətirib. Ermənistan müxalifətinin aparıcı qüvvələri olan Milli Konqrens və Ohanyan-Oskanyan -Ovenasyan bloku Qarabağ münaqişəsinin həllində sülh və kompromislərin tərəfindədir: "Ötən həftə Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək, burada hərbi təlimlərə qatılıb və ölkəmiz əleyhinə savaş bəyanatları səsləndirib. Qeyd edim ki, Sarkiyanın bu sərsəm bəyanatları reallıqdan uzaqdır, həmçinin danışıqlar prosesinə zərbə vurmaq kimi xarakterizə olunmalıdır. Çünki, real danışıqların başlanılması üçün Minsk qrupu diplomatik danışıqları intensivləşdirib. Sarkisyan bu bəyanatı verməklə, Minsk qrupunun da diplomatik səylərini heçə endirir. Danışıqların başlamasına heç müsbət zəmin yaratmır. Hesab edirəm ki, Sarkiyanın Qarabağda söylədiyi fikirlər boş bir bəyanatdı. Hazırda Aprelin axırlarından yenidən danışıqların başlanması, gözlənilir. Danışıqlar Bakıda İslam oyunlarının keçirilməsinə kimi davam edəcək. Bundan sonra, müəyyən hadisələrin inkişafını gözləyək".
Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, bədnam qonşularımız olan Ermənistan tərəfinin son vaxtlar sərgilədiyi hərəkətlər onu deməyə əsas verir ki, bu ölkə yaxın zamanlarda da Qarabağla bağlı hər hansı bir ağlabatan addımlar atmaq niyyətində deyil. Bunların ard-arda verdikləri mənasız bəyanatlar, hədə dolu boşboğaz fikirlər və az qala sıravi vətəndaşlarında belə gülüş doğuran açıqlamaları ona hesablanıb ki, vaxt qazansınlar, aprelin 2-də parlamentlərinə seçkiləri keçirib öz növbəti hoqqalarını davam etdirsinlər.
Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində heç bir irəliləyiş olmadığını Azərbaycan rəhbərliyi də dəfələrlə məhz Ermənistan tərəfinin qeyri-konstruktiv addımları ilə izah etmişdi və göründüyü kimi, bu hələ ki, belə davam edir: "Nə beynəlxalq qurumlar, nə aparıcı dövlətlərin rəsmi şəxsləri cinayətkar Serj Sarkisyanla keçirdikləri görüşlər zamanı da onu Qarabağ münaqişəsi ilə bağlı təcili və təsirli addımlar atmağa məcbur etmək istəmirlər. Status-kvonun bir xeyli bu vəziyyətdə qalmasında maraqlı görünən Ermənistan daxildə olan çox güclü konfrantasiyadan diqqəti yayındırmaq üçün də cəbhədə, cəbhəyanı bölgələrdə hərbi təlimlər keçirməklə öz məqsədlərinə nail olmağa can atır.
Belə bir vəziyyətdə biz də sonsuzluğa qədər səbr və dözüm nümayiş etdirmək niyyətində deyilik. Nəyin bahasına olursa olsun, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmalıdır. Bu istiqamətdə Silahlı Qüvvələrimiz öz döyüş hazırlıqlarını bir qədər də artırmaq üçün lazım olan işləri görməkdədirlər. Hesab edirəm ki, yaxın vaxtlarda ordumuz düşmənin ağlını başına yığması üçün bəzi təsirli addımlara əl atmağa məcbur olacaq. Baş verən son hadisələr də bunu deməyə əsas verir".
Ekspert Nail Cəlilin fikrincə, Sarkisyanın Dağlıq Qarabağ və səfər etdiyi digər yerlərdə münaqişənin həlli ilə bağlı söylədiyi fikirlərin heç bir əsası yoxdur: "Dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Düzdür, ikili standartlar da mövcuddur, bu da xristian təəssübkeşliyindən irəli gəlir. Amma reallıq odur ki, Sarkisyan hakimiyyəti Dağlıq Qarabağın müstəqilliyini qoruyub saxlamaq gücündə deyil. Çünki verilən vədlər yerinə yetirilməyib. Üstəlik, Qarabağın tezliklə Azərbaycana qaytarılacağı da şübhəsizdir. Sarkisyan və onun havadarları yaxşı bilirlər ki, Azərbaycan heç zaman torpaqlarının işğalda qalmasına göz yummayacaq. Müharibənin qaçılmaz olduğunu Sarkisyan yaxşı dərk edir. Ona görə də hara çatırsa Azərbaycanın ünvanına təhdidlər yağdırır. Bizi qorxudur, amma özü bərk qorxur, təşviş içindədir. Bir təfərdən daxildəki narazılıq, bir tərəfdən də Azərbaycanın güclənməsi".

Cavid