Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı? Layihə

Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı?

5-ci yazı

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr haqqında danışılır: "Artıq Sultanlar və Sadınlar kəndlərində döyüş mövqeyi tutan milli ordumuzun hissələri Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verərək, ölkənin içərilərinə doğru geri çəkildilər. Çünki erməni tərəfi azərbaycanlıların üzərinə hücum etməyəcəkləri barədə öhdəlik götürmüşdülər. Yolların tamamilə təhlükəsiz olduğuna əmin olan general Andronik Tiflisdə səfərbərliyə aldığı beş minlik muzdlu ordu ilə Zəngəzura girdi. Bir neçə gün Gorusda dayanan erməni komandanı əslində Azərbaycanın hərbi bölmələrinin Zəngəzurun kəndlərindən tamamilə çıxıb çıxmadığını yoxlayırdı. Erməni kəşfiyyatının gətirdiyi məlumatlardan sonra rahatlanan erməni ordusunun komandanı artıq arxayınlıqla Qarabağ üzərinə gedərsə, heç bir problemin olmayacağına əmin oldu. O, özünün muzdlu terrorçu silahlı qüvvələri ilə bərabər Gorus-Abdallar-Şuşa istiqamətindən Qarabağa daxil olmaq üçün hazırlıqlara başladı. Onun niyyəti, Azərbaycanın Milli hökumətini Qarabağda devirərək, Gəncə, Quba, Şamaxı bölgələrinin də erməni mülki əhalisini və hərbi qruplaşmalarını Azərbaycan hökumətinə qarşı qaldıraraq, ölkədə itaətsizlik yaratmaqla, AXC hökumətini daxildən sarsıtmaq idi.
Andronik bu arzularla beş minlik ordu ilə Gorus-Abdallar-Şuşa yolu ilə Zabux kəndini keçərək Zabux istiqamətindən Qarabağa doğru hərəkətə keçdi. Andronikin gəlişindən əvvəlcədən xəbər tutan Qarabağ general-qubernatoru Xosrov bəy, qardaşı Sultan bəyə, bu ordunu Zəngəzurda qarşılamağa göstəriş verdi. Sultan bəy necə məsuliyyətli bir işin altına girdiyini yaxşı anlayırdı. O, öz partizan dəstəsi ilə müqayisədə sayca özündən dəfələrlə üstün olan Andronikin qoşunlarını qəfil hücumlarla yaxalamaq istəyirdi. Bunun üçün o, bölgədə tamamilə səssizlik şəraiti yaratmaqla generalı yolun təhlükəsiz olduğuna tam əmin edə bilmişdi. Sultan bəy Andronikin gəlişindən bir neçə gün öncə strateji cəhətdən çox əhəmiyyətli olan Zabux-Abdallar istiqamətində "Tat dərəsi" deyilən pöhrəlik bir ərazidə döyüş mövqeyi seçərək pusqu qurmuşdu. Bu ərazi çox girintili-çıxıntılı uzun bir dağ silsiləsidir. Bu ərazinin dərin uçurumlarla əhattə olunan ətəyindən Həkəri çayı axıb keçir. Bu dərədən keçən yolun həm aşağı və həm də yuxarı hissələrində keçiləsi mümkün olmayan uçurumlar bir-birini tamamlayır. Əslində mühasirə şəraiti yaratmaq üçün bu ərazi çox ustalıqla seçilmişdi. Nəhayət, gözlənilən an gəlib çatdı. Andronikin qoşunları tamamilə dərəyə daxil olduqdan sonra Sultan bəyin partizanları pusqudan çıxaraq qoşunu müxtəlif istiqamətlərdən, xüsusən də arxa və qabaq tərəflərdən atəşə tutdular. Gözləmədikləri bu hücumdan təşvişə düşən erməni bölmələri çaşqın vəziyyətdə hətta biri-birinə atəş açırdılar. Burada təqribən bir günlük çox şiddətli döyüş getdi. Bu döyüş zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlik başının dəstəsi ilə Gorus istiqamətdə qaçmağa imkan tapdı.
Şahidlərin dediyinə görə həmin gün bu dərədə "qan su kimi Həkəri çayına axırdı". Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı. Bu biabırçı məğlubiyyətdən sonra erməni generalı Andronik Tiflisə gedərək oradan Amerikaya yola düşdü. Onu hüzünlü və pərişan durumda erməni ordusunun generalı F.Nazarbekov, Samson Melik-Şahnazaryan və digər hərbçilər yola saldılar. Andronik ömrünün sonuna qədər bu məğlubiyyətin acısını yaşadı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin başı Zəngəzurda və Qarabağda erməni separatçılarının hücumlarını dəf etməyə qarışdığı bir zamanda, Rusiya Dağıstan və Həştərxan (Astrxan) vilayətlərinin ərazilərindən qurudan və sudan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinə hücum etdi. 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın hərbi təcavüzü nəticəsində süqut etdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra (29 noyabr 1920-ci il tarixdə) Rusiya Zəngəzur da daxil olmaqla Azərbaycanın 9 mahal və qəzalarını birləşdirərək Ermənistan Respublikası adlı bir dövlətin yaradıldığını elan etdi. Bu Rusiyanın işğalı altındakı Azərbaycan torpaqları üzərində yaratdığı, bəşər tarixində ilk dəfə adı çəkilən ilk erməni dövləti idi. Bu hadisədən sevinərək gözləri yaşaran bir Fransız jurnalisti yazırdı: "Bu bəşəriyyət tarixinə müstəqil erməni dövləti kimi daxil olan yeganə dövlətdir".

SSRİ dövründə Dağlıq Qarabağ problemi

F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də ermənilərin torpaq iddiaları ilə üz-üzə gəldi. Ermənilər tərəfindən Azərbaycanın İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atıldı. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur oldular. Bu mərhələdə də Azərbaycan bir xeyli torpağından ermənilərin xeyirinə əl çəkməli oldu. Rus millətçilərinin yürütdükləri məkrli siyasət nəticəsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan erməni dövləti yaradıldı. Bu barədə ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilirdi: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan əhalisi 1 milyon 510 min nəfər, ərazisi 17 min 500 ingilis kvadrat mili həcmində idi. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər".
1920-ci ildə Azərbaycan Demokratik Respublikasını silahlı müdaxilə yolu ilə zorla devirən Rusiya Azərbaycanın "tərkibində" 7 İyul 1923-cü ildə (DQMV) (Dağlıq Qarabağ Muxtar Vilayətini) yaradaraq, Azərbaycanda hər an közərməyə qadir olan separatizmin əsasını qoydu. Bunun da nəticəsində Cənubi Qafqazda azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlandı. Dağlıq Qarabağı da Rusiya o dövrdə Zəngəzur vilayəti kimi Ermənistana ilhaq edə bilərdi, lakin Rusiya bunun nəticəsində Azərbaycanda yarana biləcək etirazların və bölgələrdə baş verə biləcək milli münaqişələrin qarşısını almaq halında deyildi. Odur ki, bu məsələnin baş tutmamasında Rusiyanın iqtisadi cəhətdən zəifləməsi əsas rol oynadı.
Əslində DQMV-nin yaradıldığını elan etməklə Rusiya Dağlıq Qarabağ məsələsini elə XX əsrin əvvəllərində ermənilərin xeyirinə həll etmişdi. Məsələnin görünən tərəfi o idi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir erməni muxtar vilayəti yaratmışdı. Məsələnin görünməyən tərəfi isə o idi ki, DQMV-nin bütün daxili tələbatı Azərbaycanın büdcəsindən ödənsədə Vilayətin idarə edliməsinin rıçaqları birbaşa Moskvanın və İrəvanın əlində idi. Moskva və İrəvan Dağlıq Qarabağa birbaşa yardımlar edir, vilayətin bütün problemlərinin həllini həyata keçirirdi. Bunun da nəticəsi o idi ki, vilayətin əhalisi, ölkənin digər bölgələrinin əhalisindən daha firəvan yaşayır və köçürülənlərin hesabına burada ermənilərin sayı günbəgün artırdı. Faktiki olaraq Sovetləşmə dövründə bu vilayətin Azərbaycana heç bir tabeçiliyi və ya Bakıdan heç bir asılılığı yox idi. Lakin Azərbaycan hökuməti faktiki olaraq Dağlıq Qarabağın icraedici orqanları üzərində yalnız qeyri-rəsmi nəzarət missiyası həyata keçirə bilirdi.
Bütün bunlar erməniləri heç də qane etmirdi, onlar nə yolla olursa-olsun Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiasında idilər. 1945-ci ilin noyabr ayında Ermənistan K(b)P MK katibi Q.Arutyunov İ.Stalinə müraciət edərək, bu iki Respublika arasında iqtisadi əlaqələrin "bağlılığını" əsas gətirərək Azərbaycan SSR-in DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edliməsi haqqında məsələ qaldırdı. Məlumat baxılmaq üçün Azərbaycan tərəfə göndərildi, lakin rəsmi Bakı sənədi müzakirəyə çıxarmadan rədd etdi. Bundan iki il sonra SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalıqına köçürülməsi haqqında" qərarı qəbul edildi. Qərar əsasında 150 minə yaxın azərbaycanlını öz əzəli torpaqlarından məcburi surətdə qovuldular.
Rusiya tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək siyasətinə sadiq qalaraq Ermənistanı monoetnik bir dövlətə çevirməyə nail oldu. Məhz bu üsulla 1935-1989-cu illərdə Moskvada minlərlə Azərbaycan toponimi xəritələrdən silindi. Sovet hakimiyyəti illərində ermənilər, rusların köməyi ilə azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını müntəzəm şəkildə təmin etdilər. Belə ki, 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Ermənistana köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələyə Stalin şəxsən razılıq verdi. Bu da azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoydu. Çünki İrandan gələn ermənilərin məskunlaşması üçün ərazilər və evlər boşaldılmalı idi. 1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlandı. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürüldü. 1948-ci ildə isə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürüldü. Ermənistanda gəlmə ermənilər üçün lazimi şərait yaradılmadığından onların bir qismi oranı tərk etdilər, daha bir qismi isə ümumiyyətlə Ermənistana köçməkdən imtina etdilər. Məhz bu səbəbdən də 1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda Ermənistanda 476-dan çox kəndin istifadəsiz qalması barədə məsələ müzakirə edildi.

Uğur