“Danışıqlar prosesinin gündəliyi və formatı bəllidir” Layihə

“Danışıqlar prosesinin gündəliyi və formatı bəllidir”

Hikmət Hacıyev: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir"

Mübariz Əhmədoğlu: "Paşinyan inqilabı Ermənistanın strateji inkişaf perspektivlərini qeyri-müəyyən edib"

Azərbaycan Naxçıvanda keçirdiyi əməliyyatla içğalda olan 11 min hektar torpağını azad etdi. Bu onu göstərdi ki, Azərbaycan torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq. İşğal altında olan bütün ərazilər erməni işğalçılarından təmizlənəcək. Bəllidir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və Nikol Paçinyan inqilab yolu ilə hakimiyyətə gəldi. Amma Paşinyanın danışıqlar prosesi ilə bağlı verdiyi qeyri peşəkar açıqlamalar və digər təxribat xarakterli addımlar həll prosesinin necə davam etdiriləcəyi ilə bağlı sual işarəsi yaratdı. Paşinyan Azərbaycan ərazilərinə səfər etməklə və Dağlıq Qarabağ əhalisinin adından danışmağa mənəvi haqqının olmadığını deməklə əslində hansı səviyyəyə malik isyasətçi olmasını ortaya qoydu. Amma Paşinyanın şousu bununla bitmir. Ermənistan baş nazirinin oğlunu Qarabağda hərbi xidmət keçməsi ilə bağlı Ermənistan mediasında aparılan təbliğatla şou davam ertdirilir.
Belə olan təqdirdə danışıqlar prosesi necə və kiminlə, hansı formatda aparılacaq?
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir". H. Hacıyev qeyd edib ki, hələlik Azərbaycan və Ermənistanın 1-ci şəxslərinin görüşü gündəlikdə deyil.
Hikmət Hacıyev həmçinin diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya göstərir ki, bu, bir siyasi şouya çevrilib. Onun sözlərinə görə, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır: "Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Hökumət bu 100 gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atmaq əvəzinə, belə populist addımlarla öz reytinqini saxlamağa çalışır".
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti göstəricisidir: "Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir".
Sual doğuran məsələlərdən biri də Paşinyan Ermənistanının hansı istiqmətdə siyasət yürüdəcəyi, hara meyllənəcəyi ilə bağlıdır ki, bu da danışıqlar prosesində mühüm rol oynayan faktorlardan biridir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Paşinyan inqilabı Ermənistanın strateji inkişaf perspektivlərini xeyli qeyri-müəyyən edib: "Rusiya, ABŞ və İranda Ermənistanın hansı istiqamətdə inkişaf edəcəyini heç kəs bilmir. İş burasındadır ki, Ermənistanın özünün daxilində heç kəs Ermənistanda bundan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdıra bilmir". "Nikol Paşinyan konkret antiRusiya şüarlarla hakimiyyətə gəldi. Qarabağ məsələsinə tam laqeydlik göstərdi. Az keçmiş Qarabağ məsələsində mövqeyini 180 dərəcə dəyişdi, sosial-iqtisadi məsələlərlə bağlı xeyli vədlər verdi. Az sonra vergi sistemi və sosial yığım fondları ilə baş verənlər göstərdi ki, N.Paşinyan bu sahədə də verdiyi vədlərdən tamamilə geri çəkilir. Amma ən çox qaranlıq məsələ Ermənistanın geostrateji seçimindədir. N.Paşinyan "məxməri inqilab" texnologiyası ilə hakimiyyətə gəldi. Adətən belə texnologiyalar ABŞ-la əlaqəlidir və motivasiyada bəlli idi ki, ABŞ Ermənistanın energetika sahəsinə 8 milyard investisiya qoymaq istəyir. Bununla da ABŞ Ermənistanı Rusiyanın enerji asılılığından çıxarır və nəticədə Ermənistan iqtisadi müstəqillik əldə etmiş olurdu. Serj Sərkisyan bu addıma gedə bilmədi. ABŞ S.Sərkisyanın devrilməsinə, N.Paşinyanın hakimiyyətə gəlməsinə şərait yaratdı. İndi N.Paşinyan hakimiyyətə gələni Rusiya ilə münasibətləri normallaşdırmaq barədə bəyanatlar verir, AİB, KTMT ilə bağlı dediyi fikirlərin tərsinə olaraq indi AİB-i Ermənistanın inkişafı üçün ən prioritet elan edir.
ABŞ-ın da mövqeyi bəllidir: Yalnız Ermənistanda parlament seçkilərindən sonra ABŞ Ermənistandakı hakim komandaya inanacaq. ABŞ üçün vacib odur ki, xalq seçki sisteminə inansın. Amma bəllidir ki, ən çox zərər çəkən Rusiyadır. Ermənistan "məxməri inqilabın" özünü daha məxməriləşdirə bilər. Ukraynada, Gürcüstanda olduğu kimi bir addıma deyil, yaxın vaxtlarda aparılan islahatlar nəticəsində Ermənistan Rusiyanın təsir zonasından tamamilə çıxacaqdır. Atdığı addımlar Kremlin bunu başa düşdüyünü bunu göstərir. Rusiya başa düşür ki, Ermənistanda yenidən ABŞ və İranın maraqları güclənib.
Rusiya Ermənistan məsələsi ilə daimi məşğul olmaq fikrində deyil. Kreml Ermənistanda N.Paşinyan inqilabı tipli hadisələri istisna etmək kursu götürüb. Son dövrlərdə Yuxarı Larsda Ermənistandan gedən kənd təsərrüfatı maşınlarının sərhədi keçə bilməməsi, rusiyalı rəsmilərin Ermənistan rəsmiləri ilə görüşləri bunu deməyə əsas verir.
N.Paşinyan və onun ətrafı baş verənləri başa düşmək istəmir. N.Paşinyanın atdığı addımlardan biri diaspor ermənilərinin Ermənistanın idarəçiliyinə cəlb etməkdir. Hal-hazırda bu istiqamətdə praktiki işlər başlayıb. Bu Rusiyanı daha çox narahat edir: Yaxın Şərqdən gələn ermənilər terrorçuluq, Qərbdən gələn ermənilər isə antiRusiyaçılıq ideyalarının daşıyıcılarıdır. Bunlar Rusiyanın ərazisində həm antiRusiyaçılığın, həm də terrorçuluğun güclənməsinə şərait yaradır. Ona görə V.Putin yaranmış vəziyyətdən istifadə edərək Ermənistanı elə həddə gətirib çıxaracaq ki, orda bir daha Paşinyan hadisələri tipli hadisələrbaş verməsin. Yox əgər Ermənistanda Paşinyan tipli hadisələr sürətlə gedəcəksə, o zaman Ermənistanın referendum yolu ilə Kalininqrad statusu ilə Rusiyanın tərkibinə daxil olması prosesi də sürətləndiriləcək".
Azərbaycan mətbuatında həmçinin bir müddət öncə Cocuq Mərcanlıya səfər edən və Kremlə yaxınlığı ilə diqqət çəkən bir qrup rus siyasətçisinin Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən çağırışlar səsləndirməsi, Ermənistanın işğalçılıq siyasətini tənqid etməsi də müakirə olunur. Qeyd edək ki, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksand Duqin Ermənistan mətbuatına yenə eyni məzmunlu açıqlama verərək Qarabağın Azərbaycan torpağı olduğunu bildirib.
Politoloq Sədrəddin Soltan bu kimi bəyanatların ictimai rəyə təsir göstərdiyini təsdiqləsə də, problemin real həllinə təsir etmək iqtidarında olmadığını vurğulayıb: "Doğrudur, bu adamların Rusiya mətbuatı və ictimai dairələrdə adı tez-tez hallanır. Lakin bu cür açıqlamaların Qarabağ münaqişəsinin ədalətli həllinə təsir edəcəyinə inanmıram. Çünki Rusiya Dumasında, mətbuatında, ayrı-ayrı dairələrdə əks fikirləri söyləyənlər də var. Bu baxımdan əsas məsələ Kremlin nə deyəcəyidir.
Xatırladım ki, əvvəllər də Rusiyada Azərbaycanın haqlı mövqeyini müdafiə edən şəxslər olub. Bu baxımdan hazırda eyni mövqedən çıxış edən yeni adamların üzə çıxmasında qeyri-adi bir şey yoxdur. Bütün dünyaya gün kimi aydındır ki, Dağlıq Qarabağ və hətta İrəvan belə Azərbaycan torpaqlarıdır. Çar Rusiyası Qafqazı işğal edəndə, bu bölgədə Ermənistan adlı heç nə olmayıb. Bu məsələ Rusiya tarixində də mövcuddur. Bu adamlar da Rusiya tarixində olan məsələni deyir. Bu, çox da uzaq tarix deyil. Bu tarixin cəmi 200 il yaşı var.
Onların dedikləri beynəlxalq ictimai rəyə təsir göstərə bilər. Amma Qarabağ məsələsinin ədalətli həllinə təsir göstərəcək üç əsas dövlət var. Bunlar Rusiya, yəni Kreml, Fransa, yəni Yelisey sarayı, ABŞ, yəni Ağ Evdir. Önəmli olan bu dövlətlərin, onların başında duran şəxslərin nə deməsidir".

Əli