İrəvan xanlığı XIX yüzilliyin əvvəllərində Layihə

İrəvan xanlığı XIX yüzilliyin əvvəllərində

10-cu yazı

Tezliklə, Məhəmməd xan Pəmbəkdə baş verən hadisələrə müdaxilə etməli oldu. Bu dövrdə Pəmbək əhalisi qiyam qaldıraraq, kömək üçün İrəvan xanına müraciət etmişdilər. Onların narazılığının bir neçə səbəbi vardı. Əvvəla, qeyd etmək lazımdır ki, Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi haqqında çar I Pavelin manifesti 1801-ci il fevralın 16-da Tiflisdə xalq qarşısında oxunmuşdu. Bu manifestə görə, Pəmbək, Qazax, Borçalı və Şəmşəddil sultanlıqlarının Kartli-Kaxetiyanın tərkibində Rusiyaya birləşdirilməsi bəyan edilirdi. Bu yerli əhalinin narazılığına səbəb olmuşdu. İkincisi, Kartli-Kaxetiya çarının buraya təyin etdiyi nümayəndələrin soyğunçu vergi siyasəti ilə əlaqədar idi. Belə ki, Pəmbək ayrıca sultanlıq olsa da, Kartli-Kaxetiya çarlığına illik vergi verirdi. Sultanlığın əhalisi əsasən azəri türklərindən ibarət idi və buranı XII Georginin qaynatası, knyaz Georgi Sisiyanov idarə edirdi. Knyaz isə burada olmayanda Pəmbəyin idarəsini kürəkəni, knyaz Aslan Orbelianiyə həvalə etmişdi. A.Orbeliani isə vəzifəsindən sui-istifadə edərək əhalidən əlavə vergi yığmaqla onları talayırdı. Bu da əhalinin narazılığına səbəb olmuşdu. Üçüncüsü, Rusiya Kartli-Kaxetiya çarlığının əli ilə Pəmbəki işğal edərək, burada hərbi baza yaratmaq istəyirdi. Pəmbəkdə möhkəmlənməklə rus qoşunu gələcəkdə İrəvan xanlığını işğal etmək üçün əlverişli meydan əldə edirdi. Pəmbəklilər isə rus qoşununun sultanlığın ərazisində mövqe tutmasına etiraz edərək həyəcan qaldırmışdılar. Bu həyəcanlann güclənməsində general mayor Lazarevin də əli vardı. Belə ki, 1801-ci ilin iyununda rus qoşunlarının baş komandanı vəzifəsinə general-leytenant K.F. Knorrinq təyin edildi. Hərbi işlərdə isə onun köməkçisi general mayor Lazarev oldu. Tezliklə yeni baş komandan Tiflisə gəldi. Çar I Aleksandrın əmrinə əsasən o, Kartli-Kaxetiyanı Rusiyaya birləşdirilməsi üçün hazırlıq görməli idi. Tiflisə gələn yeni baş komandan nüfuzlu şəxslərin və çarlığa tabe olan ayrı-ayrı bölgələrin nümayəndələrinin fikrini öyrənmək üçün yanına dəvət etdi. A.E.Sokolov yazır ki, "Baş komandan (Knorrinq-E.Q.) mərkəzə yaxınlaşanda Pəmbək ağalarından başqa gürcü və ermənilər tərəfindən təntənəli surətdə qarşılandı. Bu vaxt general-mayor Lazarev yerlərə sərəncam göndərərək bütün əhalini onu qarşılamağa dəvət etmişdi".
Pəmbəklilər nəinki onun bu əmrinə itaət etməmiş, eyni zamanda Məhəmməd xanla əlaqə yaradaraq İrəvana köçmək istədiklərini bildirmişdi. Pəmbəklilərin bu etinasız hərəkətindən istifadə edən knyaz A.Orbeliani rus komandanlığı ilə onların arasını qızışdırmağa çalışırdı. O, general-mayor Lazarevə şikayət edərək pəmbəklilərin əmrə tabe olmadıqlarını və İrəvan xanı ilə əlaqə saxlamaları haqqında xəbər vermişdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Pəmbəkin Kartli-Kaxetiya ərazisi kimi Rusiyaya birləşdirilməsi İrəvan xanının kəskin narazılığına səbəb olmuşdu. O, naxçıvanlı Kəlbəli xan və digər nüfuzlu əyanlarla birlikdə İrəvanda müşavirə keçirdi. Müşavirədə xristianların müsəlmanlar üzərində hakimiyyətinə yol verməmək üçün Pəmbəki rus qoşunundan müdafiə etmək qərara alındı. Hətta II İraklinin oğlanları David və Vaxtanq Məhəmməd xana müraciət edərək sultanlığı Rusiya işğalından qorumağı xahiş etmişdilər. Belə imkanı özü üçün əlverişli hesab edən Məhəmməd xan Pəmbək ağalarına müraciət edərək onun təbəəliyinə keçməyi tələb etdi. Xanın bu təklifinə pəmbəklilər müsbət cavab verdilər. Nəticədə, 400 nəfərdən ibarət İrəvan qoşunu Pəmbəkə göndərildi. Tezliklə, 14 kəndin 6 min nəfərdən ibarət əhalisi İrəvan xanlığının ərazisinə köçürüldü.
Pəmbəklilərin qiyamı Qafqazda yerləşən rus qoşunlarının baş komandanlığını təşvişə salmışdı. Onlar bu hadisədə İrəvan xanını və onun qohumu olan naxçıvanlı Kəlbəli xanı günahlandırırdılar. Baş verən həyəcanları yatırmaq üçün K.F. Knorrinq general mayor İ.P.Lazarevi Pəmbəkə göndərdi. 1801-ci il iyunun 30-da 1 atıcı alayı, üç yüngül topla təchiz olunmuş 19-cu yeger alayı, 100 kazak və 1 topu olan 500-ə qədər gürcü dəstəsi İ.P.Lazarevin başçılığı ilə Tiflisdən Pəmbəkə doğru hərəkət edir. Pəmbək çayı sahilində Darbar kəndinə yaxın yerdə düşərgə salan general Məhəmməd xanla danışıqlara başladı.
Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək sultanlığı İrəvan xanlığına məxsusdur və bunun üçün Ağa Məhəmməd şahdan fərmanı var. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini xahiş etdi. Lakin Məhəmməd xanın İ.P.Lazarevlə danışıqları heç bir nəticə vermədi. General elçiyə bildirir ki, Gürcüstan əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru hərəkət edir. O, xana xəbər göndərərək İrəvana köçən əhalinin geri qaytarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmasına icazə verdi.
İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq üçün knyaz Solomon Tarxanov xanın yanına göndərildi. S.Tarxanovla söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, Pəmbəkin ona məxsus olmasını bir daha bildirmişdi. Lakin rus komandanlığı ilə münasibətləri pozmaq istəməyən İrəvan xanı digər kəndlərin əhalisinin də geri qayıtmasına icazə vermişdi. Qaçqınların geri qayıtması ilə kifayətlənən İ.P.Lazarev mayor Çeqişevin başçılığı ilə Tiflis atıcı alayını Pəmbək sultanlığının mərkəzi Qarakilsə kəndində yerləşdirərək geri qayıtdı.
Bundan əlavə, Məhəmməd xan rus komandanlığının digər tələbini də yerinə yetirməli olmuşdu. Şuragöllü bir Azəri (Azərbaycan-red.) türkünü gürcü knyazı Solomon Məlikov incitdiyinə görə, xan İrəvanda ticarət edən gürcü tacirlərini həbs edərək onlardan 1200 rubl istəmişdi. Bunu eşidən Q.M.Lazarev xandan tacirlərin azad olunmasını tələb etmişdi. Əlacsız qalan Məhəmməd xan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Birinci Rusiya-İran müharibəsi ərəfəsində 1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığı rəsmi surətdə Rusiyaya birləşdirildi. Bu müqaviləyə əsasən, Azərbaycanın Borçalı, Qazax və Şəmşəddil sultanlıqları ilə bərabər, Pəmbək və Şuragöl də Rusiyanın tərkibinə daxil oldu. Bunun ardınca imperator I Aleksandr sentyabrın 12-də digər Azərbaycan torpaqlarını Rusiyaya birləşdirmək yollan haqqında K.F.Knorrinqə xüsusi təlimat göndərdi. 11 bənddən ibarət olan bu təlimatın 10-cu bəndində yazılırdı: "Ətraf hakimlər və xalqlarla əlaqə saxlayaraq Rusiyaya meyl edənlərin sayını artırmaq lazımdır, xüsusilə hələ üzərində Baba xanın (Fətəli şahın-E.Q.) hakimiyyəti təsdiq olunmamış, hazırkı şəraitdə özlərinin təhlükəsizliyi üçün Rusiyaya daha çox meyl göstərən İrəvan, Şəki, Şirvan (Şamaxı-E.Q.), Bakı və başqa xanlıqları cəlb etmək lazımdır". Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən sonra general-leytenant K.F.Knorrinq böyük qüvvə ilə Tiflisə gəldi.
Kartli-Kaxetiya çarlığının Rusiyaya rəsmi birləşdirilməsi Qacar İranını bərk təşvişə salmışdı. Xorasan üsyanını yatıran Fətəli şah 1802-ci ilin əvvəllərində onun hakimiyyətini tanımaq istəməyən Azərbaycan xanlarına fərmanlar göndərərək tabe olmalarını tələb etdi. O, ilk əvvəl Azərbaycanın ona müxalif olan xanlarını öz tərəfinə çəkmək və sonra onların qüvvələri ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək niyyətində idi. Tehrana gələn şah ilk növbədə İrəvan xanına hədələyici fərman göndərdi. Fərmanda o, Məhəmməd xandan İrəvanda məskunlaşmış naxçıvanlıların geri qaytarılmasını tələb etdi. Hətta Fətəli şah İrəvana yürüş etmək üçün qoşun toplamış və mart ayında özü də İrəvana gəlmək niyyətində idi.
Bu xəbər Məhəmməd xanı qorxuya salmışdı. O, şah qoşununun hücumunu eşidən kimi, İrəvan qalasının müdafiəsini gücləndirməyə başladı. Onun səyi nəticəsində qalanın hərbi qarnizonu artırılmış, ambarlar isə ərzaqla doldurulmuşdu. Lakin öz qüvvəsinə əmin olmayan Məhəmməd xan hərbi kömək almaq məqsədi ilə rus qoşunlarının baş komandanı general-leytenant Knorrinqə və general mayor Lazarevə müraciət etdi. O, Eyvaz xan Sultanın başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. Nümayəndə heyəti general mayor Lazarevin qəbulunda oldu. Elçi xanın Rusiya təbəəliyinə keçmək arzusunda olduğunu qeyd edərək, şah qoşununa qarşı mübarizə üçün 300 nəfərdən ibarət hərbi qüvvə istəmiş və əvəzində şahzadə Aleksandrı ruslara təhvil verəcəyini bildirmişdi. Xan bu qüvvələri saxlamaq üçün hər il 10.000 rubl (1.000 tümən-E.Q.) məbləğində ərzaq ayıracağını öhdəsinə götürmüşdü. Lakin general mayor Lazarev xanın elçisini əli boş geri qaytararaq, xanın istəyini baş komandana çatdıracağına söz vermişdi.
Şah qoşunlarının İrəvana və oradan da Kartli-Kaxetiyaya hücum etmək niyyəti rus komandanlığını narahat etməyə bilməzdi. İrəvan xanına boş vədlər verən K.F.Knorrinq ehtiyat tədbirləri görməyə başladı. O, 1802-ci il martın 26-da çara raport göndərərək şah qoşunlarının İrəvana və oradan Kartli-Kaxetiyaya hücum edəcəyi haqqında məlumat vermişdi. Bunun ardınca K.F.Knorrinq 1802-ci il aprelin 18-də Məhəmməd xana məktub yazaraq, onu Rusiyanın təbəəliyinə keçməyi təklif etmişdi. Çar I Aleksandr da öz növbəsində 1802-ci il aprelin 25-də K.F. Knorrinqə beş bənddən ibarət xüsusi təlimat göndərdi. Təltmatın dörd bəndi İrəvana aid idi. Təlimatda çar rus komandanlığına nəyin bahasına olursa olsun şah qoşunlarının İrəvanda möhkəmlənməsinə yol verməmək, Məhəmməd xanı rus təbəəliyinə keçməsinə inandırmaq üçün yollar axtarmaq, İrəvan qalasında rus qoşununu yerləşdirməyi tapşırmışdı. Bunun ardınca rus komandanlığı Kartli-Kaxetiyada olan hərbi qüvvələrini daha da gücləndirməyə başladı. Qafqaz xəttinddə ərzaqla təchiz olunmuş 7 min qoşun səfərbərliyə alındı və İrəvanla sərhədə əlavə qüvvələr yerləşdirildi. Bu xəbəri eşidən Fətəli şah İrəvana və Kartli-Kaxetiyaya nəzərdə tutulmuş yürüşü başqa bir vaxta keçirdi. P.Butkov yazır ki, "Baba xan (Fətəli şah- E.Q.) İrəvana və Kartli-Kaxetiyaya qoşun göndərmək niyyətindən əl çəkdi. Ona görə ki, Baba xanın anası həmişə onu Rusiya ilə müharibədən çəkindirərək, yalnız İranda hakimiyyətini möhkəmləndirməyi məsləhət görmüşdü".

Elçin Qaliboğlu