Ermənistan diplomatiyasında geriləmə Layihə

Ermənistan diplomatiyasında geriləmə

Erməni politoloqlar Dağlıq Qarabağ məsələsində Paşinyanı ittiham edirlər
"Nikol Paşinyanla İlham Əliyev arasında keçirilən görüşlərin qəribə tərəfi onların ATƏT-in Minsk qrupu formatında keçirilməməsidir". WorldMedia Tert.am-a istinadən yazır ki, bunu jurnalistlərlə söhbətində politoloq Ağasi Yenokyan deyib. O, Ermənistanın yeni hakimiyyətinin siyasətindən ciddi narahatlıq keçirdiyini bildirib.
"ATƏT-in Minsk qrupu formatının təsdiq olunmuş gündəmi var idi. Orada tərəflər addım-addım irəliləyir və ya addım-addım geriləyirdi. 2016-cı ilin aprel döyüşlərindən sonra erməni tərəfi atəşkəsin pozulması hallarının olmaması üçün nəzarət mexanizminin yaradılmasına dair razılaşmaya belə, nail olmuşdu. Amma bu gün həmin mexanizm haqda danışılmır", - deyə Ağasi Yenokyan qeyd edib.
Politoloq xatırladıb ki, bir vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrləri üç əsas prinsip haqda danışırdılar – münaqişənin həllində güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ. Bu gün isə bunlardan da danışan yoxdur. "Vaxtilə əldə edilmiş nailiyyətlərin yada düşməməsi çox düşündürücüdür", - deyə o, bildirib.
"Nikol Paşinyanla İlham Əliyev arasında keçirilən görüşlərdən sonra Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağ münaqişənin həlli yollarının müzakirə edilmədiyini deyir. Belə olan halda, nəyin müzakirə olunduğu aydın deyil. Ümumiyyətlə, bu məsələdə Ermənistanın mövqeyində ikitirəlik var", - deyə politoloq xatırladıb. Onun fikrincə, N.Paşinyan guya sülh qarşılığında ərazilərin qaytarılması haqda müzakirə aparmadığını yalnız ictimaiyyətin təzyiqi ilə üzləşdikdən sonra söyləyib: "Xarici işlər naziri Zöhrab Mnatsakanyan isə Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının qüvvədə olduğunu bildirir".
Yenokyan hesab edir ki, əvvəlki illərdə Ermənistan diplomatiyasının səviyyəsi qənaətbəxş idisə, son zamanlar bu sahədə kəskin geriləmə var.
Jurnalistlərin "hər görüşdən sonra narahatlıq keçirən erməni tərəfidir. Azərbaycan tərəfində isə heç bir narahatlıq hiss olunmur. Bu sizə qəribə gəlmirmi?" sualına politoloq belə davab verib: "Bu məsələdə qəribəlik var. Amma bununla belə, Azərbaycan tərəfi az da olsa açıqlama verir, mətbuat bu açıqlamaları Azərbaycanın mövqeyindən işıqlandırır. Ermənistana gəldikdə, biz hakimiyyətdən suallarımıza cavab ala bilmirik. Ən düşündürücü olan odur ki, Azərbaycan tərəfi ərazilərin qaytarılması haqda danışır, Ermənistan isə xalqı sülhə hazırlamağa çalışır".
"Danışıqların hansı formatda aparıldığını, nəyin ətrafında getdiyini anlaya bilmirik. Azərbaycan tərəfi nəyə getdiyini açıq şəkildə bəyan edirsə, erməni tərəfi suallara qarışıq cavablar verir. Bu, bizi qane etmir", - deyə politoloq vurğulayıb.
Erməni politoloq Yervand Bozoyan KİV-lərə açıqlamasında bildirib ki, ötən həftə Rusiyanın Xarici İşlər nazirinin müavini Ermənistana iki günlük səfər etdi. Lakin diqqət çəkən məqam, Qriqori Karasinin yarım gün erməni həmkarı Zöhrab Mnatsakanyanla söhbət etməklə keçirməsi olub. Onun Ermənistana səfəri bir sıra başqa məqamlarla yanaşı, Ermənistanın Qarabağ məsələsində qeyri-müəyyən olan mövqeyini öyrənməkdən ibarət olub.
Onun sözlərinə görə, Karasinin səfəri daha çox qeyri-rəsmi xarakter daşıyıb.
"Davosda rəhbərlər arasında görüş, Con Boltonla Paşinyanın telefon danışığından sonra belə bir təəssürat yarandı ki, hansısa bir proses gedir. Çoxlarında, o cümlədən erməni ictimaiyyətində bir qorxu vardı. Həmçinin Rusiya da Qarabağ məsələsində təşəbbüskarlığın ABŞ tərəfinin əlinə keçə biləcəyindən narahat idi. Rusiya ən yaxın gələcəkdə hansısa sürprizlərin ola biləcəyini, Ermənistanın danışıqlar prosesində mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir", - deyə Bozoyan qeyd edib.
Bozoyanın fikrincə, hazırda danışıqlar posesinin hansı prinsiplərə əsaslanaraq aparılmasına dair ziddiyyətlər var.
"Ermənistan hakimiyyəti "Mardid prinsipləri"nə dair hər hansı şərh verməkdən yayınmaqla yanaşı, eyni qaydada başqa bir əsas da açıqlamır. Sadəcə qeyd edilir ki, Ermənistan Qarabağ adından danışıqlar aparmayacaq. Lakin Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında 4 görüş baş tutub. Onda belə olan halda onlar nə barədə söhbət edirlər. İnanmıram ki, hava durumu haqqında söhbət etsinlər.
ATƏT-in Minsk Qrupuna gəldikdə isə bu halda istənilən vasitəçi ölkə əsas vasitəçilik missiyasını ələ keçirməyə cəhd edir. Vaşinqton, Paris və Moskva daim bu məslədə bir-birini əvəz edir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Bolton modelinə işarə edilirdi. Əslində o, bölgəyə səfər etdikdən sonra münaqişənin tez həll edilməsi zərurəti barədə bəyanat verməklə danışıqlar prosesində fəal iştirak etməyə başlayıb".
Bu mərhələdə ABŞ-ın fəallaşmasının Rusiyada narahatlıqlara səbəb olmasını bildirən erməni politoloq, bununla yanaşı Rusiya və ABŞ-ın Ermənistanın nə istədiyini anlamadığını vurğulayıb: "Azərbaycan kimin daha çox nə təklif edəcəyini gözləməklə yarışmaya daha da dəstək verir. Bununla yanaşı erməni tərəfi öz daşlaşmış mövqeyi ilə konsepsiya yoxluğu nümayiş etdirir. Nə Moskva, nə də Vaşinqton Ermənistanın nə istədiyini və ondan o tərəfə güzəştlər etməyə hazır olmadığına dair onun üçün qırmızı xəttin nədən ibarət olduğunu, bir sözlə mövqeyini başa düşmürlər.
Bu Ermənistanın danışıqlar prosesində üstünlüyünü itirməsinə gətirib çıxarır. Bu prosesin davam etməsi keçmişdə ilk güzəştlərin Azərbaycan tərəfindən edilməsini gözləmələrinə baxmayaraq, həmsədrlər üçün İrəvan və Bakını bərabərləşdirəcək. Beləliklə vəziyyəti dəyişmək lazımdır. Əks halda Ermənistan hakimiyyətinin təcrübəsizliyi ciddi təhlükələrə səbəb ola bilər".
Almaniyalı ekspert Aleksandr Rar, Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinə münasibət bildirərkən deyib ki, bir müddət sonra danışıqlar prosesində keçmişdə olduğu kimi, fasilə yaranacağını istisna etmirəm.
Onun sözlərinə görə, nazirlərin danışıqlar aparması və hansısa tövsiyyələri rəhbərlərə təqdim edəcəkləri barədə yayılan məlumatlar onu deməyə əsas verir ki, rəhbərlər özləri danışıqlar aparmır, gələcəkdə rəsmi təmasların dahar rahat baş tutması üçün yalnız görüşürlər.
"Bu da öz növbəsində əsas məsələlər baxımından mövqelər bir-birinə ziddirsə, nazirlərin nə ətrafında danışıqlar aparması məsələsini anlaşılmaz edir. İstənilən halda tərəflərin keçmişlə müqayisədə daha tez-tez görüşməsi və hansısa məsələni müzakirə edə bilməsi yaxşı haldır.
Bu danışıqların belə bir mövqelərin olduğu halda baş verməsi daha yaxşı haldır. İndiki yaranmış vəziyyət bir daha onu göstərir ki, bu mürəkkəb münaqişədir və tərəflərdən düzgün, məqbul qərar verilməsini tələb edir", - deyə ekspert bildirib.
Rar, hətta sülhə hazırlanma barədə danışıldığı bu vəziyyətdə münaqişənin nizamlanmasının mümkünlüyünü görmədiyini də vurğulayıb: "Ona görə ki, münaqişə tərəflərində nizamlama prinsipləri və elementləri ilə bağlı təmamilə fərqli baxışlar var. Hər hansı güzəşti təsəvvür etmirlər. Bir müddət sonra danışıqlar prosesində keçmişdə olduğu kimi, fasilə yaranacağını istisna etmirəm".
Politoloq Qabil Hüseynli isə Avropaya üz tutan Paşinyanın acınacaqlı duruma düşdüyündən bəhs edib. O, bildirib ki, Paşinyanın nəzərindən o da qaçmamalıdır ki, hazırda onun ölkəsindən Avropaya mühacir axını çox böyük saydadır: "Hətta Avropanı təəssüfləndirəcək genişlikdədir. O, əsas diqqətini buna yönəltməlidir. Eyni zamanda, Paşinyanın xanım Merkellə keçirdiyi mətbuat konfransında Qarabağ problemi ilə bağlı danışarkən reallığa uyğun olmayan iddialar səsləndirməsi Merkeli təəccübləndirməklə yanaşı, onun nə qədər sivilizasiyadan uzaq olmasını, müasir dünya reallıqlarını nə qədər yaxşı qavramamasını göstərdi. Çünki belə olmasaydı, o, işğalçı ölkənin başında dura-dura ölkəsinin bu siyasətinə haqq qazandırmağa çalışmazdı. Bu, Avropa mədəniyyəti üçün yad bir haldır. Zənnimcə, Paşinyanın səfərini həm siyasi, həm maddi tərəfini təşkil edən qaranlıq dünyanın adamlarıdır, siyasi mafiozlardır".
Politoloq qeyd edibi ki, Avropa İttifaqı ölkələri həm Avropa Parlamenti vasitəsilə, həm NATO-nun zirvə toplantıları vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər:
"2015-ci ildən bəri Avropa Parlamenti və onun xarici məsələlərdən cavabdeh olan xanım Federika Moqerini öz bəyanatlarında, eləcə də, ATƏT-in Parlament Assambleyası postsovet məkanındakı bütün münaqişələrin hər bir dövlətin ərazi bütövlüyü çərçivəsində həll edilməsini irəli sürüb. Bu nöqteyi nəzərdən də mənə el gəlir ki, xanım Merkelin Dağlıq Qarabağın Azərbaycan-Ermənistan münaqişəsinin danışıqlarında iştirak etməməsinə dair mövqeyi çox düzgündür. Onlar bu mövqeyi bu günə qədər təmsil etdikləri bütün platformalarda səsləndiriblər. Yəni Avropa özünün Dağlıq Qarabağla bağlı siyasi mövqeyini tam dəqiqləşdirib. Başa düşürlər ki, bu münaqişələri yaradan kimdir, burada təcavüzkar planların başında duranlar, icraçılar hansı məqsədə qulluq edirlər. Yaxşı başa düşürlər ki, bu münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsə, Avropa sivilizasiyasını ciddi təhlükələr gözləyir. Buna görə də Almaniyanın mövqeyi get-gedə Azərbaycanın maraqlarına daha çox uyğun gəlir. Avropa İttifaqı və NATO-ya daxil olan ölkələrin 16-sı ilə Azərbaycanın imzaladığı qarşılıqlı razılaşmalar hamısı Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Eyni zamanda, onun ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarını bəyan edirlər".
Cavid