İrəvan xanlığının müstəqil dövlət kimi hakimiyyəti, ordusu, pul vahidi, sərhədləri var idi Layihə

İrəvan xanlığının müstəqil dövlət kimi hakimiyyəti, ordusu, pul vahidi, sərhədləri var idi

Ötən saylarımızda tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasını təqdim etmişdik. Araşdırmanın ümumiləşdirilməsi göstərir ki, XVIII əsrin ortalarında yaranmış İrəvan xanlığının siyasi, iqtisadi tarixini, tarixi coğrafiyasını, əhalisinin etnik və say tərkibinin müxtəlif səpgili mənbələr əsasında araşdırılması, təhlil edilməsi aşağıdakı nəticələri qeyd etməyə imkan verir.
XVIII əsrin ikinci yarısı Azərbaycanda xırda feodal dövlətlərin - xanlıqların yaranması ilə xarakterizə olunur. Belə xanlıqlardan biri də İrəvan xanlığıdır.
Sovet tarixşünaslığında İrəvan xanlığının tarixi saxtalaşdırılmış və heç bir tarixi fakta əsaslanmadan Ermənistan ərazisi kimi təqdim olunmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra İrəvan xanlığı Azərbaycanın tarixi torpaqları kimi tədqiqatçılarımız tərəfindən öyrənilməyə başlandı.
İrəvan xanlığının ərazisi bir əyalət kimi XVI əsrdən Azərbaycan Səfəvilər dövlətinin inzibati-ərazi bölgüsünə daxil olan Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuşdu. Mərkəzi İrəvan şəhəri olan bu bəylərbəyliyə XVII əsrin əvvəllərindən Naxçıvan və Maku əraziləri də daxil olmuşdu. İrəvanı Səfəvi şahlarının təyin etdiyi əvvəl ustaclı, sonra isə qacar tayfasından olan hakimlər idarə edirdi.
XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin iqtisadi və siyasi böhran keçirdiyindən mərkəzi hakimiyyət zəifləmiş, ölkədə hərc-mərclik, əhali arasında narazılıqlar və şah hakimiyyətinə qarşı üsyanlar başlandı. Bundan istifadə edən iki nəhəng ölkənin - Rusiya və Osmanlı imperiyalarının müdaxiləsi başladı. Nəticədə Xəzərsahili ərazilər Rusiyanın, İrəvan əyalətinin də daxil olduğu digər Azərbaycan torpaqlari isə Osmanlı işğalı altına keçdi. İrəvan əyaləti 11 il Osmanlı işğalı altında qaldı.
XVIII əsrin 20-ci illərin axırları - 30-cu illərin əvvəllərində görkəmli dövlət xadimi, sərkərdə Nadir şahın meydana çıxması, xalqı öz tərəfinə çəkərək ölkəni Səfəvilər sərhədləri hüdudunda birləşdirmək uğrunda müdaxiləçilərə qarşı apardığı müharibələr nəticəsində işğal olunmuş torpaqlar yenidən geri qaytarıldı. 1736-cı ilin martında Nadir şah elan olunduqdan sonra İrəvan əyaləti onun yaratdığı dövlətin inzibati ərazilərindən olan Azərbaycan bəylərbəyliyinin tərkibinə qatıldı. İrəvanı şahın təyin etdiyi hakim idarə edirdi.
1747-ci ildə Nadir şah süi-qəsd nəticəsində öldürüldükdən sonra yaratdığı imperiya dağıldı. Mərkəzdə taxt-tac uğranda mübarizə getdiyindən əhali üsyan edərək şahın təyin etdiyi hakimləri qovmuş və yerlərdə hakimiyyəti ələ keçirmişdilər. Beləliklə, Azərbaycanda 20-ə yaxın xanlıq yaranmışdı. Onlardan biri də İrəvan xanlığı idi.
İrəvan xanlığı Azərbaycanın qərb ucqarlarında yaranmışdı. Bu xanlıq şimaldan və şimali şərqdən Kartli-Kaxetiya çarlığı, Qazax, Şəmşəddil sultanlıqları və Gəncə xanlığı ilə, cənubdan və cənub şərqdən Xoy və Naxçıvan xanlıqları ilə, şərqdən Qarabağ xanlığı, qərbdən isə Osmanlı imperiyası ilə həmsərhəd idi. İrəvan xanlığının sərhədləri siyasi vəziyyətlə əlaqədar olaraq dəyişikliyə uğramışdı. Belə ki, İrəvan xanlığına məxsus müxtəlif ərazilər Kartli-Kaxetiya çarlığı və Qarabağ xanlığı tərəfindən qopardılmışdı. Bu ərazilərlə birlikdə İrəvan xanlığının ümumi sahəsi 114.444 kv.verstə bərabər olmuşdu. Hətta uzun illər Maku xanlığı da onun tərkibinə daxil idi.
İrəvan xanlığının iqtisadi həyatında kənd təsərrüfatı mühüm rol oynayırdı. Kənd təsərrüfatında əsas yeri əkinçilik, bağçılıq, bostançılıq və maldarlıq tuturdu. Əlverişli iqlim şəraiti, bol məhsuldar torpaqların olması İrəvan xanlığında kənd təsərrüfatının inkişafına təkan vermişdi. Xanlıqda meyvəçilik və üzümçülük xüsusilə güclü inkişaf etmişdi. Burada müxtəlif meyvə növləri, bostan bitkiləri yetişdirilirdi. Azərbaycan xanlıqlarından fərqli olaraq İrəvanda hakim din sayılan islama qulluq edənlərlə bərabər, xristian din xadimləri də vardı. Müsəlman din xadimləri üç qrupa bölünmüşdü: l. Ali ruhanilər; 2. Şəriət məhkəmələrində mülki və cinayət işlərinə baxanlar; 3. Maarifçilik işində çalışanlar.
Vergi verənlərə isə kəndlilər daxil idi. Kəndlilər bəhrəkərlərə (rəiyyətlərə), yarıkərlərə, rəncbərlərə və elatlara bölünürdü. İrəvan xanlığında rəiyyətlər adlanan kəndlilərin öz təsərrüfatı və pay torpağı vardı. Yarıkərlər əsasən qaçqın və tüfeyli həyat sürən adamların hesabına yaranırdı. Xan belə şəxsləri ilk əvvəl torpaqla, əmək aləti və toxumla təmin edirdi. Məhsul yetişdikdən sonra isə əvəzində onun yarısı xana çatırdı. Rəncbərlərin isə vəziyyəti daha ağır idi. Onların nə öz təsərrüfatı, nə əmək aləti vardı. Onlar icarə götürdükləri torpaqlarda çalışır və əvəzində məhsulun 2/3 hissəsini sahibkara ödəyirdi. Elatlar isə köçəri və köçmə maldarlıqla məşğul olan tayfaların aşağı təbəqəsi idi. Xanlığın qoşununun əsas qeyri-nizami hissəsini təşkil etdiyindən onlardan az vergi alınırdı.
İrəvan xanlığında maaflar deyilən xüsusi təbəqə də mövcud olmuşdu. Bu təbəqə imtiazlılarla vergiverənlər arasında orta vəziyyəti tuturdu. Onlar hər cür vergidən azad idi. Əvəzində hərbi mükəlləfiyyəti yerinə yetirirdilər.
İrəvan xanlığının əhalisi xəzinənin və sahibkarların xeyrinə müxtəlif adda vergilər ödəyir və mükəlləfiyyətlər yerinə yetirirdilər. Vergilər həm pulla, həm də natural şəkildə alınırdı. Pulla alınan vergi özü də iki qismə bölünürdü: vasitəsiz (birbaşa ödənilən vergi-E.Q.) və vasitəli (dolayısı ilə ödənilən vergi- E.Q.). Başqa xanlıqlardan fərqli olaraq İrəvan xanlığında vasitəsiz vergi cəmiyyətlər üzrə ödənilirdi. Belə cəmiyyətlərin sayı 8-ə, vasitəli vergilərin sayı isə 20-ə çatırdı. Bütün bu vergilər xəzinəyə ödənilirdi. Natural şəkildə ödənilən vergilər də vardı. Bu vergi bəhrə (malcəhət) adlanırdı. Tədqiqatda kəndlilərin işləyib ödəmə mükəlləfiyyəti olan biyar və əvrəzdən də bəhs edilmişdi.
İrəvan xanlığının iqtisadi həyatında ticarət böyük rol oynamışdı. Ticarət xarici və daxili ticarətə bölünürdü. Mənbələrin təhlilindən aydın olur ki, xarici ticarət xanlıqda daha güclü inkişaf etmişdi. Bunun əsas səbəbi İrəvanın beynəlxalq ticarət yollarının qovşağında yerləşməsi idi. Digər səbəbi isə gəlir gətirdiyinə görə, xanların və nüfuzlu şəxslərin ticarətə sərmayə qoymasında idi. İrəvan şəhəri bu sahədə xüsusilə seçilirdi. Bu şəhər müxtəlif ölkələrdən gətirilmiş ticarət mallarının anbarı idi. İrəvan şəhərinə xaricdən tacirlər gəldıyi kimi, İrəvan tacirləri də İran, Osmanlı dövləti, Kartli-Kaxetiya çarlığı, Azərbaycan xanlıqları və digər ölkələrlə ticarət əlaqəsi saxlayırdı. Xanlıqdan müxtəlif ölkələrə qənd, ipək, yun və pambıq parçalar, düyü, sabun, rəng və s. ixrac olunurdu. Lakin xarici ticarətə nisbətən daxili ticarət xanlıqda zəif inkişaf etmişdi. Bunun səbəbi İrəvan xanlarının bəzi kənd təsərrüfatı mallarını inhisara alması idi. İrəvanda müxtəlif ölkələrin pul və çəki vahidləri işlənilirdi.
Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığı inzibati-ərazi cəhətdən mahallara və kəndlərə bölünürdü. Xanlıq 1 şəhər və 16 mahaldan ibarət olmuşdu. İrəvan şəhər-qala olmaqla xanlığın mərkəzi idi. Xanın iqamətgahı güclü müdafiə sisteminə malik İrəvan qalasında yerləşirdi. Mahallar mirbölük adlanan mahal naibləri tərəfindən idarə olunurdu. Kəndləri isə kəndxudalar idarə edirdi. İrəvan xanlığında 820 kənd qeydə alınmışdı.
İrəvan xanlığında hakimiyyət xanın əlində idi. Xanın yanında məsləhətçi orqan olan divan fəaliyyət göstərirdi. Divanda daxili və xarici siyasət məsələləri həll olunurdu. Xandan sonra ikinci böyük şəxs mərkəzi aparata rəhbərlik edən vəzir idi. Bundan başqa sarayda eşikağası, xəzinəağası, ambardar, sandukdarvə s. vəzifələr vardı.
İrəvan xanlığında nizami qoşunun sayı az idi. Lakin müharibə olduqda elatların hesabına çoxlu qeyri-nizami atlı dəstəsi toplanılırdı. Bütün bu dəstələr mirzələr tərəfindən siyahıya alınırdı. Müdafiə işində qalalar əhəmiyyətli rol oynayırdı. Xanlıqda iki möhtəşəm qala - İrəvan, Sərdarabad kimi qalalar mövcud olmuşdu.
Xanlığın əhalisinin etnik tərkibi və sayı 1829-1932-ci illərdə keçirilən kameral təsvir əsasında araşdırılıb. Həmin siyahıyaalınmaya əsasən belə nəticəyə gəlmək olar ki, Rusiya-İran müharibələrindən əvvəl İrəvan xanlığının əhalisi 22978 ailə, 134733 nəfərdən ibarət olmuşdu. Bunlardan 16438 Azərbaycan türkü, 3496 erməni, 2984 kürd, 60 qaraçı ailəsi idi.
İrəvan xanlığı Azərbaycanın tarixi torpağıdır. Bura həm əhali baxımından, həm yer adları, həm də etnoqrafiq baxımdan sırf Azərbaycan xanlığı olmuşdu. Dövlət dili Azərbaycan türkcəsində idi. Lakin rəsmi yazışmalarda fars dilindən də istifadə olunurdu. Bu xanlıq öz ordüsu, pur vahidi və sərhədləri olan feodal dövləti idi.
XVIII yüzilliyin ikinci yarısı - XIX yüzilliyin əvvəllərində Azərbaycanın, o cümlədən İrəvan xanlığının daxili və xarici vəziyyəti çox mürəkkəb idi. Xanlıqlar arasında baş verən ara müharibələri, Cənubi Qafqaz uğrunda Rusiya, Qacar İranı və Osmanlı dövlətləri arasında mübarizə İrəvan xanlığını həmişə gərgin vəziyyətdə saxlayırdı. Hər üç dövlət bir-birinə qarşı mübarizədə bufer zona yaratmaq üçün İrəvan xanlığında möhkəmlənmək istəyirdi. Belə bir mürəkkəb şəraitdə daha güclü olan Rusiya Azərbaycan xanlıqlarının işğalına başladı. XIX yüzilliyin əvvəllərində başlayan və illərlə davam edən Rusiya-İran, Rusiya-Osmanlı müharibələri son nəticədə Azərbaycanın Rusiya və Qacar İranı arasında bölüşdürülməsilə nəticələndi. İrəvan xanlığı isə sona qədər mübarizə apararaq parlaq qələbələr çalmasına baxmayaraq, daha güclü hərbi texnikaya malik rus qoşunları tərəfindən 1827-ci ilin oktyabrın əvvəlində işğal olundu. Türkmənçay sülh müqaviləsinə görə İrəvan xanlığı rəsmi surətdə Rusiyaya ilhaq edildi. Çar Rusiyasının müstəmləkəsinə çevrilən İrəvan xanlığının Naxçıvan xanlığı ilə birlikdə statusu dəyişdirilərək «Erməni vilayəti» adlandırılmış və işğaldan sonra bu vilayətə İran və Osmanlı ərazilərindən ermənilər köçürülməklə əhalinin etnik siması dəyişdrilməyə başlamışdı.

Elçin Qaliboğlu