İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920) Layihə

İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)

2-ci yazı

Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, ərazilərin ermənilər tərəfindən işğal təhlükəsi yarandığından, Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli (indiki Artaşat) qəsəbəsinə toplaşaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar. Hökumət rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazir isə sonralar Cənub-Qərbi Qafqaz Hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirzadə seçilir. İbrahim bəy dərhal işə başlayıb özünümüdafiə üçün yerli əhalidən ibarət 20 tabor təşkil edir. Taburlar hər birində 250-500 nəfərdən ibarət silahlı könüllülədən təşkil edilirdi. Bu taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Zəngibasar, Qəmərli və Baş Noraşendə yerləşdirilir və həmin bölgələrin əhalisini erməni qırğınlarından müdafiə edir. İqdır (Sürməli) tərəfdə isə bir alay, 5 süvari birliyi təşkil edilmişdi. Qars hökumətinin 1919-cu il aprelin 12-də ingilislər tərəfindən süqut etdirilməsindən sonra Malta adasına sürgün edilən İbrahim bəy Cahangirzadə sürgündə yazdığı xatirələrində qeyd edirdi ki, həmin taborların bir qismi türk ordusu İrəvan quberniyasında olarkən 9-cu firqə komandanı miralay Rüşdü bəyin yardımı və silah-sursatla təmin etməsi ilə qurulmuşdu. 27 dekabr 1918-ci ildə Yaqub Şevki paşa Qarsdan Osmanlı Ordusu Başkomandanlığına göndərdiyi teleqramda yazırdı ki, erməni birlikləri İrəvanın cənub-şərqində, dəmiryol xəttinin həmən şərqindəki bölgədə bulanan Vedi və Sədərək kəndlərinin ətrafına gedərək müsəlmanları qətl etmişlər. 500-600-ə qədər müsəlman Araz çayının sağ sahilini keçərək Bəyazidə doğru getmişlər. Ermənilər Sədərəyin güneyindəki Xanlıxlar kəndi istiqamətində yaşayan müsəlmanları doğramışlar. Daha sonra teleqramda yazılırdı ki, Yapon ləqəbli erməninin komandanlığı altında 1200 nəfərlik silahlı dəstə 5 dekabr 1918-ci il tarixindən etibarən Naxçıvan ətrafındakı müsəlmanlara qarşı qırğınlar törətməyə başlamışdır. Naxçıvanın 40 km şimalındakı Almalı adlı kənddə 688 nəfəri, bu kəndin 12 km şimal-qərbindəki Agus adlanan yerdə 516 nəfəri qətl etmişlər. Gənc qadınları ayırdıqdan, 2000 nəfəri bir yerə toplayaraq tamamilə qətl etdikdən sonra, ayrıa 40 qadın və körpəni bir otağa dolduraraq yandırmışlar. Bu bölgənin sağ qalan müsəlmanları evlərini tərk edərək soyuğa və aclığa məhkum edilmişlər. Daha sonra həmin teleqramda qeyd edilir ki, Eçmiədzinin şimalındakı kəndlilərin ərzağı ermənilər tərəfindən zorla alınmışdı. İrəvanın 15 km cənubundakı Hacıilyas kəndinin ağası və onun iki qardaşı İrəvana aparılaraq edam etmiş, 25 nəfəri isə naməlum yerə aparmışlar. İrəvan şəhərindəki Təpəbaşı, Hacı Murtuz ağa və Qırxbulaq adlı məhəllələri yandırılmışdı. Teleqramın sonunda Yaqub Şevki paşa ermənilərin qış günlərində insanlığa zidd bu cür hərəkətlərinin İstanbuldakı Müttəfiq dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılmasını xahiş edirdi.
1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən sonra yerli müsəlman milli şuralarına tabe olan özünümüdafiə dəstələri (taburlar) əhalini erməni təcavüzündən qoruyurdu. Cənubi Qafqaz respublikaları arasında milli-ərazi münaqişələri bir qayda olaraq Qərb dövlətlərinə arxalanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi və bu iddiaların silah gücünə reallaşdırmaq yolunu tutması ilə günü-gündən daha da kəskinləşirdi. Milli ərazi zəminində münaqişələrin diplomatik yolla həll edilməsi üçün Azərbaycan və Gürcüstan hökumətləri dəfələrlə təşəbbüs göstərmişdilər.
Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti, alman və türk qoşunlarının Qafqazdan geri çəkilməsi və İstanbul konfransının baş tutmaması Cənubi Qafqazda mövcud dövlətlər arasında sülh konfransını keçirməyi zəruri edirdi. Gürcüstan hökuməti mövcud problemlərin həll edilməsi üçün Azərbaycan, Ermənistan və Dağlı Respublikasının nümayəndələrini 1918-ci il noyabrın 10-da Tiflisə konfransa dəvət etmişdi. Gürcüstan hökuməti konfransın gündəliyinə dövlətlərin istiqlaliyyətinin qarşılıqlı tanınması, sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlərin maraqlı dövlətlər arasında sazişlər yolu ilə, buna nail olmadıqda arbitraj vasitəsilə həll edilməsi, konfransda iştirak edən xalqların hər hansı birinin ziyanına yönəlmiş sazişə qoşulmamaq haqqında qarşılıqlı razılaşma qəbul edilməsi və s. məsələlərin daxil edilməsini təklif etmişdi.
Konfrans noyabrın 14-də öz işinə başlasa da, Azərbaycan və Gürcüstanla ərazi münaqişəsində olan Ermənistanın iştirak etməməsi konfransı davam etdirməyə imkan verməmişdi. Ermənistan bir tərəfdən konfransda təklənəcəyindən ehtiyat edir, digər tərəfdən isə Antantanın qələbəsindən ruhlanaraq, Azərbaycan və Gürcüstanla ərazi mübahisələrini silah gücünə həll etmək istəyirdi. Erməni silahlı qüvvələri bir tərəfdən İrəvan quberniyası ərazisində etnik təmizləmə siyasətinin həyata keçirir, Zəngəzuru ələ keçirməklə Qarabağı təhdid edir, digər tərəfdən isə silah gücünə ələ keçirdiyi Borçalının dağlıq hissəsində möhkəmlənmək istəyirdi.
Türkiyə ordusunun şərq cəbhəsinin komandanlığı İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar haqqında hökuməti vaxtaşırı məlumatlandırır və müvafiq tədbirlərin ələ alınmasını istəyirdi. 1918-ci il noyabrın 25-də IX Ordu komandanı Yaqub Şevki paşanın Türkiyə hökumətinin baş nazirinə göndərdiyi teleqramda dünya ictimaiyyəti arasında ermənilərin xeyrinə aparılan təbliğatın həqiqəti əks etdirmədiyini, əksinə, reallıqda türklərin erməni zülmünə məruz qoyulduqları bildirilirdi. Yaqub Şevki paşa yazırdı: “Ordunun irəli hərəkətə başladığı tarixdən etibarən Batum müqaviləsinin imzalanmasına qədər ermənilər qadın, uşaq arasında fərq qoymadan yaxalaya bildikləri hər müsəlmanı qətl edərək bugünkü mövqelərinə qədər çəkildilər. Erməniləri təqib edən ordumuzun bütün bölmələri də müsəlman şəhidlərinin cəsədlərini və balta ilə parçalanmış bədən üzvlərini dəfn edərək gəldilər. Batum müqaviləsinin imzalanmasından sonra ermənilər müsəlmanları məhvetmə siyasətlərini davam etdirdilər. Xüsusən, Andranik adındakı bir cani başına topladığı minlərcə avanesiylə (yəni erməni ilə - müəllif) Gəncə, İrəvan, Ordubad və İran bölgələrindəki müsəlman xalqı bu günə qədər qətliama davam etdi. Türk xalqı hər şəkildə qətliama məruz buraxılmaqda, evləri yandırılmaqda, mal və əşyaları qəsb edilməkdə və gözlərimizin önündə hər gün fəlakətə məruz buraxılmaqdadır. Törədilənlərin hamısına baş əyməkdən başqa çarəsi olmayan, himayəsi olmayan zavallı müsəlmanlar qorxu işərisindədir. İndiyə qədər hər hansı şəkildə özlərini qorumağı bacarmış olan bir qisim müsəlmanların da məhv olacağı durumu ortadadır”.
Yaqub Şevki paşanın 27 noyabr 1918-ci ildə Hərb nazirliyinə göndərdiyi başqa bir teleqramda isə yazılırdı: “20 noyabr 1918-ci ildən bəri Zəngəzur mahalının qərbindən Naxçıvanın 50 km şimal-şərqində yerləşən Cul adındakı müsəlman kəndini erməni əsgər və quldurları üç gündən bəri mühasirədə saxlamağa davam etmiş, Culun 16 km qərbindəki Qabaxlı və bu kəndin 5 km şimal-şərqindəki Qurban (Qurbankəsilən – müəllif) kəndi ilə bu kəndlərə yaxın müsəlman kəndlərinə erməni əsgər və əhalisi tərəfindən hücum edilərək 300-ə qədər müsəlman şəhid edilmiş və yerdə qalanları köçməyə məcbur edilərək əşya və heyvanları qəsb edilmişdi. Zəngəzur mahalı ilə Dərələyəz mahalı sərhədləri arasında yerləşən 13 müsəlman kəndi bir aydan artıqdır ki, Andranik və Yaponun quldur dəstələrinin hücumuna məruz qalmış, canlarını qurtaranlar isə çıl-çılpaq bir halda Naxçıvan yoluyla Gəncəyə qaçmışlar”.
1918-ci il dekabrın 20-də Azərbaycan parlamentinin fövqəladə iclasında erməni silahlı qüvvələrinin Loru və Borçalı qəzalarına sahib olmaq uğrunda Gürcüstana müharibə elan etməsi, Andranikin qoşununun Zəngəzur, Cəbrayıl və Şuşa qəzalarında törətdiyi qırğınlar müzakirə edilmişdi. 1919-cu il yanvarın 9-da Tiflisdəki ingilis missiyasının başçılığı ilə keçirilən Ermənistan-Gürcüstan konfransının qərarına görə, Borçalı üç hissəyə bölünür. Şimal hissə Gürcüstana, cənub hissə Ermənistana verilir, Loru nahiyəsi isə neytral zonaya çevrilir. Zonanın idarəsi ingilislərin nəzarəti ilə qarışıq komissiyaya tapşırılır. Azərbaycan hökuməti onun iştirakı olmadan əhalisinin mütləq əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Borçalının Gürcüstanla Ermənistan arasında bölüşdürülməsinə, həmin ərazinin bir hissəsində neytral zona yaradılmasına qəti etiraz etmiş və maraqlı tərəf kimi, bu razılaşmanı tanımadığını bildirmişdi.
1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistan xarici işlər nazirinə azərbaycanlılara qarşı törədilən qırğınlarla bağlı nota göndərilir. Yanvarın 7-də “Azərbaycan” (rusca) qəzetində “Qarabağ-İrəvan faciəsi” başlığı altında dərc edilən həmin notada bildirilirdi: “İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar... Alınan məlumatlara görə, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.” Həmçinin notada bildirilirdi ki, Azərbaycan hökuməti erməni qoşunlarının müsəlmanlara qarşı törətdikləri zorakılıqlara qarşı çıxır və erməni qoşunlarının ələ keçirdikləri İrəvan quberniyasının müsəlmanlar yaşayan ərazilərini özünün ayrılmaz tərkib hissəsi hesab edir... Notada həmçinin erməni silahlı qüvvələrinin İrəvan quberniyasındakı Azərbaycanın mübahisəsiz ərazilərində zorakılıqlara və hərbi əməliyyatlara son qoyulması Ermənistan hökumətindən tələb edilirdi.
Azərbaycan hökuməti 1919-cu il yanvarın sonlarında Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin etmişdi. Ermənistan hökuməti 1919-cu il fevralın 1-də nümayəndəliyin fəaliyyətə başlamasına razılıq vermişdi. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

Elçin Qaliboğlu