“Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı tarxi satakarlığa əsaslınır” Layihə

“Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı tarxi satakarlığa əsaslınır”

Məhəmməd Əsədullazadə: “Azərbaycanla sülhün təminini deyil, yeni bir probelmlərə yol açacaq mövqe ortaya qoyur”

Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsinə dair 13 yanvar tarixli bəyanatı zaman baxımından təsadüfi xarakterizə edilmir. Bəllidir ki, bu prosesdə revanşist xarakterli addım atacağı təqdirdə Ermənistan daha acınacaqlı vəziyyətə düşəcək. Rəsmi İrəvan sülh prosesini pozmaq haqqında düşünəcəksə ordusu kimi dövlət olaraq mövcudluğu sual altına düşəcək.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in 13 yanvar 2021-ci il tarixli bəyanatını şərh edib. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, şərhdə deyilir: “Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.
Ermənistan XİN-inə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.
Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.
Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır.
Azərbaycan XİN-i Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır”.
Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putin və Ermənistan baş naziri ilə yanvarın 11-də Moskvada baş tutan görüşü Dağlıq Qarabağın bərpası üçün genişmiqyaslı işlərin başlanğıcı olacaq.
Ekspert qeyd edib ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda vaxt məhdudiyyəti səbəbindən bir çox müddəa ümumi şəkildə ifadə edilmişdi. Korotçenkoya görə, ayın 11-dəki görüş bir sıra məsələləri konkretləşdirməyə imkan verib - xüsusən də Naxçıvan muxtariyyəti ilə Azərbaycanın qalan hissəsi arasında nəqliyyat dəhlizinin yaradılması məsələsinə:“Bu layihənin həyata keçirilməsindən bölgədəki bütün ölkələr əhəmiyyətli iqtisadi dividendlər götürəcəklər. İndiyə qədər ilk işçi qrupunun yaradılmasını görürük. Aydındır ki, tərəflər iqtisadi və infrastruktur məsələlərində tez bir zamanda fikir birliyinə gəliblər”.
Korotçenko hesab edir ki, Rusiya və Ermənistan arasında Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsinin işə salınması tərəflərin yeni reallığı bildiklərini və dinc həyata hazırlaşdıqlarını göstərir:
“Nəqliyyat dəhlizinin yaradılması mövcud həqiqətlərin dərk edilməsidir. Qarabağdakı müharibə bitdi, Azərbaycan ərazi bütövlüyünü bərpa edir. Qarşıdakı hədəf bölgənin iqtisadi inkişafı məsələsidir. Bu nəqliyyat dəhlizləri bütün tərəflərə faydalı olacaq. Ermənistan qisas almaq fikrindən imtina etməli, yeni reallığa Ermənistan iqtisadiyyatını gücləndirmə prizmasından baxmalıdır, çünki yeni nəqliyyat dəhlizləri Ermənistanın özü də daxil olmaqla hər kəsin xeyrinə işləyəcək. Bu, heç vaxt olmayacaq qisas xəyallarından daha yaxşı və daha sərfəlidir”.
Eksper Qarabağ məsələsinin hələ də həll olunmadığını bildirən Nikol Paşinyanın sözlərini də şərh edib. Korotçenkoya görə, bu cür bəyanatlar Ermənistanın daxili auditoriyasına hesablanıb: “Hansı status? Bu məsələ çoxdan bağlanıb. Azərbaycan 44 günlük müharibədə qalib gəlib. Ancaq Paşinyan daxildəki tənqidlərin intensivliyini azaltmaq üçün bu məsələni qaldırmaq qərarına gəlib. Danışıqlar zamanı yalnız erməni tamaşaçılarına göstərmək üçün bu məsələni qaldırdı. Praktiki baxımdan bu, sabun köpüyündən başqa bir şey deyil.
Düşünürəm ki, özü də bunu başa düşür, erməni elitası da, erməni cəmiyyəti də. Müxalifətin mitinqləri praktiki olaraq boşa çıxdı, erməni cəmiyyəti yorulub və yeni bir müharibə istəmir. İndi gerçəklərdən xəbərdar olmaq və bu həqiqətlərlə uzlaşmaq məsələsi var. Ermənistanın əsas vəzifəsi başqalarının əraziləri haqda xəyal qurmaq deyil, öz gələcəyini düşünməkdir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirib ki, Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçilyi keçirilən danışıqlar müəyyən şəkildə müsbət bir ortamın formalaşmasına xidmət edir. Onun fikrincə, üçtərəfli işçi qrupunun yaradılması və bu istiqamətdə sərhədlərin demarkasiyası həyata keçiriləcək, normallaşma porsesinə gediləcək bir siyasi xətt müzkirə edilir: “Amma Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata nəzər salqdıqda görürük ki, bu hakimiyyət Azərbaycana qarşı düşmənçilik siyasətini bu bəyanatla bir daha sübut edir. Göründüyü kimi Xarici İşlər Nazirlyində kök salımış faşist idelogiyasının daşıyıcıları konkret olaraq, Azərbaycanla sülhün təminini deyil, yeni bir probelmlərə yol açacaq mövqe ortaya qoyur . Hesab edirəm ki, Ermənistanın başlatdığı bu siyasət düşmənçiliyin təşviqi, eyni zamanda, Rusiyaya qarşı bir mövqedir. Çünki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasına çalışır. Ümumiyyətlə, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı tarxi satakarlığa əsaslınır. Belə ki, yaxın illəri belə saxtalaşdıran bir dövlətin mövqeyində tez bir zamanda korrektlər etməsi gözlənilmir”.
Deputat, tarixçi-alim Musa Qasımlı isə Trend-ə deyib ki, Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsinə dair 2021-ci il 13 yanvar tarixli əsassız bəyanatına Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tutarlı cavabı məlumdur. Buraya Ermənistan tərəfindən 1918-1920-ci illərdə aborigen azərbaycanlı əhalinin kütləvi surətdə məhv edilməsinə, vəhşicəsinə deportasiyasına və digər məsələlərə dair çoxlu təkzibedilməz faktları da əlavə etmək olar: O, Ermənistan XİN-nin bəyanatının tamamilə uydurma olduğunu bildirib. Deputatın sözlərinə görə, sənədlər sübut edir ki, 1988-ci ilin fevralında Sumqayıtda olduğu kimi, 1990-cı ilin yanvarında Bakıda da törədilmiş hadisələr üçün məsuliyyət sovet xüsusi xidmət orqanları ilə yanaşı erməni kilsəsi və təşkilatlarının üzərinə düşür: "Bakı, Moskva və Ankarada nəşr olunmuş monoqrafiyamda istifadə etdiyim bir ən mötəbər arxiv sənədi təsdiq edir ki, 1990-ci ilin yanvarında Bakıda baş vermiş təxribatda erməni kilsəsinin bilavasitə iştirakı və əli olub. Sənəddə yazılır ki, Bakıdakı erməni kilsəsinin dyakonu (aşağı rütbəli keşiş) Davityan 1988-ci il martın 8-10-da Eçmiadzinə gedərək bütün ermənilərin katolikosu I Vazgenin qəbulunda olmuş, sonra isə ieoromonaxlar İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyanla görüşmüşdü. Söhbət zamanı Bakı və Sumqayıtdakı şəraitlə maraqlanan, Dağlıq Qarabağ məsələsində Bakı ermənilərinin bitərəf mövqe tutmasının səbəblərinə dair suallar verən Matevosyan bildirmişdi: “Onlar böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar. Davityan cavabında demişdi ki, Ermənistan əhalisinin çıxışları Bakı ermənilərinin vəziyyətinə mənfi təsir edə bilər. Bu zaman kilsə xadimləri soyuqqanlılıqla “Burada qorxulu heç nə yoxdur, onları (Bakı erməniləri nəzərdə tutulur) qurban vermək olar” deyə söyləmişdilər".
M.Qasımlı əlavə edib ki, erməni kilsə xadimlərinin söylədikləri onların iki xalq arasında sülh yaratmaqdan nə qədər uzaq olduğunu, düşmənçiliyi, əsassız ərazi iddialarını qızışdırdığını və bu istiqamətdə qanlı əməlləri törətməyə hazır olduğunu və iştirak etdiyini göstərirdi. Bununla əslində xristianlığa daha bir silinməz ləkə vururdular.
Deputatın qənaətincə, Ermənistan XİN-in bəyanatı isə bir daha göstərir ki, dövlət siyasətinə çevrilən həmin ənənəvi fəaliyyətlər 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlardan sonra da davam etdirilir və düşmənçiliyi qızışdırmağa yönəldilib.

Əli Zülfüqaroğlu