Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı Güney Azərbaycan

Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı

IV yazı
Gizli üsulla çap olunan "Şəbnamə" adətən geçələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Geçələr yayınlandığı üçün də adı "Geçə vərəqləri" mənasını daşıyırdı. Pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutdurmaq üçün yazi-pozunu bilən adam soraqlayırdılar. Haqqında söhbət açdığımız "Şəbnamə" qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi. Ə.Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən vətəndən sürgün edilmiş və xaricə mühacirət etmiş siyasi mühacirlər və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmasda olurdu. Sonralar Vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür. O, ölkəni konstitusiya ilə idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçilardan asılı olmayan azad bir dövlət kimi görmək istəyirdi.
Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə o, öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. "Gizli əncümən" adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı dövrün görkəmli vətənpərvər ziyalıları M.Tərbiyət, S.M.Şəbustəri, H.Təbibzadə iştirak edirdilər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyril-leqal olaraq "Şəbnamə" adlı, kiçik ölçülü satirik qəzet – vərəqə buraxmağa nail olur. Ə.Kəsrəvinin yazdığına görə Ə.Səfərov "Gizli əncümən"in üzvü olmaqla bərabər Məmmədəli Mirzənin gizli polis rəisi idi. Təbrizdə vəliəhd Məmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb "Şəbnamə"də yayır geniş kütlələri xəbərdar edirdi.
XIX əsrin sonlarında İranda, eləcə də Güney Azərbaycanda yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə əhali arasında kəskin şəkil alırdı. Sonralar tarixdə "Tənbəki üsyanı", "Zeynəb paşa" və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxıl möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşrlərdə öz əksini tapmışdı.
Ümumiyyətlə, o dövrdə "Şəbnamə" adı altında gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrünün gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də "Şəbnamə" deyilirdi. Satirik ruhlu bu kiçik ölçülü qəzet və ya vərəqələrdə dövrün Əliqulu Səfərov, Mirzə Həsən Rüşdiyyə Məhəmmədəli Tərbiyət kimi mütərəqqi ziyalıları İranın real ictimai-siyasi vəziyyətini şərh edir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər.
"Şəbnamə"nin nəşri tarixi ilə bağlı ingilis şərqşünası Edvard Braun (E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O, "İran ədəbiyyatı", "Məşrutə inqilabı tarixi" və s. əsərlərin müəllifidir. O, Cənubi Azərbaycanın görkəmli ziyalılarından olan M.Tərbiyətlə yaradıcılıq əlaqəsi saxlayırdı. E.Braun İngiltərəyə qayıdarkən onun "İran mətbuat tarixi" adlı əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrdə İranın Rəşt şəhərində İngiltərə səfərətxanasının konsulu işləyən Rabinonun da yerli mətbuatla bağlı qeydlərini oraya daxil edərək ayrıca bir əsər kimi çap etdirmişdir. Kitabın əvvəlində əsərin əsl müəllifinin M.Tərbiyət olduğunu da xüsusi vurğulamağı unutmayıb - P.M.) "Şəbnamə"nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman "Ağaqulu" imzasından istifadə etdiyini, gizli çap olunub yayınlandığını, yeni ideyalarla zəngin, çox düşündürücü və satirik olub səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. Ən başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları "Şəbnamə"nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir.
Həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı dükan-bazarlardakı qarmaqarışıqlıq və zorakılıqdan bəhs olunur: "Dünən xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O səhər erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda onun paltarı cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu göm-göy göyərmişdi. O dövrdə tüğyan eləyən aclıq bizə də sirayət etdiyindən onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi dərhal parçalayıb bir neçə hissəyə böldük…".
Ə.Səfərovun 1898-ci ildə nəşr etdiyi "Ehtiyac" qəzeti şəraitin imkan verdiyi hüdudda mövcud quruluşu tənqid edir, xalqı azadlıq və tərəqqiyə çağırır, qəflət yuxusu və cəhalətdən oyadırdı. Höküməti mövcud quruluşu və xarici inhisarçıları tənqid etdiyinə görə qəzetin çapı 7-ci sayından sonra dayandırıldı. "Ehtiyac" qəzetinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazırdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu acı həqiqətlə barışa bilməyən Azərbaycan hakimi Əmirnazim Gorrucu qəzeti bağlamış və Ə.Səfərovu cəzalandırmışdı. Ə.Səfərov bundan sonra "İqbal" adlı qəzet çıxarmışdı. "Ehtiyacın bir növ davamı olan "İqbal"ın ömrü çox olmamış, onun cəmi dörd sayı işıq üzü görmüşdü.
1898-1899-cu ildə "Loğmaniyyə" məktəbinin müdiri Sadıq xan Fərəhani tərəfindən "Ədəb" qəzeti nəşr olundu. Avropada təhsil almış Mirzə Sadıq xan geniş dünyagörüşünə, hərtərəfli savada malik şəxsiyyətlərdən idi. Hələ gənc yaşlarından şerlər yazırdı. Sonralar o, daha operativ və XIX əsrin sonlarında İranda populyar janr olan publisistikaya müraciət edir. 1898-ci ildə Təbrizdə "Ədəb" qəzetini nəşr edən Sadiq xan, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. 1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan "İrşad" qəzetinin fars dilli əlavəsini çıxarır. "İrşad"ın farsca cəmi 13 sayı çıxıb və bu əlavələrdə ədəbi-ictimai fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məsələn, onun saylarından birində M.F.Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış "Təlqinnamə" əsərindən bir hissə çap olunub. Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olub.
Başqa bir maraqlı fakt İran dramaturgiyasının banisi Mirzə ağa Təbrizi ilə bağlıdır. O, M.F.Axundovun təsiri altında dram əsərləri yazıb. Mirzə ağa Təbrizi yazdığı hər bir yeni peysini M.F.Axundovdan məsləhət almaq və əsər haqda onun fikrini bilmək üçün ona göndərirmiş. Ancaq hər dəfə də xahiş edirdi ki, yazışma zamanı bir müəllif kimi onun adını yazmasın, bunu gizli saxlasın. Çünki onun əsərləri satira üzərində qurulduğundan yazıçıya təhlükə yarada bilərdi. Bu səbəbdən uzun illər bu əsərlərin müəllifinin adı qaranlıq qalmışdı. Uzun müddət onun əsərlərini səhvən M.F.Axundovla əlaqə saxlayıb məktubla yazışan, başqa bir ziyalı, erməni əsilli Melkum xanın adına çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə üzə çıxarıb. "İrşad"da Mirzə ağa Təbrizinin əsərindən bir parça çap olunması əsərlərin əsl müəllifinin kimliyinə aydınlıq gətirib.
Bakıdan Tehrana qayıtdıqdan sonra, Mirzə Sadiq xan 1907-ci ildə "İraqe-əcəm" və 1914-cü ildə isə "Aftab" qəzetlərini nəşr edir. XX əsrin əvvəllərində Təbrizdə Təbriz ziyalılarının, şair və alimlərinin toplaşdığı "Loğmaniyyə" məktəbində ədəbi dərnək fəaliyyət göstərməyə başladı. Bu ilk ədəbi dərnəyi Sadıq xan (Ədibül Məmalik təxəllüsünü də o illərdə qəbul edir –P.M.) idarə edirdi. Ədalət Əbülziya, Həsən Tağızadə və Məmmədəli Tərbiyət müasir mütərəqqi fikirlərin təbliği və yayılma mərkəzlərini yaratmağa müvəffəq olmuşdular. Az müddətdən sonra bu mərkəzin orqanı olan "Gəncineyi-Fünun" jurnalı dərc olundu.
"Gəncineyi-Fünun" jurnalının redaktorlarından biri Məmmədəli Tərbiyət Cənubi Azərbaycanın görkəmli maarif xadimlərindəndir. O, dövrün demokratik fikirli ziyalıları – Seyid Məhəmməd Şəbüstəri, Həsən Tağızadə, Hüseyn Ədalətlə birlikdə Təbrizdə yeni üsulla idarə olunan "Tərbiyət" məktəbinin əsasını qoyub. Təbrizdə çox zəngin "Tərbiyət" kitabxanasının yaranması da onun adı ilə bağlıdır. Tərbiyət Asiya, Afrika və Avropanın bir çox ölkələrində nəşr olunan kitabları, qəzet və jurnalları Təbrizə gətirərək yaratdığı kitabxana vasitəsilə oxuculara çatdırırdı. Azərbaycan ziyalılarının dövrün qabaqcıl mətbu orqanları və nəsr nümunələri ilə tanış olmasında, onların dünya görüşünün artmasında "Tərbiyət" –kitabxanasının xidmətləri az olmayıb.
1902-ci ildə Təbrizdə nəşr olunan "Gəncineyi-fünun" tək Cənubi Azərbaycanda deyil, həmçinin İranda ilk elmi-ədəbi jurnal hesab olunur. Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi. I. Elm və texnika ilə bağlı yeniliklər, II. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən "İncəsənət bələdçisi". Bu rubrikanı M.Tərbiyət hazırlayırdı. III. "Qədim mədəniyyətlər, sivilizasiyalar". Bu bölmədə Avropanın tarixçi alimlərinin (xüsusilə fransız Qustav M.Bonun) əsərlərindən örnəklər verilirdi. Həmin əsərləri Həsən Tağızadə çevirir və onların çox zaman geniş şərhini hazırlayırdı. IV. Bədii əsərlərdən edilmiş tərcümə nümunələri sonuncu bölmədə yerləşdirilirdi. Macəra ədəbiyyatını, xususilə fransız yazıçısı Jül Vernin əsərlərini tanınmış şair Mirzə Yusif xan Etisamimülk (görkəmli şairə Pərvin Etisaminin atası) çevirirdi. Məmmədəli Tərbiyət 1921-1925-ci illərdə Güney Azərbaycanın maarif naziri vəzifəsini daşıdığı zaman ölkəyə maarif və mədəniyyətin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə "Gəncineyi-Fünun" jurnalının nəşrini bərpa edir. XIX əsrin sonlarında qəzetlərin sayı artmağa başlayırdı. Xalq artıq hakimiyyətə müxalif olan qəzetləri oxuyurdu. Onların əksəriyyəti ölkənin xaricində çap olunan mühacir mətbu orqanları idi. Ölkə daxilində nəşr olunan belə qəzetlər təzyiqlərə məruz qalıb bağlandıqca onların qeyri-leqal, kiçik formatlı qəzetlər, vərəqlər görünməyə başlayırdı.
Şah uzun müddət ölkədə xüsusi qəzetlərin nəşrinə və ölkəyə xaricdən mətbuat gətirilməsinə icazə vermirdi. "1863-cü ildə şahın xüsusi fərmanı ilə belə qəzetlər xalqı düzgün yoldan azdıran vərəqələr élan olunmuş, onların yayılması qadağan edilmişdi". Sonralar şah mövqeyini yumşaltmalı oldu. Gizli, qeyri-leqal mətbuatın qarşısını almaq, hökümət və ruhanilərin nəzarəti altında olan özəl qəzetlərdə öz nüfuzunu möhkəmlətmək üçün onların nəşrinə imkan yaratdı. Hökümət artıq xüsusi şəxslərə və idarələrə qəzet nəşrinə icazə vermək məcburiyyətində qalmışdı.


Pərvanə Məmmədli
araşdırmaçı