Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi Güney Azərbaycan

Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi

1-ci yazı

Müasir Azərbaycan milli hərəkatının nüvəsi Güney Azərbaycanda yerləşsə də xaricdəki cənublu azərbaycanlıların bu milli mübarizə prosesindən kənarda qaldığını söyləmək düzgün olmazdı. Azərbaycanlılar mühacirət etdikləri Avropa və Amerika ölkələrində ana dilini, milli-mənəvi dəyərləri, mədəni irsin qorun¬ması missiyasını şərəflə yerinə yetiriblər. Xaricdə yaşayan güneyli azərbaycanlıların yaratdıqları mərkəz və cəmiyyətlər parçalanmış vətənin problemlərinin beynəlxalq arenaya çıxarılmasında, dünya ictimaiyyətində Azərbaycan türklərinin bölünmüş xalq olması haqda rəyin formalaşdırılmasında böyük rol oynayıb.
Avropadakı güney azərbaycanlıların böyük bir qismi Almaniyada yaşayır və diaspor fəaliyyəti digər Qərb ölkələrinə nisbətən bu ölkədə daha fəal görünür. Almaniyadakı güneyli mühacirlərin konkret olaraq ana dili uğurundakı mübarizəsi geniş və çoxaspektlidir. Əvvəla, onu qeyd etmək lazımdır ki, sözügedən ölkə cənubi azərbaycanlıların azərbaycandilli mühacir mətbuatının yaranması və fəaliyyəti sahəsində şəriksiz mərkəzidir. Təkcə bu faktı demək kifayətdir ki, Almaniyadakı cənublu mühacirlər 1984-1995-ci illər ərzində 20-dək müxtəlif qəzet-jurnal nəşr ediblər. 1984-cü ildən bu günədək nəşr edilən "Ana dili" (Bonn), 1986-cı ildə Hamburqda işıq üzü görən "Azərbaycanın səsi", 1988-ci ildə "Azərbaycan kültür ocağı"nın orqanı kimi fəaliyyət göstərən "Savalan"(Qərbi Berlin-Bonn), 1988-1991-ci illərdə Qərbi Berlində çap olunan "Qaynarca", 1990-cı ildə "Azər", həmin il bütün Avropa ölkələrində Almaniyadakı "Azərbaycan kültür ocağı"nın orqanı kimi yayılan "Ocaq-info", güneyli milli qüvvələrin mühacirətdəki şovinist-paniranist dairələrlə ideoloji savaş aparmaq, Azərbaycan milli məsələsini iranlı mühacir kütləsi arasında bir daha qaldırmaq məqsədilə 1991-ci ildə Kölndə fars dilində nəşr edilən "Girdəmiz" ("Dəyirmi masa"), 1993-1994-cü illərdə "Bayquş" (latın qrafikası ilə), 1995-ci ildə "Ulus" və "Azərbaycan səsi", 1993-cü ildə Bonnda "Atürpat", 1994-cü ildə əsası Kassel şəhərində qoyulan "Azərbaycan" adlı mətbu orqanların fəaliyyətinin əsas qayəsi milli haqlar və ana dili uğrunda mübarizə idi. Bu nəşrlərin tematikasına nəzər salanda aydın görünür ki, orada radikal siyasi mübarizə elementləri, siyasi çağırış və tələblər yoxdur və ya varsa da qabarıq deyil, onların səhifələrində ana dili, elementar milli-mədəni haqlar məsələlərinə daha çox yer verilir.
Avropada yaşayan güney azərbaycanlıların milli məsələnin həlli uğrunda fəaliyyətinin əsas istiqamətləri sırasında mətbuatla, beynəlxalq təşkilatlarla işini və ayrı-ayrı mədəni tədbirlərini xüsusi vurğulamaq olar. Almaniyanın Bonn şəhərində yaşayan fəal milli-demokratlardan Nurəddin Qərəvinin də bu mübarizədəki rolu danılmazdır və xüsusi qeyd edilməlidir. O, 1984-cü ildə Bonnda fəaliyyətini hələ də davam etdirən "Ana dili" adlı qəzetin əsasını qoymuş, mühacirlərin milli şüurunun artması istiqamətində xeyli iş görmüşdü. Bu qəzet bütün Avropa ölkələrində, ABŞ, Kanada, Şimali Azərbaycan, Türkiyə, İran, İraq və digər ölkələrdə yayılırdı. Avropadakı cənublu azərbaycanlıların milli haqlar, dil və mətbuat müstəvisindəki mübarizəsində "Ana dili" qəzeti əhəmiyyətli rol oynayıb. Nəşr oldunduğu gündən müstəqil Azərbaycan idealını özünün əsas hədəfi seçmiş qəzet o taylı-bu taylı Azərbaycanda baş verən bütün vacib hadisələrə səhifələrində yer ayırır, milli hüquqların, o cümlədən ana dilinin qorunması məsələsini daim diqqətdə saxlayır. "Ana dili"ndə tədris sisteminin fars dilində olmasının türk uşaqlarına mənfi psixoloji təsirlərindən söz açan onlarla məqalə işıq üzü görüb.
Həmin məqalələrin birindən qısa bir parçanı nəzərdən keçirək: "7 yaşına qədər ana dilinə qarşı qazandığı hiss və sevgilərin çiçəkləndiyi bir anda məktəbə getdiyi ilk gündən özgə bir dildə öyrənməyə məcbur edilir və bu, uşağın ruhunda, mənliyində yeni izlər qoyur" (05.06.1983). Qəzet araşdırma apararaq belə nəticəyə gəlir ki, ailə və məktəbdə hakim olan fərqli şərait uşağın şüurunda doğma dili haqqında mənfi baxışın yaranmasına, yəni bu dilin pis (kobud) və az dəyərli olması haqqında təsəvvürün formalaşmasına səbəb olur. Əraq, Qəzvin və Həmədanda türk dilinə müəllimlərin qoyduğu qadağalar (valideynlərə deyilirdi ki, guya dövlət tərəfindən göstəriş verilib ki, evlərdə farsca danışsınlar) (05.05.1997) qəzetin səhifələrində öz əksini tapıb və İran rejiminin atdığı bu addımlar kəskin tənqid olunub.
Almaniyadakı azərbaycanlıların keçirdiyi tədbirlər dil uğrunda mübarizənin tərkib hissəsi idi. Hər il 21 Azər hadisəsinin ildönümü münasibətilə keçirilən yığıncaqlarda ən çox səslənən şüarlar ana dili ilə bağlı idi. 1980-ci illərin sonlarına doğru müstəqil dövlət qurmaq ideyaları irəli sürülməyə başlandı. 12 dekabr 1987- ci ildə 21 Azər hadisəsinin ildönümü zamanı təşkil olunmuş tədbirlərdə əsas şüarlar bunlar idi: "Özgürlük Azərbaycan xalqının vaz keçilməz hüququdur, "Məhv olsun vətənimizə hakim olan irtica rejimi", "Qurtulmaq üçün ayağa qalxmalıyıq və öz etirazlarımızı beynəlxalq dairələrə bildirməliyik", "İranda demokratiyanın yaranması yalnız bütün İran xalqlarının öz milli hüquqlarına və özgürlüyünə yetişməklə mümkündür" (05.01.1988).
Avropadakı güneyli mühacirlərin milli-demokratik və milli- maarifçilik fəaliyyətinin güclənməsinə təkan verən amillərdən biri də 1987-ci ilin dekabrında Bakıda yaranan "Vətən" cəmiyyətindən gələn müsbət impuls idi. Bu təşkilat milli mədəniyyət, dil, ana dilində ədəbiyyat böhranı keçirən güneyli azərbaycanlılara böyük mədəni-mənəvi yardım göstərirdi. Bakıdan göndərilən əyani vəsaitlər, qəzet-jurnallar, Azərbaycan tarixi, mədəniyyəti, milli kimliyi, dili barədə kitablar həmin böhranı qismən də olsa aradan qaldırmaqda əvəzsiz rol oynayırdı. Xüsusilə 1989-cu ildən etibarən "Vətən" cəmiyyətinin xətti ilə Quzey Azərbaycandan olan mədəniyyət və incəsənət xadimlərinin, ədiblərin, alimlərin Avropa ölkələrinə səfərləri (noyabr 1990) və oradakı güneyli mühacirlərlə keçirilən görüş və müzakirələr də sonuncuların ana dili, milli kimlik, milli mədəniyyət anlayışlarına münasibətini daha da cilalayıb duruldurdu. Bu da öz növbəsində onların milli şüur səviyyəsinin yüksəlməsinə şərait yaradırdı.
Uzun onilliklər boyu çeşidli siyasi-ideoloji cərəyanların bölüb-parçaladığı, bir-biri ilə üz-üzə qoyduğu cənublu mühacirlər artıq ana dili, milli mədəniyyət və milli kimlik məsələlərinin yeganə birləşdirici faktor olduğunu dərk etməyə başlamışdılar. Onlar milli özünüdərkə aparan yolun maarifçilikdən keçdiyini bilir, bu sahəyə diqqəti artırırdılar. Bu baxımdan 1989-cu ilin sentyabrında Danimarkada Almaniya, Norveç, Fransa, İsveç, Avstriya və İsveçrədə yaşayan güneyli milli ziyalıların iştirakı ilə keçirilən toplantının xüsusi əhəmiyyəti vardı. Həmin toplantıda əsas müzakirə mövzusu mühacir güneylilər arasında milli mədəniyyəti və azərbaycançılıq şüurunu yaymaq məsələləri ilə bağlı idi. Qərara alınmışdı ki, ziyalılar güneyli mühacirləri bir araya gətirib onların Azərbaycan mədəniyyəti, dili və tarixi haqqındakı biliklərini artırmaq üçün fəaliyyətlərini genişləndirsinlər. Bununla bağlı o dövürə qədərki təcrübə də dəyərləndirilmiş, nöqsan və çatışmazlıqlar, eləcə də fəaliyyəti gücləndirməyin mümkün yolları göstərilmişdi.
1989-cu ildən etibarən Almaniyada Azərbaycan mədəniyyəti həftələri keçirilir və Azərbaycan folklorunu öyrətmək üçün yeni mərkəzlər açılırdı. Hər il keçirilən Novruz bayramı şənlikləri, müntəzəm şəkildə təşkil olunan musiqi, ədəbi-bədii və rəqs gecələri milli ruhun oyanışında vacib rol oynayaraq milli konsolidasiya prosesinə əvəzsiz töhfələr verirdi. 1980-ci illərin ortalarına doğru Avropada xeyli sayda incəsənət və rəqs qrupları, milli ansambllar təşkil edilmişdi. Onlara nümunə olaraq "Səhənd" (Köln), "Araz" (Hamburq), "Azərbaycan mahnı və rəqs ansamblı" (Qərbi Berlin), "Balaban" (Qərbi Berlin) və digərlərini göstərə bilərik.
Bəhs olunan dövrdə Avropadakı cənublu milli ziyalıların fərdi maarifçilik və elmi fəaliyyəti də ana dili və milli haqlar uğrunda mübarizənin vacib ünsürləri kimi nəzərdən keçirilməlidir. Bu baxımdan ən diqqətəlayiq təşəbbüs "Ana dili" qəzetinin naşiri Nurəddin Qərəvi tərəfindən göstərilmişdi. O, cənublu mühacirlərin ana dilində yazıb-oxumaq bacarığının çox aşağı səviyyədə olmasını böyük problem sayaraq bunu aradan qaldırmaq üçün 1986-cı ildə "Ana dilimizi öyrənək" adlı bir dərslik yazıb onu 1987-ci ildə "Ana dili kultur yayınları" qrifi ilə nəşr etmişdi. Bu kitabça sonradan bütün Avropadakı azərbaycanlılar arasında təmənnasız olaraq yayılmışdı.
1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin "İslam və Orta Şərq araşdırmaları" bölümündə çalışan H.Nitqinin Azərbaycan türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş elmi məqaləsində İranda Azərbaycan türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs olunur. Hələ ötən əsrlərdə fars dilinin türk hökmdarlarının saraylarında işlənməsini göstərərək əlavə edirdi ki, türk şair və ədibləri türk hökmdarları ilə birgə özlərini klassik farscanın tərəqqisinə və təkmilləşməsinə elə geniş ölçüdə həsr etdilər ki, az qala öz dil və mədəniyyətlərini unutdular. Müəllif yalnız xalq şeirini Cənubi Azərbaycanda milli-mənəvi dirçəlişin bədii daşıyıcısı kimi qiymətləndirirdi.
Avropadakı milli təşəbbüslərin və dil uğrunda mübarizənin ön sıralarında olmuş digər cənublu ziyalı Almaniyanın Köln şəhərində yaşayan folklorşünas və yazıçı Behruz Həqqidir. Onun milli maarifçilik fəaliyyəti daha geniş miqyasa malik idi və özünün akademik səviyyəsi ilə seçilirdi. Bu da onun 1983-cü ildən 1986-cı ilədək Bakıda yaşaması və burada Elmlər Akademiyasında elmi işçi kimi çalışması ilə bağlı idi. B.Həqqi Azərbaycan dili, tarixi, folkloru, milli mədəniyyətilə bağlı bir neçə əsərin müəllifi kimi Cənubi Azərbaycan diasporu nümayəndələri arasında tanınan ziyalıdır. Onun 1988-ci ildə Köln şəhərində çapdan çıxan "Atalar sözlərinin kökləri", "Türk ədəbiyyatı" və "Koroğlu dastanı", 1990-cı ildə Kölndə çap edilən "Azərbaycan şifahi xalq ədəbiyyatı" adlı elmi araşdırmaları Avropadakı cənublu mühacirlər arasında çox populyar idi.
Dil uğrunda mübarizədə Hamburqdakı (Almaniya) "Araz" cəmiyyətinin də xüsusi rolu vardı. Bu cəmiyyət sırf mədəniyyət təşkilatı kimi yaranmışdı. Amma orada birləşən cənublu milli-demokratlar Hamburqda kifayət qədər sıx və kompakt yaşayan, yetərincə fəal olan paniranist qüvvələrlə tez-tez polemikaya girir, onların Azərbaycanın milli varlığına qarşı yönələn mürtəce fəaliyyətinə qarşı çıxırdılar. Bu təşkilat bütün fəaliyyəti boyunca ana dili və milli mədəniyyətin xaricdəki azərbaycanlılar arasında qorunub saxlanması və təbliğ olunması üçün çalışmışdı. "Araz" cəmiyyətinin Azərbaycan dili ilə bağlı gördüyü ən parlaq işlərdən biri 1990-cı ildə onun Hamburq Universitetinin elmi kitabxanasında saxlanılan və Azərbaycan dilinə, mədəniyyətinə, incəsənətinə, tarix və ədəbiyyatına aid olan kitabların siyahısını çıxarıb ayrıca kataloq kimi çap etməsi və onu azərbaycanlılar arasında təmənnasız yayması idi. Məqsəd qürbətdəki cənublu mühacirlərin maariflənməsinə az da olsa töhfə vermək idi.

Yeganə Hacıyeva