“Azərbaycan” qəzetinin səhifələrində  - 11-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 11-ci yazı

Azərin 21-i bizim üçün əziz və müqəddəs bir gündür

Napaleon “Saynt Helena” (Müqəddəs Yelena - red.) adasında deyirdi ki, “Bir məmləkətin taleyi bəzən tək bir günə bağlı olur”. Tarix bu fikri, bu mülahizəni təsdiq edir, amma bu “tək bir gün”ü hazırlamaq üçün bir çox illərin lazım olduğunu da göstərir. Azərbaycan üçün o tək bir gün çatmışdır. Azərbaycan üçün o tək bir gün bugünkü yaşadığımız gündür. 21 Azər günüdür (1945-ci ilin 12 dekabr günü nəzərdə tutulur – red.).
Azərbaycanlı illər boyu bu günün arzusunda və intizarında idi. Amma bu gün hələ ki, onun əlinə çatmamışdır. O gərək dözə idi, səbr və hövsələ edə idi ki, münasib mühit və münasib zamanda işə başlaya biləydi. Bu tək bir gün tək böyük bir fürsət idi. Çünki o bilirdi ki, əgər aldanıb və laqeydlik göstərib onu əldən versə, təzədən xainlərə və müstəbidlərə fürsət vermiş olacaq, onu qul kimi zəncirə çəkəcəklər, o zaman daha qurtuluş olmayacaq. Bu tək bir gün hər vaxt ələ düşməzdi. Çünki xainlər və düşmənlər var idi. Odur ki, azərbaycanlı bu tək bir günün qiymətini bilir və ona çox əhəmiyyət verir.
Azərin 21-i bizim üçün ən xoş və ən müqəddəs bir gündür. Biz bu günü təqdir və təsdiq etməliyik. Hər il o günü bayram etməliyik, şadyanalıqlar etməliyik. Bu gün artıq bizim milli bayramlarımızın sırasına keçib və əziz tarixi günlərimizdən biri olub. Azərin 21-i günü bizim milli bayramlarımızın ən böyüyüdür. Biz bu gündə və bu günün sayəsindədir ki, milli arzularımıza çatmışıq. Bu Azərin 21-dir ki, azadlıq mələyi istibdad quluna qələbə çalıb və ona qalib gəlibdir. Həqiqətdə bu gündür ki, millətin qüdrətinin nə olduğunu, el gücünün sel gücü olduğunu bilməyənlərə bildirib. Həqiqətdə bu gün biz özümüzü idarə edirik və istədiyimiz kimi yaşayırıq, daha özgələrin təzyiqi və hakimiyyəti altında deyilik. Bu bir xoşbəxtlik və böyük bir nemətdir. Daha azadlıq və səadət qapıları bizim üzümüzə açılıbdır. Hər gün ölkə işlərində hər sahədə, hər yerdə dəyərli islahatlar olur. Bu islahatlar nəticəsində ölkəmizin zəkası və istedadı sayəsindədir ki, az bir zamanda ölkəmiz dünyanın ən gözəl ölkələrindən olacaqdır və geri qalmış, zəncirlənmiş millətlər bizə qibtə edəcəkdir.
Biz bilməliyik ki, Azərbaycanın indiki nəsli qabaqlarda Tehranın daimi yalanları üzərində qurulmuş istismarçı tərbiyə üsuli ilə tərbiyə olub, amma bu çürük təlim-tərbiyə sistemi onların gün kimi lütfkar zəkasını və ağlını əllərindən ala, onların yüksək səciyyələrini aradan apara bilməyibdir. Bu millətdə ağılın və zəkanın lütfkarlığı elə bir dərəcədədir ki, yalnız öz ölkəsini deyil, eyni zamanda dünyaları işıqlandıra bilər.
Bu millət bu ağılda, bu zəkada, bu istedad və bu şəciyyədə gərək hakim olsun, nəinki məhkum. Amma biz azadlıqsevər bir millətik və özgələrin məhkumiyyətini və bədbəxtliyini istəmirik. Biz istismarçı bir millət ola bilmərik. Bu azadlıq ruhuna qarşıdır. Amma biz istismar halında da qalmarıq və bir daha özgələrin istibdad təzyiqinin və boyunduruğunun altına getmərik.
Bundan bu yana uşaqlarımız öz dilində təlim görüb və düzgün bir tərbiyə üsulu ilə tərbiyə alacaqlar. Bu tərbiyə sistemimiz dəyişiləcək. Artıq bu millətin geninin və dahiliyinin zahirə çıxması vaxtıdır. Onda məlum olacaqdır ki, Səhənd ətəklərində yaşayanlar Dəmavənd ətəklərində mürgüləyənlərdən ağıllıdırlar.
Onların bizim azadlıqsevər rumuza qarşı olmalarına baxmayaraq mən çox arzu edərdim ki, heç olmazsa, bir az zaman içində də olsa, Tehran uşaqları da öz dillərindən başqa ayrı bir dildə təhsil görəydilər və bir zaman da onlar bizim dilimizdə yazıb oxuyaydılar. Yəqin ki, belə bir əməl nəticəsində də çox az bir zaman içərisində tənəzzülə doğru gedərək sönüb aradan gedərdilər. O vaxt bilərdilər ki, əsrlər boyu bizim başımıza nə oyun açıblar və bizə nə zülmlər ediblər. Odur ki, biz əgər keçən günlərimizi yada salıb və bu günlə müqayisə etsək, o vaxt anlarıq ki, bizim bu günlərimizin hər günü bir bayramdır. Əgər hər günümüzü də bir bayram və şənlik etsək, rəvadır.

Məhəmməd Əzmi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 119, 6.02.1946
***
Xalqımız firqəmizin və dövlətimizin verdikləri şüarları dəstəkləyir

Firqəmizin düzgün rəhbərliyi sayəsində xalqımız milli muxtariyyətini və həqiqi istiqlaliyyətini öz əlinə alıb və öz evinin sahibi olubdur.
Xalq muxtariyyətini qorumaqdan ötrü can-başla çalışmağa hazırdır. Hamı çalışır və hamı səy edir ki, neçə günlük işləri az müddətdə icra edib yerinə yetirsinlər. İndi Azərbaycanın hər nöqtəsində Azərbaycan azadlığı şüarının dalında bütün Azərbaycan xalqı dayanır, Azərbaycanın minlərlə igid oğulları fədai dəstələrinə qoşulub “Azərbaycan azərbaycanlılarındır” şüarını əbədi olaraq hifz etməkdən və onu sözdən işə gətirməkdən ötrü çalışırlar və hətta kiçik məktəb uşaqlarında da ağıla gəlməyən bir ruh əmələ gəlmişdir. İndi məktəblərimizdə “Milli dilimiz gərək inkişaf etsin” şüarı bütün tələbələr tərəfindən dəstəklənir.
Kəndlilər öz evlərinə özləri sahib olmaq üçün firqəmizin və dövlətimizin kənd təsərrüfatı barəsində yeritdiyi tarixi şüarı göz bəbəkləri kimi sevib və saxlayırlar. Milyonlarla kəndlilər bu şüarın tezliklə icra olunmasıını tələb edirlər. Firqə və dövlətimiz bu barədə ciddi itədbirlərə başlayıb və çox tez bir vaxtda kəndlilər illər boyu həsrətini çəkdikləri arzularına yetişəcəklər.
Firqəmizin xalqımız haqqında verdiyi şüar millətimiz tərəfindən böyük sevinclə qarşılanıbdır. Bu şüar bütün xalqımızı firqəmizə inandırıb və yaxınlaşdırıbdır. Hamı firqəmizə inanıb və ona iman ilə baxırlar.
Partiya adından qaçan bir para adamlar indi firqəmizə üzv olmağa daha çox səy edir və çalışırlar. Bunları bir iman və bir hiss idarə edib ki, firqəmizin sarsılmaz baydağı altında toplanıb firqəmizin üzvlüyünü qəbul etsinlər. O hiss xalqın firqəyə olan maraqlarından, ona bəslədikləri ümid və rəğbətlərindən ibarətdir.
Azərbaycan xalqı yoxsulluq və fəlakətdən nicat tapmasını firqə və dövlətimizdən gözləyib və gözləyir.
Firqəmiz xalq içindən çıxdığı üçün xalqın ürəyində özü üçün böyük bir yer açıb.
Kiçikdən böyüyə, qocadan cavana qədər firqəmizi və ona rəhbərlik edənləri sevir və onlara ehtiram ilə baxırlar.
“Azərbaycan azərbaycanlılarındır” şüarı xalq kütlələri tərəfindən misli görünməmiş şadlıqla qarşılanıb.
İndi Azərbaycan xalqı bu milli haqqı hifz və icra etməkdən ötrü can-başla fədakarlığa və ölməyə hazırdır.
Yaşasın böyük xalqımız və ona rəhbərlik edən firqəmiz!
Qafar Herisçi
"Azərbaycan qəzeti. ADF orqanı, Təbriz, say 119, 6.02.1946

***

Keçmiş dövrələrdən:
Mənim dilim!
- Məmə, mən nan mixahəm! (Ana mən çörək istəyirəm – red.)
- Oxxay, balama qurban olum. Nə yaxşı danışır, - deyə Hürü qarı yerindən qalxdı.
Ağ samovarı götürüb bir neçə kərə onun odluğuna yellədi. Sonra su töküb od saldı. Məktəbdən yeni gəlmiş oğlunun qabağına süfrə salıb çörək qoydu. Oğlu məktəbdən ac gəldiyindən çörəyi hovilli-hovilli aşırdı. Tikə oğlunun boğazında qaldı. O, boğula-boğula:
-Məmə!
- Can bala, başuva dönüm, nə istəyirsən? – deyə Hürü qarı müti bir qul kimi oğlunun əmrini gözləyirdi.
Oğlu gücənə-gücənə:
- Aaa.. ab biyar..,- dedi.
Hürü qarı elə bildi ki, oğlunun Abı adlı yoldaşı küçədə dayanıbdır. Oğlu onun çağırılmasını istəyir. Hürü qarı cəld eşiyə çıxdı. Küçədə iki nəfər məktəbli uşağın getdiyini görüb xəbər aldı:
- Ay bala, sizdən Abı hansınızdır? Oğlum onu çağırır.
- Ay xala, bizdə Abı adlı adam yoxdur, –deyə cavab verdilər.
Hürü qarı peşiman bir halda evə qayıtdı və o adda adamın küçədə olmadığını oğluna dedi. Və birdən gözü oğluna sataşdı. Gördü ki, oğlunun gözü kəlləsinə çıxıbdır. İndi Hürü qarı anladı ki, oğlunun ürəyində çörək qalıbdır. Tez su gətirib boğazına tökdü və kürəyinə də bir-iki yumruq vurdu ki, tikə boğazından ötsün. Oğlu gözü yaşarmış anasının üstünə qışqırdı:
- Sən niyə fars dilini bilmirsən?- deyib utanırmış kimi başını aşağı saldı.
- Mən oxumuşam ki, fars dilini biləm.
- Onda mən necə eləyim? - dedi.
Müəllim deyir ki, gərək evdə də ananızla və dədənizlə fars dilində danışasınız. Onlar da fars dilini öyrənsinlər. Bu dövlətin əmridi.
Hürü qarı oğlunun bikef olduğunu görüb:
- Olsun oğlum, - dedi. Mən də fars dilini səndən öyrənərəm.
Hürü oğlunun kədərli üzünə baxdı. Söhbəti nə qədər dəyişdirsə, oğlu ondan əl çəkmədi. Birdən Hürü qarının yadına düşdü. O həmişə ana və atasının yanında qardaşı ilə gizlin bir sözü qarğa dili danışardı. Anası da gülərək deyərdi:
- Bəli də, yenə də fars dilində danışmağa başladılar.
Hürü qarı elə zənn etdi ki, güya onun danışdığı o qarğa dili doğrudan da fars dili imiş. Həmin dil ilə də oğlu ilə danışmağa başladı. O anasının dolaşıq sözlərini başa düşmədi və qəhqəhə çəkib güldü:
- Arvad, bu ki, fars dili deyil. Mən ki, heç bir şey başa düşmürəm, - deyib anasının üzünə baxdı. Anası qaşlarını çatdı.
- Oğlum, sən ki, mənim qarğa dilimi başa düşmədin, bəs mən sənin fars dilini haradan anlayım? Oğlum, sənə dili mən öyrətmişəm, yeddi uşağın beşiyinin yanında oturub lay-layı bu dillə demişəm. Harası pisdir, - dedi və ahəstədən:

Lay-lay dedim yatasan, qızıl gülə batasın,
Qızıl gülün içində şirin yuxu tapasan.
Lay-lay balam, lay-lay, lay-lay quzum, lay lay.

- Sənə də bu gözəl lay-laydan demişəm. Bu dildə də sən dil açıbsan. Adamın öz dili olmasa, o necə yaşaya bilər. Sən başqa dilləri öyrən. Atalar deyiblər ki, çox dil bilən çox şey bilər. Ancaq sən öz ana dilini yaddan çıxarma. Bu dili yaddan çıxarmaq ananı unutmaq deməkdir, oğlum. Əgər sən mənimlə başqa dildə danışsan, mən səni başa düşmərəm. Bəs sənin dərdlərini mən necə bilim, axı. Mən sənin ananam, səni mən məşəqqətlə böyütmüşəm. Bu qocalıq günlərimdə sən öz ürəyini mənə açmalısan. Mən sənin qüssəni çəkdim. Sən isə mənimlə başqa dildə danışırsan. Mən səni başa düşmürəm. Ondan pis nə olsun oğlum?
Hürü qarı danışırdı, oğlunun isə ona rəhmi gəldi. Tez yerindən qalxıb anasının boynuna sarıldı, üzündən öpdü və öz hərəkətlərindən peşiman olaraq bu həqiqəti düşündü ki, nə üçün onun anasını başa düşmədiyi bu dildə danışmağa məcbur edirlər. O hər şeyi anladı. O gündən sonra anası ilə öz dilində danışmağa başladı. Anası isə oğluna gözəl nağıllar deyirdi.

Qəhrəman Qəhrəmanzadə
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 119, 6 fevral 1946-cı il
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə