“Suriyada paralel idarəetmə modeli dağılır” Gündəm

“Suriyada paralel idarəetmə modeli dağılır”

“Suriyada son günlər müşahidə olunan hadisələr ölkədə uzun müddət davam etmiş qeyri-müəyyən idarəetmə mərhələsinin tədricən bağlandığını göstərir. Şimal və şimal-şərq bölgələrində mərkəzi hökumətdən kənarda formalaşmış silahlı və inzibati strukturların mövqeləri zəifləyib, nəzarət zonaları mərhələli şəkildə Dəməşqin təsiri altına keçir. Bu proses genişmiqyaslı hərbi əməliyyatlardan çox, siyasi təzyiq, yerli razılaşmalar və dəyişən güc balansı nəticəsində baş verir. Strateji infrastruktur obyektlərinin, xüsusilə enerji və su resurslarının mərkəzi hakimiyyətə qaytarılması Suriyanın dövlət nəzarətini bərpa etmək istiqamətində atdığı əsas addımlardan biridir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Politoloq, eyni zamanda, xarici aktorların sahədəki rolunun dəyişməsinin prosesləri sürətləndirdiyini qeyd edib: “Əvvəllər müəyyən bölgələrdə həlledici təsirə malik olan qüvvələr indi daha passiv mövqe tutur və bu, yerli aktorları yeni reallıqla barışmağa məcbur edir. Kürd silahlı-siyasi strukturunun manevr imkanları daralır, federasiya və muxtariyyət kimi ideyalar real gündəmdən çıxır. Nəticədə, Suriyada müharibədən sonra yaranmış paralel idarəetmə modeli dağılır və ölkə tədricən mərkəzləşdirilmiş dövlət idarəçiliyinə doğru yönəlir. Bu mərhələ Suriyanın gələcək siyasi xəritəsini müəyyənləşdirəcək əsas dönəmlərdən biri kimi qiymətləndirilir”.

Röya İsrafilova