Qədim türklər: ilk inancları və dövlətləri Güney Azərbaycan

Qədim türklər: ilk inancları və dövlətləri

Qədim türklərin məskənləri Şərqdə Çin, Monqolustan, Mərkəzi Asiya, Sayan-Altay dağlarının şimal-qərbindəki ərazilər, Yenisey, Orxon, Tola, Selenqa çaylarının sahilləri, Qərbdə Egey dəniz hövzəsi və Anadolu tutmuş Mərkəzi Asiya, Xəzər dənizi sahillərinə qədər olan ərazilərdə türkmənşəli xalqlar yaşayıb və yaşamaqdadırlar.Mərkəzi Asiyadakı (Özbəkistan) Baysun dağındakı Teşik-Taş (Deşikdaş) mağarasından neandertal tipli 8-9 yaşlı uşaq skeletinin tapılması bu ərazinin Daş dövrünə aid qədim insan məskəni olduğunu sübut edir. Bundan başqa Sibirin cənubunda və Qazaxıstan səhralarında tunc dövrünə aid abidələr aşkarlanması buranın doğrudan da bəşər övladınn qədim beşiyi olduğunu təsdiqləyir. "İssıkul (İssıkgöl, İstigöl) ətrafında Alma-Atanın (Qazaxstan) 50 km-də - Esikdə qızıl əşyalarla zəngin kurqan tapılıb. Bu kurqanda e.ə. V əsrə dair 23 hərfdən ibarət qədim yazı aşkar edilib. Bu əvəzsiz dəyərli tapıntıda, həm də gümüş üzərində iki sətirlik yazı vardı. Bu yazı həmin məzardan 1250 il sonra tikilmiş "Orxon" abidələrindəki Göytürk hərfləri ilə yazılıb. Yazı oxunub tərcümə edildikdən sonra aparılmış təhlillər "Orxon" hürufatlı bu yazının e.ə. V əsrə aid olduğu müəyyənləşdirildi". (Rəfiq Özdək. Türkün qızıl kitabı. Bakı, 1992).
Şərqi Altaydakı Pazırıq vadisində e.ə. V-VI əsrlərə aid kurqan öyrənilərkən II minilliyin sonu - I minilliyin birinci yarısında türk xalqlarınn köçü baş verib. Türküstandan Şimali-Qafqaza, Qara dəniz sahillərinə köç edən türkləri yunanlar iskit, Mərkəzi Asiya və Yaxın Şərqə axın edənləri farslar sak, aşşurlar işquz adlandırıblar. E.ə. VI-V əsrlərdə Mərkəzi Asiyada Baktriya, Parfiya, Marqiana, Xarəzm, Soqdiana kimi dövlətlərin mövcudluğu haqqında "Avesta"da və Çin yazılarında məlumatlar var. Amudəryanın aşağı axarında Xarəzm, indiki Özbəkistanın və Tacikstanın cənubunda Baktriya, mərkəzində isə Soqdiana yerləşirdi. E.ə.VI-V əsrlərdə Mərkəzi Asiya Əhəmənilərin, IV əsrin 30-cu illərində isə makedoniyalıların hücumuna məruz qalır. Səmərqənd təslim edilir. Baktriyalılar və Soqdianalılar Spitaminin başçılığı altında Makedoniyalı İskəndərə qarşı üsyan qaldırırlar, lakin Xarəzm hökmdarı və Baktriya əyanlarının xəyanəti nəticəsində üsyan yatırılır.
Bu dövrlərdə qədim türklər Zərdüşt dininə inanır, Günəşi, Ayı, Odu müqəddəs hesab edirdilər. Müasir dövrdə elm aləminə yetərincə məlum olan bu dinin yaradıcısı Zərdüşt peyğəmbər olub. Zərdüşt peyğəmbərin müxtəlif xalqların dillərinə dəfələrlə tərcümə olunmuş fikirləri "Avesta"da əksini tapıb. "Avesta" miladdan əvvəl V-IV əsrlərdə Əhəmənilər dövründə yazıya alınmış variant hesab olunur. Partiyalılar zamanı onun üçüncü variantı işlənib, Sasanilər dövründə isə "Avesta"nın yeni dördüncü variantı redaktə edilib dürüstləşdirilib. Müxtəlif dövrlərdə baş vermiş hadisələr nəticəsində "Avesta"nı xeyli hissəsi itib-batıb, onun yalnız "Vendidad", üç natamam "Yəştlər", "Yasnalar", "Vispered" kitabları və "Kiçik Avesta" hesab olunan hissəsi bizə gəlib çatıb. "Avesta" dünya xalqlarının, o cümlədən türk xalqlarının tarixini, mədəniyyətini, ədəbiyyatını, mifologiyasını, fəlsəfi dünya baxışlarını, dini inamını və əxlaqi-etik normaları öyrəmək baxımından əvəzsiz abidədir.
"Avesta"nın müəyyən hissəsi həm də folklorla bağlı olmuş ba abidənin "Qatlar" hissəsi Zərdüştün fərdi yaradıcılığına daxil edilir. "Qatlar" "Avesta"nın nüvəsi hesab edilir. "Qatlar"da həyat hadisələri, insanın emosional halı, nitqi və s. əksini tapıb. "Avesta"da əsatir və mifoloji elementlərdə kifayət qədərdir. Burada insanın doğulması, insanla təbiət arasındakı münasibətlər, Xeyir Allahı ilə Şər Allahının mübarizəsi, ədalətli hökmdar insanın məişət qayğları – əkin, biçin, əmək alətlərinə münasibəti, yemək, geymək və s. əks olunur. Abidənin başlıca leytmotivi xeyir fikrin, xeyir sözün, xeyir əməlin təqdir olunması, şərin, yalanın, zülmətin lənətlənməsidir.
Qədim və erkən orta əsrlərdə türklər əvvəllər çoxallahlılığa müxtəlif bütlərə, səmaya, günəşə, aya etiqad edirdilər, sonralar onlar qeyd etdiyimiz kimi, xüsusən Azərbaycan türkləri daha çox atəşpərəstliyə və zərdüştlüyə inanırdılar.
Qədim türklər bəzi coğrafi yerlər – dağlar, qayalar, bulaqlar, ormanlar, dənizlər və s. gizli qüvvəyə malik olduqlarından onların ruh daşıyıcısı olmasına inanırdılar. Onlara görə suyun, günəşin, göy gurultusunun və şimşəyin ruhları var. Tanrıçılıq kişiliyə aiddir. Kişilər qadın tanrıçaya "Umay" deyirdilər. Ruh daşıyan yer və su qüvvələri "Yer-Su" uğurlu sayılırdı. Göytürk kitabələrində adı çəkilən İduk, yəni müqəddəs yerlər İduk Ötükən və Tamiq İduk boş, yəni Tamiq suyunun müqəddəs mənbəyi sayılır. "Yer-Su" inamları uğurlu varlıqlar, ruhlar idi. Qədim türklərin ikinci inanc sistemi Atalar kultu idi. Türklər atalarına dərin hörmət bəslədiklərindən onlar üçün heykəllər ucaldar, yaxud ucaltdırar, yazılı başdaşları və sinədaşları qoyardılar. Türklər atalarının məzarını açanları ciddi cəzalandırardılar.
"Göy Tanrı" - qədim türklərin ana kultu idi. Tanrı bütün kainata hakim olan göy üzü idi. VII əsr Bizans tarixçisi Simokatt qədim türklərin yalnız kainatın yaradıcısı və ulu qüdrət kimi qəbul etdikləri Göy-Tanrıya tapındığını söyləyib. Göy-Tanrı hər şeyə qadir idi. O bitkiyə həyat verən, insana can bəxş edən, istədiyi zaman geri alan, cəza verən, əfv edən, yalvarışı eşidən, hər şeyi görən, bilən, bir sözlə, hər şeyə qadir idi. Onun iradəsinə qarşı çıxmaq olmazdı, türk xaqanlara təyin edən, xaqana güc verən də o idi. Ən qədim türk tayfalarına aid olan hunlar Orxon, Tola və Selenqa çayları arasında yaşayırdılar. Hunlarda tayfa ittifaqına "tanhu" ("qabqu-kağan-xaqan") başçılıq edirdi. Tarixdə Hun dövləti haqqında ilk məlumat e.ə. IV əsrə aiddir.
Məsələn, qədim Çin məktəblərində daha əski türk dünyası ilə bağlı məqamlar qalmaqdadır. Çin tarixçiləri e.ə. 328-ci ildə səfərə çıxan türk-hun hökmdarlarından birinin fikrini əks etdirməkdədirlər ki, burada "Əsgər çıxar – düşmən tutular" mənasını verən cümləyə istinad edirlər. Mütəxəssislər hələ ki, bu cümləni türk dilində yazıya alınmış ilk mətn kimi qəbul etməkdədirlər. Yenə də e.ə. 190 və 90-cı illərə dair Hun hökmdarının Çin saraylarına göndərdikləri məktubları yazıya alınıb. Bu məktublardan biri 140 minlik Çin ordusunu diz çökməyə məcbur edən Hun imperatoru Hulaku Yabqunun Çin sarayına ultimatumudur.
Böyük Hun impeatorluğu e.ə. 220-ci ildə Teoman (Teuman) tanhu tərəfindən yaradılıb. Bu, Mərkəzi Asiyada ilk türk dövlətidir. Teoman (e.ə.220-209-cu illər) Çinə hücum edib və çinlilər bu hücumun qarşısını almaq üçün e.ə.214-cü ildə Böyük Çin səddini tikməyə başlamışlar. Mete Kaganın dövründə (e.ə.209-174) dövlətin ərazisi Sibirdən Himalay dağlarına, Sakit okeandan Xəzər dənizi və Ural dağlarına qədər uzanırdı. Mete möhtəşəm süvari ordu yaratmışdı.
E.ə. 58-ci ildə imperiya Şərq və Qərb hunlarına parçalandı. Qərb hunlarının başında duran Çiçi e.ə. 36-cı ildə Tanrı dağlarının şimalını, İssıkgölün ətrafını və Orta Asiyanı tutdu. Qərb hunları üzərinə hücum edən çinlilər Böyük İpək yolu üstündə yerləşən 50-dək şəhəri qarət etdilər. Qərb hunları Ural tərəfə çəkilməyə məcbur edildilər.
E.ə. 18-ci ildə müstəqillik qazanan Şərq hunları Cənub və Şimal hunlarına bölündülər. Cənub hunları Çinin əsarəti altına düşsə də, Şimal hunları müstəqillik əldə etdilər. Hunların ən ulu səma allahları Günəş və Ay idi. Hunlara görə pis ruhları yeraltı dünyanı idarə edən Yerlik tanrı idarə edirdi. Ruhlarla insanlar arasında əlaqə yaradanları isə türklər "şaman" adlandırırdılar.
"Böyük Hun imperiyası" ikicildliyinin müəllifi məşhur türk alimi Bahəddin Ögəl birinci kitabda Metenin atası Teoman (Teuman) xanın dövrünə nəzər salarkən Hun dövlətinin qurulduğu tarixi şəraiti və zamanı yerli-yataqlı təhlil edir. Metenin tarixi qaynaqlarda görünməsini Böyük Hun imperiyasnın başlanğıcı kimi götürür, lakin müəllif belə bir fikir də söyləyir ki, Hun dövləti Metedən qat-qat sonra da mövcud olub. Böyük Hun imperatorluğu dağıldıqdan sonra hunların böyük bir hissəsi Qərbi Türküstanda yerləşir – IV əsrin sonlarında bu ərazidə Ağ Hun adlı yeni bir dövlətin əsası qoyulur. Çin mənbələrində cəngavər tayfa kimi tanınan Ağ hunlar başqa türk tayfalarından daha tez oturaq həyat şəraitinə keçmişdilər. Ağ hunların təsərrüfatında əsas yeri əkinçilik, maldarlıq və sənətkarlıq tuturdu. Ağ hunlar ticarətlə də məşğul olurdular. Böyük ipək yolunun bir hissəsi Ağ hunların Azərbaycan türklərinin təşəkkülü prosesində iştirak etmiş, eramızın ilk əsrlərində Ağ hunların bir hissəsi Dərbənd ətrafında məskunlaşmışdı.
Böyük Hun imperatorluğu dağıldıqdan sonra eramızın IV əsrində Hun tayfalarının Qərbə doğru hərəkəti başlanır. Bu hadisə tarixdə "xalqların böyük köçü" adlanır. Hunların təsiri altında alanlar, qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köç edirdilər. Bu IV-VI əsrləri əhatə edir. VI əsrdə slavyanların Bizans ərazisində məskunlaşması ilə bu proses başa çatır. Vaxtilə Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. Hunlar Qərbə doğru Don sahilində alanları, Krımda Ostqot tayfalarını, Dnestrdə Vestqot kralı Atanarixi Qərbə doğru sıxışdırıb, buna baxmayaraq Moldova ərazisində hunlara qarşı "Atanarix sədləri" tikilib.
400-cü ildə hunlar İdil çayından Dunaya qədər olan hissəni nəzarət altına keçirirlər. Hun dövlətinin başçısı Balamir (374-400-cü illər) orduda intizamı gücləndirir. Hakimiyyət Atillanın əmisi Ruayanın əlinə keçir. 434-cü ildə hakimiyyətə gələn Atilla Bizansla Konstans sülhünü bağlayır. Atilla dövründə imperatorluğun ərazisi Reyn çayı, Balkan yarımadası, Baltik sahillərinə qədər uzanırdı. Bizansın Konstans sülhünün şərtlərini pozduğunu görən Atilla 447-ci ildə "İkinci Balkan səfəri"nə çıxır. O, Konstantinopolu mühasirəyə alır və Bizans imperatoru II Feodesini sülh bağlanmağa məcbur edir. Qərbi Hun imperatorluğu hərbi-feodal dövləti kimi möhkəmlənir.

Nizami Tağısoy
professor