Qaçqın böhranı Dünya

Qaçqın böhranı

Avropaya axın edən təkcə suriyalılar deyil

Cavid

Bütün Avropanı bürümüş, sərhədlərdə və metal baryerlər arxasında qalan insan axınını, avtobus və ya qatar gözləyərkən yol kənarları və dəmir yollarında yatmağa məcbur olan, əldən düşmüş minlərlə miqrantın bu vəziyyəti hələ də insana pis təsir edir və bunları düşünməyə vadar edir: bu insanlar nə cür həyatdan qaçıb canlarını qurtarmaq istəyiblər? Avropada onları hansı gələcək gözləyir? "bbc.co.uk" yazır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Quterreş Avropanın miqrantların çatdıqları ilk yerlərdə, yəni Yunanıstan və İtaliyada müvafiq qəbul və yoxlama mərkəzlərinin yaradılması ilə bağlı verdiyi vədləri yerinə yetirə bilməməsindən məyus olmuş şəkildə deyib: "İnsanların sabah hansı sərhədin açıq olacağını bilmədən bu sərhəddən o sərhədə vurnuxması bir tragediyadır. Hər gün Avropaya beş min miqrant gəlir." Hazırda "Haradan gəlirsiniz?" sualı sərhəd keçidləri boyunca toplaşan çoxlu sayda jurnalist, yardım işçiləri və könüllülər tərəfindən verilən sadə bir sualdır. Ən çox verilən cavab isə hələ də Suriyadır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Aralıq dənizi vasitəsilə Avropaya gələnlər haqqında verdiyi məlumata görə, suriyalılar 54 faiz təşkil edərək birinci yeri tutur. 13 faiz təşkil edən əfqanlar isə ikinci yerdə gəlir. Komissarlığın göstəricilərinə görə, 2015-ci il üçün dəniz yolu ilə gələnlərin ümumi sayı 499,826, ölən və itkin düşənlərin sayı 2980-dir. Suriya və Əfqanıstandan başqa Eritreya, İraq, Nigeriya, Pakistan, Somali və Sudandan gələnlər də var. Miqrantların 69 faizi kişi, 18 faizi uşaq, 13 faizi isə qadındır. Gələn insanların hekayələri də müxtəlifdir. Suriyalılar ordakı həyatlarından danışarkən dörd ildir sürən müharibə nətiscəsində viran olmuş ölkələrini indi də təhsilli orta təbəqənin tərk etdiyini deyirlər. Bu yaxınlarda Xorvatiyanın sərhəddə yerləşən Tovarnik şəhərində dəmiryol stansiyasında bir qrup suriyalı gənclə tanış oldum: Latakiya şəhərindən olan elektrik mühəndisi; müharibənin dağıtdığı Hələb şəhərindən bank işçisi; sürət gəmisi ilə Yunanıstana getmək üçün minlərlə avro pul ödədiyini deyən gənc biznesmen. Onların hamısı yalnız bir neçə gün əvvəl Suriyanı tərk etmişdi. Onlar sona çatmayan dağıdıcı müharibədən qaçıb canlarını qurtarmağa və öz ölkələrinin onlara vermədiyi gələcəyi qazanmağa qərar vermişdilər. Dəməşqdə yaşayan qərbli bir yardım işçisi deyir: "Bir çoxları deyir ki, əgər gediriksə, Avropanın qapıları açıq ikən getməliyik."
BMT-nin hesablamalarına görə, Aralıq dənizi üzərindən Avropaya keçmək üçün hər həftə Suriyadan Livana beş-yeddi min suriyalı gəlir. Ötən bir neçə həftə ərzində Dəməşqin mərkəzində yerləşən nisbətən varlıların yaşadığı, səfirlik və bəzi məşhur kafelərin yerləşdiyi Mezze bölgəsindən gəldiklərini deyən suriyalılarla görüşdüm. Suriyada müharibənin toxunmadığı ərazi qalmayıb. Ancaq bəziləri tamam dağılıb, bəziləri isə daha az zərər görüb. Qaçqınlar arasında Dəməşq daxilində və ətrafındakı Qudsaya, Yarmuk və Quta bölgələri kimi mühasirəyə alınmış və çətin vəziyyətdə olan, həyatın cəhənnəm əzabı olduğu yerlərdən qaçdıqlarını söyləyənlər də var. Yunanıstanın şimalında, Keçmiş Yuqoslaviya Makedoniya Respublikasına gedən neytral ərazidə yaşlı bir kişi yorğun baxışlarla paytaxtın cənubunda yerləşən və tamamilə viran olmuş fələstinli qaçqınların düşərgəsindən gəldiyini deyir. Şəxsiyyətini təsdiq etmək üçün cibindən qaçqın vəsiqəsini çıxarır. Belə görünür, onun əlində bu vəsiqədən başqa heç nə qalmayıb. Arvadını və uşaqlarını özü ilə gətirmək üçün imkanı olmadığını deyən bu yaşlı kişinin yanında uzunboylu, yaxşı geyimli və böyük ailəsi tərəfindən əhatələnmiş bir kişi Suriyanın şimalında yerləşən İdlib şəhərindən gəldiyini deyir. İslamçı qüvvələrin hakimiyyətə gəlmələrindən sonra Suriyada həyatın necə olduğu sualıma isə qeyri-müəyyən cavablar verən həmin şəxsin yerli polislərlə yunan dilində səlis danışdığını eşitdikdən sonra etiraf edir ki, o, Kiprə gəlmək üçün Suriyanı dörd il əvvəl tərk edib. Sərhədi keçmək üçün növbə onun ailəsinə gəldikdə uzunboylu, əlil bir yeniyetmə qızı qaldırıb kürəyində aparmaq üçün əyilir. İkinci bir əlil qız da anasının əlindən tutub qalxır. Hansı şəraitdə olmalarından asılı olmayaraq, hər bir kəsin Avropada daha yaxşı həyat sürəcəklərinə ümid etmək üçün səbəbi var. Daha varlı suriyalıların həqiqətən yoxsul, yerindən-yurdundan edilmiş şəxsləri ötüb sıranın önünə keçmək üçün yol tapacaqları ilə bağlı narahatlığımı bildirdikdə yerli BMT rəsmilərindən biri belə cavab verdi: "Zorakılıq hər bir kəsin həyatına öz təsirini göstərib."
"Biz Avropaya getmək üçün pulu və digər vasitələri olmayan ən zəiflərdən bəzilərini götürürük" – ABŞ-ın Əhali, Miqrasiya və Qaçqınlar bürosunun katib müavini Enn Riçard Nyu-Yorkda verdiyi müsahibə zamanı deyib: "Avropaya axın edən insanların əksəriyyəti özləri və uşaqları üçün daha yaxşı həyat qurmaq imkanı axtaran, təhsilli, orta təbəqəyə məxsus insanlardır." Ancaq onlar eyni zamanda həddən artıq insan ölümünə səbəb olan dəhşətli müharibədən qaçırlar. Yunanıstan şimalındakı dəmiryolu xətlərində Məzari-Şərifdən gələn bir ailədən bu şəhərin Əfqanıstandakı ən təhlükəsiz yerlərdən biri olub-olmamasını soruşdum. Onlar suala bu təhlükəli səfər zamanı qarşılaşdığım hər əfqan kimi eyni cavabı verdilər. Belə ki, əsas narahatlıq doğuran məsələ qondarma İslam dövlətinin artıq hər yerə əlinin çatması və Taliban üzvlərinin hücumlarının artmasıdır. Hardan gəldiyini soruşduğum hündür bir afrikalı şəxs "Somali" deyərək onu çəkməməyimi xahiş edir. Elə bir az sonra onun arxasında duran bir nəfər 20 nəfərlik qruplarının Qərbi Afrikada ən stabil ölkələrdən biri hesab edilən Qanadan gəldiyini etiraf edərək deyir: "Marketlərdən birində çıxan yanğına görə az qala həbs ediləcəkdim. Əslində isə bu işdə heç bir günahım yox idi." Hamının vətənini tərk etmək üçün səbəbi var. Hər bir kəs haradan gəlməsindən asılı olmayaraq, daha yaxşı həyat sürmək üçün şans verilməyə layiq olduğunu düşünür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Quterreş etiraf edir: "Nəzarət altına alına bilməyən bu axın qaçqın olmayan insanlar üçün də imkanlar yaradır. Avropa başa düşməlidir ki, bu insanlar gəlib çatdıqdan sonra onlara yardım etmək, danışdıqlarının doğruluğunu yoxlamaq, Suriyadan gəldiklərini söyləyənlərin əslində başqa yerdən gəlmədiklərinə əmin olmaq üçün çox iş görməli olacaq."