İran Xəzəryanı ölkələri hərbi və təhlükəsizlik dialoqunu artırmağa çağırdı Gündəm

İran Xəzəryanı ölkələri hərbi və təhlükəsizlik dialoqunu artırmağa çağırdı

İran Xəzəryanı ölkələrin Xəzər dənizində təhlükəsizlik sahəsində daha çox məsləhətləşmələr aparmasını zəruri hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani bildirib.

"Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsi metodu ilə bağlı qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşıda hələ uzun yolumuz var. Narkotiklərlə mübarizə, qanunsuz ovçuluqla mübarizə, elmi tədqiqatlar sahəsində əməkdaşlıq, Xəzər dənizinin ətraf mühiti haqqında məlumat mübadiləsi və monitorinq sahəsində əməkdaşlıq kimi daha detallı, lakin vacib məsələlər üzrə uzunmüddətli danışıqlar davam edir. Həmçinin Xəzər dənizində hərbi sahədə etimadın möhkəmləndirilməsi üzrə işbirliyi sazişinin tamamlanması və hazırlanması prosesində daha çox məsləhətləşmələr aparmaq lazımdır", — deyə o, "Xəzər dənizinin ekosisteminin mühafizəsi: regional əməkdaşlıq və davamlı inkişaf" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

Səfir xatırladıb ki, ABŞ və İsrail ilə müharibə zamanı İranın Xəzər dənizindəki sahil şəhərləri və limanları da hücumlara məruz qalıb. "Bununla yanaşı, bir qədər əvvəl Rusiya sahili yaxınlığında İranın ticarət gəmisi Ukraynanın hücumuna məruz qaldı. Bu cür əməllərə bəyanatlarla reaksiya verən və müəyyən mövqe tutan ölkələrə minnətdarlığımızı bildirməklə yanaşı, gözlənilir ki, bütün sahilyanı ölkələr bu məsələdə öz mövqelərini dəqiq, aydın və yekdil şəkildə ifadə edərək onların təkrarlanmasına imkan verməsinlər", — deyə diplomat qeyd edib.

Konfrans Xəzərin Türkmənistan sahilində yerləşən Türkmənbaşı şəhərində keçirilir. Tədbir hər il avqustun 12-də qeyd olunan Beynəlxalq Xəzər Dənizi Gününə həsr olunub.

Məryəm Quliyeva