“Kataloniyalılar qanunsuz səsvermədə iştirak etmək üçün aldadılıblar” Dünya

“Kataloniyalılar qanunsuz səsvermədə iştirak etmək üçün aldadılıblar”

Kataloniya lideri Carles Puigdemont deyir ki, zorakılığa məruz qalan mübahisəli referendum nəticəsində İspaniyanın regionu dövlət müstəqilliyi hüququ qazanıb. Onun sözlərinə görə, birtərəfli qaydada müstəqillik elan edilməsi üçün qapı açılıb. Kataloniya rəsmiləri bildirib ki, bazar günü səs verənlərin 90 faizi müstəqilliyi dəstəkləyib. Seçki fəallığının 42.3 faiz təşkil etdiyi bildirilir. Bölgədə müstəqillik referendumu üzrə səsvermə prosesi polisin müdaxiləsilə müşayiət olunub.
İspaniya konstitusiya məhkəməsi seçkini qanunsuz elan edib. Polis yüzlərlə insanın səs verməsinin qarşısını almaq üçün güc tətbiq edib. Barselonada polis müstəqillik tərəfdarlarının keçirdiyi mitinq iştirakçılarına qarşı rezin güllə və dəyənəklərdən istifadə edib. Kataloniya hökuməti bəyan edib ki, regionda qarşıdurma zamanı 800-dən çox insan xəsarət alıb. Zabitlər seçki məntəqələrindən seçki bülletenlərini və qutuları götürüb.
"Bu ümid və iztirablar günü ilə Kataloniya vətəndaşları respublika formasında müstəqil dövlətə hüququ qazanıb,"- Puigdemont digər yüksək vəzifəli Kataloniya liderlərinin əhatəsində televiziya ilə müraciətində bildirib. O deyib ki, Avropa İttifaqı artıq "başqa yol axtarmağa davam edə" bilməz. Səsvermə başa çatdıqdan sonra İspaniyanın baş naziri Mariano Rajoy deyib ki, Kataloniyalılar qanunsuz səsvermədə iştirak etmək üçün aldadılıblar. O, baş verənləri demokratiyaya "istehza" adlandırıb.
Bazar günü axşam saatlarında müstəqillik tərəfdarları regional paytaxt Barselonanın mərkəzində toplaşıb, bayraqları yelləyə-yelləyə Kataloniya himni oxuyublar. Barselona və digər İspaniya şəhərlərində müstəqillik əleyhinə də mitinqlər keçirilib. İspaniyanın Daxili İşlər Nazirliyi 12 polis əməkdaşının xəsarət aldığını deyib və 3 nəfərin həbs olunduğunu bildirib. Qurum 92 seçki məntəqəsinin bağlandığını əlavə edib. Kataloniya İspaniyanın şimal-şərqində 7,5 milyon insanın yaşadığı zəngin rayondur. Buranın öz dili və mədəniyyəti, o cümlədən, yüksək muxtariyyəti var.
Türkiyənin baş naziri Binəli Yıldırım söyləyib ki, Avropa özü Kataloniya böhranına reaksiya verməlidir. "İraqın şimalında keçirilən referenduma qarşı çıxdığımız üçün buna da qarşı çıxmalıyıq. İşin arxa tərəfini incələmək lazımdır. Tez qənaətə gəlmək doğru deyil. İlk reaksiyanı Avropa Birliyi ölkələri verməlidir. Biz qonşumuz üçün reaksiya verdik, indi onlar öz qonşuları üçün reaksiya verməlidirlər", – deyə o bildirib.
Jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev isə söyləyib ki, İspaniya mərkəzi hökuməti katalonlarla dialoqa getməlidir: "Əgər İspaniya hökuməti əvvəlki kimi katalonları separatçı saysa, tərəflər arasında konflikt dərinləşəcək. Eyni formada öz müqəddaratını müəyyən etmək haqqına Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya xalqları malik olublar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyaya münasibətdə hərbi güc tətbiq edilib. Saakaşvilinin 2008-ci ildə hərbi avantürası Cənubi Osetiya və Abxaziya xalqlarının öz müqəddəratını təyinetmə haqqını geriyə dönülməz etdi. Bu məsələni Kişinyov və Bakıda da xatırlamalıdırlar. Nə qədər ki, gec deyil, İspaniya və digər analoji problemlərlə üz-üzə qalan ölkələr cəld şəkildə xatırlamalıdırlar ki, öz xalqı ilə savaş dövlətin möhkəmlənməsi çox, onun süqutu ilə nəticələnəcək. Dövlət öz vətəndaşları ilə danışmağı bacarmalıdır. Bunu bizimi Rusiyada etdiyimiz kimi etmək lazımdır", – deyə o bildirib.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İspaniyanın Kataloniya muxtariyyətində referendumun keçirilməsi, Qərbin Yaxın Şərq və digər regionlarda bu kimi siyasi separatizmə ikili standartlardan yanaşmanın nəticəsidir. Şimali İraqda Kürd muxatriyyətinin referendum avantürasına yalnız sözdə etiraz bildirən Qərb ölkələri, İspaniyada Kataloniyanın müstəqilliyinə qarşı çıxması ikili standartdır. Avropa İttifaqı və ABŞ Kataloniyanın müstəqiliyinin qarşısını almasa, Avropanın ərazisində separatizm alovlanacaq. Bundan istifadə edən Rusiya Avropanın zəifləməsi üçün milli muxtariyyətlərin müstəqillik siyasətlərinə dəstək verəcək. Bununlada separatizm Avropanın yeni probleminə çevrilə bilər. İspaniyada Kataloniya və Baskların müstəqillik cəhdləri Avropa İttifaqında siyasi vəziyyətə ciddi mənfi təsir edəcək. Qeyd edim ki, Avropa və ABŞ mütləq şəkildə dövlərtlərin ərazi bütövlüyünü təhdid edən belə bir separat referendumlara qarşı kəskin mövqe tutmalıdır.
Cənubi Qafqazda hazırda separatizm və müstəqillik referendumları burada Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü təhdid edir. ABŞ Gürcüstanda Cənubi Osetiya və Abxaziya separatçılarına qarşı sanksiyalar tətbiq edib. ABŞ Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazində yaratdığı qondarma separat rejimə humanitar yardım adı ilə maliyyə ayırır. ABŞ-ın bu siyasəti separatizmin inkişafına səbəb olan amillərdən biridir".