Rusiyadan Kiyevə xəbərdarlıq Dünya

Rusiyadan Kiyevə xəbərdarlıq

Lavrov: "Ukraynanın cənub-şərqində antiterror əməliyyatlarının bərpası çox ciddi səhv olacaq"

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə iyun ayının birinci yarısında görüşə biləcəyini deyib.
Poroşenko V. Putinlə bir-birlərini yaxşı tanıdıqlarını bildirib: "Mən ümid edirəm ki, ilk görüşdə nəticə əldə olunacaq. Biz cənab Putinlə bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Düşünürəm ki, ilk görüş çox vacib nəticə verəcək".
Rusiya hökuməti də artıq Ukraynada keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə münasibət bildirib. Xarici işlər naziri Sergey Lavrov "Rossiya" telekanalına müsahibəsində Rusiyanın Ukrayna xalqının öz iradəsini ifadə etməsinə hörmətlə yanaşacağını bəyan edib.
S. Lavrovun fikrincə, əsas odur ki, indiki hakimiyyət öz vətəndaşlarına və xalqına hörmətlə yanaşaraq bütün siyasi qüvvələrin, etnik və dini qrupların maraqlarını təmin edən kompromis razılaşmaların əldə olunmasını təmin etsin. O, seçkidən sonra ölkənin cənub-şərqində antiterror əməliyyatlarının bərpasının çox ciddi səhv olacağını da vurğulayıb. Nazir ümid etdiklərini bildirib ki, seçkidə qalib gələn Pyotr Poroşenko Kiyevdə cənub-şərqə münasibətdə radikal və ekstremist əhval-ruhiyyənin üstün gəlməsinə imkan verməyəcək.
Ukraynanın devrilmiş prezidenti, hazırda Rusiyada yaşayan Viktor Yanukoviç də ölkədə keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. O, ölkə üçün çətin bir dövrdə edilən seçimə hörmətlə yanaşdığını bildirib. Buna baxmayaraq, V. Yanukoviç hesab edir ki, seçkilərin və prezidentin özünün legitimliyi üçün cənub-şərq vilayətlərinin iştirakı vacibdir.