Obamadan Rusiyaya sərt mesajlar Dünya

Obamadan Rusiyaya sərt mesajlar

"Biz təlimlər keçiririk, gəmilərimiz Qara dəniz və Baltik dənizindədir, ordumuz Polşa torpağındadır"
"İmperiyalar dövrü arxada qalıb, böyük xalqlar kiçikləri qorxuda və ya onlara öz iradəsini sırıya bilməz"

Dünən ABŞ prezidenti Barak Obama Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə görüşüb. Görüş Varşavada reallaşıb. Qeyd edək ki, ABŞ prezidenti Polşaya Avropa ölkələrinə turnesi çərçivəsində səfər edib.
UNİAN agentliyinin verdiyi məlumata görə, B. Obama Polşada ilk demokratik parlament seçkilərinin keçirilməsinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
Barak Obama demokratik dövlətlərin yeni Ukrayna hakimiyyətinə dəstəyini ifadə edərək Rusiya Federasiyasını Ukraynada vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib.
Obama Şərqi Avropadakı NATO üzvlərinin və müttəfiq ölkələrin təhlükəsizliyinin təmin edilməsi mövzusu üzərində xüsusi dayanıb. O bildirib ki, ABŞ təkcə NATO ölkələrinin deyil, müttəfiq ölkələrin, o cümlədən Ukraynanın təhlükəsizliyini təmin etmək niyyətindədir: "Bir gün əvvəl mən ABŞ-ın Şərqi Avropadakı hərbi mövcudiyyətinin gücləndirilməsi barədə yeni təşəbbüs elan etdim. Bu, bizim Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın təhlükəsizliyinin təmin olunması üçün onlara dəstəyin gücləndirilməsi mənasına da gəlir. Polşa, Latviya, Litva, Estoniya, Rumıniya heç vaxt təhlükə qarşısında tək qalmayacaq. Biz öz öhdəliklərimizi təsdiqləyirik. Biz təlimlər keçiririk, gəmilərimiz Qara dəniz və Baltik dənizindədir, ordumuz Polşa torpağındadır".
Obama bəyan edib ki, Vaşinqton bunu kimisə qorxutmaq üçün yox, öz müttəfiqlərini qorumaq məqsədilə edir.
Xatırladaq ki, B Obama ABŞ-ın Şərqi Avropadakı hərbi kontingentini gücləndirəcəyini və NATO-ya daxil olmayan müttəfiqlərini də dəstəkləyəcəyini açıqlayıb. Prezident bu məqsədlə 1 milyard dollar pul ayrılması üçün Konqresə müraciət edib.
ABŞ prezidenti bildirib ki, azad xalqlar çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və xərclər bahasına başa gəlməsinə nail olacaqlar: "Biz bir yerdəyik, ona görə ki, sülh və təhlükəsizlik uğrunda mübarizənin hər xalqın üzərinə düşən məsuliyyət olduğunu bilirik. İmperiyalar dövrü arxada qalıb. Böyük xalqlar kiçikləri qorxuda və ya onlara öz iradəsini sırıya bilməz".
Obama bəyan edib ki, ABŞ Rusiya tərəfindən Krımın ələ keçirilməsini tanımır: "Qələmin mürəkkəbi heç vaxt kiminsə torpağının oğurlanmasına xidmət edə bilməz, ona görə də biz Krımın işğalını və Ukraynanın suverenliyinin pozulmasını tanımırıq".
Obamanın sözlərinə görə, ukraynalılar öz etiraz aksiyaları ilə korrupsioner rejimi devirmək və xalqın maraqlarını qoruyan hakimiyyət qurmaq istəyib: "Hətta onları döyəndə və güllələyəndə belə, onlar təslim olmadılar, səsvermədə iştirak edib, azad seçkidə yeni prezident seçdilər".
ABŞ-ın dövlət başçısı başqa ölkələrin Ukraynanın daxili işlərinə qarışmasını yolverilməz adlandırıb.
Tədbirdə iştirak edən Ukraynanın yeni prezidenti Pyotr Poroşenko Obamanın çıxışından sonra ona yaxınlaşaraq təşəkkür edib.