ABŞ Türkiyə ilə razılaşamaq məcburiyyətindədir Dünya

ABŞ Türkiyə ilə razılaşamaq məcburiyyətindədir

Hazırda istər İraqda, istərsə də Suriyada baş verən proseslər ABŞ-ın üzünü bir daha NATO-dakı müttəfiqi Türkiyəyə çevirməsinə məcbur edib.
Bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüşə münasibət bildirərkən deyib. O bildirib ki, iki ölkə arasında PYD-YPG terror qruplaşmasının Menbiçdən çıxarılması ilə bağlı razılaşma əldə olunsa, bu, ABŞ-Türkiyə münasibətlərinin müsbət mənada düzəlməsi üçün çox böyük addım hesab olunacaq:
"Çünki Menbiç kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir. Ümumiyyətlə, Türkiyənin son bir il ərzində Suriyada apardığı hərbi kampaniyada Menbiç əhəmiyyətli bir yerə sahibdir. Bu mənada ABŞ-la əldə olunacaq hər hansı bir razılaşma və bu razılaşmanın əsasında PYD-YPG qüvvələrinin həmin ərazidən çıxarılması həm diplomatik, həm də hərbi nöqteyi-nəzərdən Türkiyə üçün uğurlu nəticədir".
Analitik vurğulayıb ki, belə bir razılaşmanın ABŞ və Türkiyə arasında əldə olunma şansı yüksəkdir:
"Türkiyədən imtina etmək olmazdı. Bunu ABŞ öz siyasi addımları ilə də göstərməyə məcburdur. Ona görə ki, bölgədə kifayət qədər Suriyada mövqeləri güclənmiş Əsəd iqtidarı və bu iqtidarı dəstəkləyən Rusiya və İran faktoru var. Buna görə də ABŞ müəyyən mənada Suriya cəbhəsində öz mövqelərini qoruyub saxlamaq niyyətindədirsə, Türkiyə ilə hər hansı bir şəkildə işbirliyinə getmək məcburiyyətindədir. Bu işbirliyinin elə ilk addımı Menbiçlə bağlı razılaşma ola bilər".
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.