“Ermənistan həbsxanasında mənimlə azərbaycanca danışdılar” Dünya

“Ermənistan həbsxanasında mənimlə azərbaycanca danışdılar”

Ermənistanda iki ay həbsdə saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmen sərbəst buraxılaraq ölkəsinə göndərilib.
Modern.az xəbər verir ki, Umut Əli Özmen Türkiyə mətbuatına saxlanma şəraitindən danışıb:
O bildirib ki, sərhədi bilmədən keçib.
"Saxlananda vəziyyəti ciddiyə almadım. Ən azı bir günə məsələ həllini tapar, deyə fikirləşdim. Amma üzərimə silah tuşlananda vəziyyətin ciddiliyini anladım. Türkiyə və ailəm üçün çox darıxmışdım. Ailəm və məktəbimə qovuşmaq istəyirəm"
Unut Özmən səhhətində heç bir problemin olmadığını bildirib.
"Təkbaşına bir kamerada qalırdım. Əl-qol hərəkəti ilə anlaşırdım. Azərbaycanca bilən biri vardı, çox rahat şəkildə bir-birimizi başa düşürdük. Dörd nəfərlik otaq olsa da, əcnəbi olduğum üçün tək qalırdım".
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək İrəvan həbsxanasında saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmenin ekstradisiya olunmasını istəmişdi. Paşinyan Ərdoğanın tələbini yerinə yetirərək onu azad edib.
Türkiyənin Qars əyalətinin Akyaka rayonunda ailəsi ilə yaşayan 16 yaşlı Umut Əli 24 iyulda Şiş təpəsindəki yaylaqda heyvanları geri qaytarmağa çalışarkən fərqində olmadan Türkiyə-Ermənistan sərhəddini keçib. O, Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Erməni dilini bilməyən türkiyəli yeniyetmə döyülərək təcavüzə məruz qalıb, müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, Umut Əli əslən azərbaycanlıdır.