“Ukrayna böhranının həli üçün ortada bir Ştaynmayer formulu var” Dünya

“Ukrayna böhranının həli üçün ortada bir Ştaynmayer formulu var”

“Ukrayna böhranının həli üçün ortada bir Ştaynmayer formulu var. Bu formul mərhələli həll planını ehtiva edir. Amma həmin planın özündə müəyyən suallar var. Məsələn, Rusiya və Almaniya bu planı məqbul sayır, amma Ukrayna bir qədər ehtiyat edir. Ştaynmayer formulu ilə bağlı suallar var: Ukrayna ilə Rusiya arasında Donbass üzərində sərhədi kim qoruyacaq, yerli milislər necə formalaşacaq və s.”.
Bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert “Normand dördlüyü” çərçivəsində Parisdə keçiriləcək görüşdən ciddi nəticə hasil olunacağını gözləmir: “Amma irəliyə doğru hansısa addımlar atıla bilər. Bu addımlar bugünlərdə onsuz da atılıb. Məsələn, Ukrayna ordusu 2-3 kənddən ordu hissələrini bir qədər geri çəkib ki, təmas xəttində separatçılarla bir-birlərinə yaxın olmasınlar. Yəni, atəşkəs qorunsun. Qarşı tərəf də qüvvələrini bir qədər geri çəkib. Bu, müsbət addım kimi qeyd edildi. Üstəlik, müharibə başlayanda Luqansk üzərində körpü dağıdılmışdı. Ukrayna tərəfi həmin körpünü bərpa etdi ki, sadə insanlar gediş-gəliş üçün bu körpülərdən istifadə edə bilsinlər. Yəni, bu da müsbət addımdır”.
E.Şahinoğlu qeyd edib ki, Vladimir Zelenski hakimiyyətə gələndən müəyyən müsbət atmosfer yaratmağa çalışır: “Çünki o, sülh istəyir. Üstəlik, hamının-hamıya prinsipi ilə bir müddət öncə əsirlər və girovlar dəyişdirildi. Düzdür, hələ də girovlar qalır. Bu proses gedir. Yaxud, iki ölkə arasında qaz alqı-satqısı ilə bağlı danışıqlar davam etdirilir. Amma çox təəssüf ki, hələ tərəflərin mövqeləri bir-birindən fərqlidir. Separatçılar da Rusiya tərəfindədirlər. Onlar özbaşına qərar verə bilmirlər. Onlar əslində Rusiya tərəfindən idarə olunur. Bu baxımdan aydındır ki, yaxın müddətdə separatçıları tərk-silah edib həmin bölgə üzərində Ukraynanın tam suverenliyini təmin etməsi çətin olacaq. Amma hansısa xırda addımlar atıla və ya bu görüşdən sonra atəşkəsin davamlı qorunması üçün yeni mexanizmlər düşünülə bilər. Bütün hallarda hesab etmirəm ki, bu görüşdən sonra həll mexanizmi işə düşsün. Buna hələ çox var”.
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında “Normand dördlüyü” sammitindən sonra keçiriləcək ilk görüşdən də gözləntilərini bölüşən E.Şahinoğlu iki liderin buna qədər telefon əlaqəsi saxladıqlarını vurğulayıb: “Putin Zelenski barədə müsbət fikirlər söyləyib. Zelenski də sələfi Petro Poroşenkodan fərqli olaraq Putin haqqında ağır sözlər işlətməyib. Ona görə də düşünürəm ki, ilk görüş iki lider arasında müəyyən müsbət atmosfer yarada və bu görüşdən sonra növbəti görüşlər keçirilə bilər. Amma Putindən fərqli olaraq Zelenskinin vəziyyəti həm də ona görə ağırıdır ki, ona daxildən təzyiq var. Məsələn, o, Putinlə görüşdə hansısa razılaşmaya gəlsə, daxildəki millətçilər ona qarşı etirazlara başlaya bilər. Elə bu görüş ərəfəsində onun iqamətgahı qarşısında millətçilər toplaşmışdılar. Yəni, Zelenski sülh istəyir, amma çox da riskə gedib böyük sülh anlaşması imzalamaz. Məsələn, Ştaynmayer formulunu əvvəl qəbul edirdi, amma təzyiqdən sonra fikrini bir qədər dəyişdi. Ona görə də Ukraynada vəziyyət bir qədər qeyri-sabitdir. Zelenski bunu nəzərə alaraq addımlar ata bilər. Bu baxımdan Putinlə görüş müsbət atmosfer yaratsa da, bu görüşdən də ciddi nəticə gözləmirəm. Amma ilkin görüşdür, təmas yaranıb və bu təmasların gələcəkdə də davam etməsi mümkündür”.
Politoloqun sözlərinə görə, Rusiyanın əsas məqsədi odur ki, Ukrayna və Avropa Krımı unutsun: “Bunun müqabilində Moskva Donbass məsələsində hansısa güzəştə gedə, beləliklə, bu məsələ Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Amma heç kim Krımı asanlıqla unutmaz. Düzdür, Avropada Krımla bağlı unutqanlıq başlayıb. Lakin Ukrayna Krımı unutsa, bu, ölkənin beynəlxalq imicinə mənfi təsir edə bilər. Düzdür, Ukrayna hazırda Krım məsələsini ön plana çıxarmır. Əsas Donbasdır, amma Krımdan da imtina etmir”.