İrana qarşı siyasətin memarlarından biri istefaya gedir Dünya

İrana qarşı siyasətin memarlarından biri istefaya gedir

Brayan Huk hansı məqamlarla yadda qaldı?

ABŞ-ın dövlət katibi Mayk Pompeo Cümə axşamı verdiyi açıqlamada Vaşinqtonun İrana qarşı siyasətlərinin memarlarından biri olan Brayan Hukun Tramp administrasiyasından ayrılacağını və özəl sektora keçəcəyini bildirib.
Huk 2018-ci ilin sentyabrında, prezident Donald Tramp İran iqtisadiyyatına qarşı sanksiyaları təkrarən qüvvəyə mindirdikdən bir neçə həftə sonra ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi təyin olunub. Təxminən 2 il Huk ABŞ administrasiyasının İrandakı müxtəlif iqtisadi sektorlara və şəxslərə qarşı sanksiyalar üzərində qurulmuş “maksimum təzyiq” kampaniyasına rəhbərlik edib.
Onu Venesuela üzrə xüsusi səfir Elliott Abrams əvəzləyəcək.
Cümə axşamı günü verdiyi şərhdə Dövlət Departamenti Huku tərifləyərək, “İran rejiminə qarşı tarixi nəticələr əldə etdiyini” bildirib.
Gərginliyin İranla hərbi qarşıdurma həddinə gəldiyinə istinadla, “MEE” Dövlət Departamentində Hukun vaxtından bəri baş verən əsas məqamlara yenidən nəzər yetirir.
Strateq “Middle East Eye”yəistinadən yazır ki, dövlət katibi Mayk Pompeo oktyabr ayında sona çatacaq Tehrana qarşı silah embarqosunu uzatmaq üçün böyük diplomatik döyüşə hazırlaşarkən, Huk departamentdən ayrılır.
İyun ayının sonunda Pompeo İrana adi silahların satışına qoyulan qadağa ilə bağlı BMT-yə müraciət edərkən, Huk İsraildə idi. İsrailin “Kanal 13”-ünə verdiyi müsahibədə o, Trampın nüvə silahını inkişaf etdirməməsi üçün Tehrana qarşı hərbi tədbirlər görmək istədiyini söyləyib. “İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini çox yaxşı izah etdik və hərbi seçim həmişə masa üzərindədir”.
Baş nazir Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Huk İranı “nüvə silahını inkişaf etdirmək üçün gizli proqram”da ittiham edərək, embarqonu uzatmağa çağırıb.
Keçən il bir İran neft tankeri Vaşinqton, London və Tehran arasında diplomatik qarşıdurmaya səbəb olub.
2019-cu ilin iyul ayında ingilis donanması Suriyaya neft daşıya biləcəyi şübhəsi ilə Cəbəllütariqdə bir gəmini ələ keçirib. Dəməşqə qarşı Avropa sanksiyaları çərçivəsində.
İran Fars körfəzində iki ölkə arasında gərginlik yaradan İngiltərə bayraqlı bir gəmi tutaraq qisasını alıb. Nəhayət, İngiltərə hökuməti, Vaşinqtonun etirazlarına baxmayaraq, Tehranın neftin Suriyaya getməyəcəyinə dair vədindən sonra tankeri buraxmaq qərarına gəlib.
Sentyabr ayında “The Financial Times” Hukun gəminin kapitanı Axileş Kumara e-poçt göndərdiyini, tankerin ABŞ-ın ələ keçirə biləcəyi yerə gətiriləcəyi təqdirdə, milyonlarla dollar mükafat vəd etdiyini yazıb. “Bu pulla istədiyiniz həyata sahib ola və qocalıqda yaxşı yaşaya bilərsiniz, – deyə Huk Kumara ikinci məktubunda yazıb. – Bu asan yolu seçməsəniz, həyat sizin üçün çox çətin olacaq”.
Dövlət Departamenti İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin “açıq şantaj” kimi dəyərləndirdiyi xəbəri təsdiqləyib.
Departamentin sözçüsü AFP-yə açıqlamasında bildirib: “Biz bir neçə dəfə gəmi kapitanına, habelə gəmiçilik şirkətlərinə xarici terror təşkilatına dəstək verməyin fəsadları barədə xəbərdarlıq etdik”.
2020-ci ilin əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Qüvvələrinin rəhbəri, iranlı general Qasim Süleymaninin öldürülməsindən sonra Birləşmiş Ştatlar və İran müharibənin astanasına yetişib.
Vaşinqton hücumu müdafiə xarakteri daşıması ilə əsaslandırıb: guya İranın dəstəklədiyi İraq qruplarının Bağdaddakı Amerika səfirliyinə hücum etmə cəhdindən sonra Süleymani İraqdakı ABŞ qoşunlarına “qaçılmaz təhlükə” yaradıb, buna görə də, o zərərsizləşdirilib.
Vaşinqtonda Trampın demokratik rəqibləri yanvarın 2-də İraq paytaxtına gəldikdən bir müddət əvvəl hədəfə alınan Süleymaninin Amerika əsgərləri üçün labüd təhlükə yaratması iddiasını və onun qətlini tənqid edib. Konqresin Xarici İşlər Komitəsinə rəhbərlik edən Eliot Enqel bildirib: “Bizə qaçılmaz bir təhdid olduğunu söylədilər. Buna əmin deyiləm”.
Huk administrasiya-Konqres mübahisəsində de-fakto birincinin sözçüsü olub, Süleymaninin qətli ilə yüzlərlə amerikalının həyatını xilas edildiyini söyləyib. “İran və digər terrorçuların Bağdaddakı səfirliyimizə hücumunun öhdəsindən gəldik”.
Diplomatlar xarici dövlət məmurlarını nadir hallarda açıq şəkildə ölümlə hədələyir, hətta onlar düşmən olsa belə. Lakin Huk İİKK-nın “Qüds” Qüvvələrinin yeni başçısı vəzifəsinə gətirilən İsmayıl Qaaninin öldürülə biləcəyi ilə əlaqədar xəbərdarlıq etməkdən çəkinməyib.
“Amerikalıları öldürməyin oxşar bir yolunu tutsa, eyni aqibəti yaşayacaq, çünki prezident illərdir Amerika personalına və ya bölgədəki maraqlarına qarşı hər hansı bir hücumun qətiyyətli bir cavabla qarşılanacağını açıqlayıb”, – deyə Huk Süleymaninin öldürülməsindən bir ay sonra Səudiyyə Ərəbistanına məxsus “Əş-Şərq əl-Əvsat” qəzetinə müsahibəsində bildirib.
Qaani Süleymaninin yoluna qədəm qoyarkən, İran generalının qisasını almaqla hədələyərək, çağırışı qəbul edib. “General Süleymanini xaincəsinə öldürdülər. Ancaq dünyanın hər yerində Allahın köməyi ilə intiqam almaq istəyən azadlıq aşiqləri var. İnşallah, biz düşmənlə mərdi-mərdanə üz-üzə gələcəyik”.