Putindən Qərbə mesaj Dünya

Putindən Qərbə mesaj

"Avropa ən böyük bazarını itirdi"

Cavid

Rusiya Şərqi Ukraynada hərbi texnikasnın sayını artırıb. "RBK-Ukrayna" xəbər agentliyinin verduiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi sözçüsü Kiyevdə keçirdiyi brifinqdə Yevgeni Perebiynis bildirib. Onun sözlərinə görə, 15-17 noyabr tarixlərində Ukrayna ərazisinə daha 100 hərbi texnika daxil olub. Luqansk vilayətinin İzvarino və Donetsk vilayətinin Novoazovsk sərhəd keçid məntəqələrindən keçən hərbi texnikaya tanklar, zirehli avtomobillər, reaktiv yaylım atəş sistemləri və ağır artilleriya daxildir.
Y.Perebiynisin sözlərinə görə, Rusiya separatçılarla birlikdə taktik-zərbə qruplaşmalarını formalaşdırır.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanın ərazisində hərbi mövcudluğunu gücləndirən Rusiyanı ittiham edib.
Ukraynanın baş naziri Arseniy Yasenyuk isə Donbas hövzəsində vəziyyət haqqında "ciddi danışıqlar"ın neytral ərazidə aparılması ilə bağlı Rusiya qarşısında təkliflə çıxış edib.
Ukrayna mediasına istinadən verdiyi məlumata görə, baş nazir bu təklifi Norveçdən olan həmkarı Ernoy Solberqlə görüşdə səsləndirib.
A.Yasenyuk bildirib ki, ölkənin şərqində vəziyyət üzrə konsultasiyaların keçirilməsi üçün Cenevrə formatını ən münasib hesab edir. O, Cenevrə formatında Ukrayna, Avropa Birliyi, ABŞ və Rusiyanın təmsil olunduğunu xatırladıb.
Rusiya tərəfi isə danışıqların Donbas separatçılarının olmadığı hər hansı formata daşınmasına imkan vermək niyyətində deyil.
RİA xəbər agentliyinin yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, yeni heç nə uydurmaq lazım deyilir: "Danışıqlar üçün Minsk formatı var. Bu yeganə formatdır ki, Kiyev hakimiyyəti, cənubi-şərqin liderləri, Rusiya və ATƏT-in nümayəndələri təmsil olunur. Bu, tərəflərin birbaşa dialoqunu nəzərdə tutan formatdır. Buna görə də biz onu dəstəkləyirik. Təsəvvür etmək çətindir ki, cənubi-şərqin rəhbərləri haradasa oturacaqlar və böyüklər öz aralarında razılaşacaqlar, daha sonra isə nə etmək lazım olduğunu deyəcəklər. Bu cür cəhdlər prosesi yaxşı nöqtəyə gətirib çıxara bilməz".
Rusiya xarici işlər naziri qeyd edib, Minsk Kiyev və cənubi-şərqlə birbaşa dialoqu irəliyə çəkmək üçün olduqca münasib meydançadır: "Başqa bir yol bu böhranı nizama salmağa qadir deyil".
BBC telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov deyib ki, Rusiyaya yüzfaizli zəmanət lazımdır ki, NATO-nun heç bir ölkəsi Ukraynanın ittifaqa üzvlüyünü düşünmür.
Onun sözlərinə görə, ittifaqın güclərinin Rusiya sərhədlərinə tədricən yaxınlaşması Moskvanı narahat etməyə və əlavə ehtiyat tədbirlərini görməyə məcbur etdi: "Biz eşitmək istəyirik ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasına son qoyacaq. NATO gücün balansını pozmaq cəhdlərinə son verəcək. Amma təəssüf ki, biz bu sözləri eşitmirik".
Dünən ABŞ dövlət katibinin müavini Rose Gottemeller bildirib ki, NATO-nun Avropadakı raket əleyhinə müdafiə sistemi Rusiyanı hədələmir. Onun sözlərinə görə, sözügedən sistemlər Avropada regional sabitliyin təminatı üçün lazımdır.
İki gün əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya üzvlüyünün hələ tez olduğunu deyib. Poroşenko hərbi alyansın da buna hazır olmadığını, NATO-ya üzvlüyün Avropa Birliyinə birləşmədən sonra müzakirəyə çıxarılacağını söyləyib.
Rusiya prezidenti Vladimir Putin isə ölkəsinə qarşı sanksiya tətbiq edən ölkələrin böyük səhv etdiyini deyib.
Kreml başçısı bu səhv nəticəsində Avropa ölkələrinin Rusiya bazarından məhrum olduğunu açıqlayıb: "Ukrayna hadisələri nəticəsində Qərb ən böyük bazarını itirdi. Bu onlar üçün çox şey demək idi. Bunun bizə mənfi təsiri olmadı, əksinə, müsbət nəticələr gördük. Ancaq biz də bundan arxayınlaşmamalıyıq".
Xatırladaq ki, avqustun 7-dən etibarən Rusiya ABŞ, Avropa Birliyi ölkələri, Kanada və Avstraliyadan ərzaq idxalını dayandırıb.
Almaniya kansleri Angela Merkel isə Qərbi Ukrayna üzündən Rusiya ilə qarşıdurmada ümidi itirməməyə çağırıb. "Amerikanın səsi"nin verdiyi xəbərə görə, Merkel qarşıdurmanın uzun sürəcəyini istisna etməyib.
Ancaq onun sözlərinə görə, bu mübarizədə Rusiya qalib ola bilməyəcək. "Böyük 20-liyin" sammitindən sonra Merkel bildirib ki, Krımın Rusiyaya birləşdirilməsi Avropa dinc düzənini sual altına qoyub: "Ondan sonra isə Kreml Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdən ötrü öz təsirindən istifadə eləməkdə davam edib".
"Kimin ağlına gələrdi ki, Berlin divarı uçurulandan 25 il sonra, "soyuq müharibə" bitəndən, Avropanın və dünyanın parçalanmasına və dünyanın iki qütbə bölünməsinə son veriləndən sonra belə bir şey Avropanın ürəyində yaşana bilər?!" – deyə kansler ritorik sual verib.
Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko Krım və Donbas hövzəsinin Kiyev hakimiyyətinin nəzarətinə qaytarılması barədə danışıb.
Nazirin məsləhətçisi "5 kanal"ın efirində Rusiya prezidenti Vladimir Putinin nəinki Krım və Donbas hövzəsini qaytaracağını, həmçinin Kiyevi razı salmaq üçün əlavə güzəştlərə gedəcəyini deyib.
"Bəli, biz hazırda bu əraziləri hərbi yolla qaytara bilmirik, çünki orada Rusiya qoşunları var. Amma xarici partnyorlarla birlikdə Putini elə bir vəziyyətə çatdırmalıyıq ki, onun özü Novorossiya ideyalarından imtina etməyə və Kiyevə kompensasiya ödəməyə məmnuniyyətlə razı olsun", - deyə Qeraşenko vurğulayıb.
Bu arada Ukrayna Milli Təhlükəsizlik Xidmətinin başçısı Valentina Navlivayçenko bildirib ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış diversantlar Niderland hökumətinin nümayəndə heyətinə qarşı terror aktı həyata keçirmək istəyib. Onun sözlərinə görə, Xarkovda pivəxanada törədilən partlayışla əlaqədar saxlanılan diversantlar Niderland nümayəndə heyətinin səfərinin plaşlaşdırıldığı Malışev adına zavodda da eyni əməli həyata keçirmək istəyib. Cinayətkar qrupun tərkibində 12 nəfər olub. Onların üzərində müxtəlif silahlar, həmçinin beynəlxalq konvensiyalarla qadağan edilmiş və Rusiya istehsalı olan piyadaya qarşı minalar götürülüb.
Valentina Navlivayçenko qeyd edib ki, qrup hərbi komissarlıqlar və digər dövlət əhəmiyyətli binalarda partlayışlar həyata keçirməyi planlaşdırırdı.
"Diversant qrupunun iştirakçılarından birinin dindirilməsi zamanı dəqiq məlumat aldıq ki, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Tambov şəhərinə yaxın ərazidə məşq keçirdilər", - deyə o, bildirib.
Xatırladaq ki, Xarkov pivəxanada partlayış 9 noyabrda olub. Pivəxanadakı 22 nəfərdən 13-ü yaralanıb. Ukrayna Milli Təhlükəsizlik Xidmətinin diversiya-kəşfiyyat qrupunun neytrallaşdırılması üzrə xüsusi əməliyyatı 17 noyabrda müvəffəqiyyətlə nəticələnib.