Ermənistan bütünlüklə xarabalıqdır Dünya

Ermənistan bütünlüklə xarabalıqdır

Erməni mətbuatı işğalçı ölkənin bərbad vəziyyətindən yazıb. Belə ki, 26 il qabaq-1988-ci il dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələnin nəticələri hələ də aradan qaldırılmayıb.
Erməni mətbuatı hələ də zəlzələnin baş verdiyi Spitak və Gümrü şəhərlərinin xarabalıq içində olduğunu vurğulayır. Erməni jurnalist Samvel Ohanesyanın yazdığına görə, aradan 26 il keçməsinə baxmayaraq zəlzələnin mərkəzinə düşmüş Spitak şəhərində yarımçıq evlərin və vaqonlarda yaşayanların sayı yetərincədir. Vaqonların əksəriyyəti 1988-ci ildən qalıb.
Ermənistanda fəaliyyət göstərən "Şirak" mərkəzinin hazırladığı videoçarxlardan görünür ki, vaqonlarda əsasən qadınlar, uşaqlar və yaşlı qadınlar yaşayır. Həmin ailələrin əmək qabiliyyətli kişiləri isə Rusiyada əmək miqrantı kimi gedib və geri dönməyiblər.
Gümrüdə yaşayan bir çox ərsiz qadınlar dolanışığını şəhərdə yaşayan Rusiya hərbçilərindən çıxarırlar. Məsələn, "Şirak" mərkəzinin çəkdiyi bir video çarxda erməni qadın iki uşağının atası olan ərinin 10 ildən çoxdur ki, Rusiyaya getdiyini və evə heç bir pul göndərmədiyini bildirir. Qadın həmin illərdə qeyri-rəsmi yaşadığı Rusiya hərbçilərindən iki uşaq da dünyaya gətirib və həmin hərbçilərin etdiyi "yardım"la dolanır.
Ermənistan ərazisinin 40%-ni əhatə edən zəlzələ Spitak şəhərini və 58 kəndi tam dağıtmışdı. Gümrü (Leninakan) və Vanadzor (Kirovakan) şəhərləri isə qismən dağılmışdı. 100 min ailə evsiz qalmışdı. Zəlzələdən bir neçə gün qabaq ermənilər ərazidə qədimdən yaşayan yerli azərbaycanlı əhaliyə hücum edərək Azərbaycana qaçmağa məcbur etmişdi. Erməni millətçiləri zəlzələdən zərər çəkənlərə yardım etməyə getmiş Azərbaycan xilasedicilərinin təyyarəsini yanlış kordinatlar verərək qəzaya uğratmışdı.
Sovet dövründə SSRİ rəhbərliyi Spitakın və başqa şəhərlərin bərpası ilə bağlı xüsusi proqram qəbul etmişdi. SSRİ dağıldıqdan sonra isə bu proqramlar hamısı dayandı. Sovet vaxtı bu proqrama rəhbərlik edən general-mayor Nikolay Tarakanov 1998-ci ildə hadisə yerinə baş çəkib və zəlzələ zonasının tam xarabalıq içində qaldığını qeyd edib. "Ermənilər başa düşür ki, SSRİ-nin dağılması ilə hər şeyi itiriblər. Bir saat içindi Spitakın, Gümrünün və Axuryan rayonunun bərpa proqramı dayandırıldı",- deyə Tarakanov vurğulayıb.