Rusiya İranı da Avrasiya İttifaqına sürükləyir Dünya

Rusiya İranı da Avrasiya İttifaqına sürükləyir

Cavid

İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq niyyətindədir və bu imkandan Rusiyaya ixracı üçün yararlanmaq istəyir. Bunu İranın Moskvadakı səfiri Mehdi Sənai "RİA Novosti"yə verdiyi müsahibəsində deyib.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də Rusiya ilə əlaqələrdən və Avrasiya İttifaqına qoşulma ehtimalından danışıb: "İranla Rusiyanın strateji əlaqələri var. Ancaq bu strateji əlaqə hər hansı üçüncü bir ölkənin əleyhinə deyil. Bizim regionda müştərək mənafelərimiz var və buna əsasən də əməkdaşlıq edirik. Əlaqələrimizin gələcəkdə daha da yaxşılaşdırılması, sıx olması ehtimalı var. Ona görə ki, əməkdaşlıq üçün potensiallar çoxdur. İran və Rusiyanın regional, beynəlxalq məsələlərdə birgə anlaşması çoxdur. Hər iki ölkə regional və beynəlxalq məsələlərdə təsiredici gücə malikdir.
Avrasiya İttifaqı Rusiya və bir neçə MDB ölkəsi arasında yaranan təşkilatdır. İran bu ittifaqa rəsmi şəkildə dəvət olunmayıb. Eyni halda biz bütün region ölkələri ilə əməkdaşlıq edirik. Avrasiya İttifaqı İranla yaxın əlaqələr qurmaq istəsə, təbii ki, biz də bunun haqqında düşünərik. Hazırda İran hətta üzvü olmadığı müxtəlif beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bu səbəbdən də biz Avrasiya İttifaqı ilə öz mənafelərimiz çərçivəsində əməkdaşlıq edə bilərik. Əgər bir gün bizdən bu ittifaqın fəaliyyətində iştirak etmək istənilsə, bu barədə düşünə bilərik. Elə həmin anda mövqeyimizin nədən ibarət olduğunu bəyan edə bilərik".

Özbəkistan prezidenti İslam Kərimov isə ölkəsinin Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmayacağını, eləcə də hərbi-siyasi bloklara üzv olmayacağını bəyan edib.
Qeyd edək ki, Avrasiya Birliyi bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin imzaladığı sənədlə təsis olunub. Oktyabrın 10-da isə ittifaqın Minsk sammitində Ermənistanın quruma üzvlüyü haqqında sənəd imzalandı. 2014-cü ilin sonunda Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni imzalayıb.
Politoloq Elxan Şahinoğlunun fikrincə, İran Avrasiya İttifaqına qoşulmaq üçün müəyyən qədər maraq göstərir. Amma İranın yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinin üzvü olacağı inandırıcı deyil: "Bu məsələdə bir çox şərtlər yerinə yetirilməlidir. Avrasiya İttifaqında keçmiş sovet ölkələri təmsil olunur. İrana qarşı sanksiyalar qüvvədədir. Birlikdə olan ölkələrin İranla problemi yoxdur, iqtisadi əməkdaşlığı mövcuddur. Amma Qərbin İranla problemləri olduğuna görə, inanmıram ki, bu ölkələr İranın əməkdaşlığından birlik üçün hər hansı xeyir götürə bilsinlər".
Politoloq deyib ki, İranın siyasi və nüvə məsələsi hələ də öz həllini tapmayıb. Ona görə də yaxın müddətdə sözügedən məsələnin reallığından söhbət gedə bilməz: "İran Avrasiya İttifaqına qoşulmaq üçün, əslində, Qərblə Rusiya arasında manevr edir. O, bununla Qərbə göstərmiş olur ki, nüvə məsələsi öz ölkəsinin xeyrinə həll olunmasa və sanksiyalar üzərindən götürülməsə, Rusiya ilə yaxınlaşa bilər. Bu bir şantaj elementi də ola bilər. Digər tərəfdən, İranın Avrasiya İttifaqındakı ölkələrlə idxal, ixrac sahəsindəki əməkdaşlıq nəticəsində hansı qazanclar əldə etməsi məsələsi qaranlıq qalır. Qeyd olunan məsələ siyasi şüar xarakteri daşıyır. İran dar məqsədlərini həyata keçirmək üçün müəyyən ölkələrə belə mesaj göndərir".
Politoloq Elçin Mirzəbəyli isə deyib ki, İran bu addımı atarsa, Qərbin növbəti təzyiqləri ilə üzləşəcək: "Qərblə Rusiya arasındakı münasibətlər fonunda bəzi dövlətlər, o cümlədən İran təhdid siyasəti yürütməyə başlayıb. Bu yolla Qərbə mesaj verməyə çalışır ki, biz də varıq və lazım gəlsə, Rusiya ilə birgə daha ciddi güc mərkəzinə çevrilə bilərik. İran hazırda özü imperialist siyasət yürüdür. Ola bilməz ki, cənub qonşumuz hər hansı ölkənin təsiri altında fəaliyyət göstərsin. Bu sadəcə təhdiddir. Bu təhdiddən Azərbaycana da pay düşür. Bu bəyanatla İran həm də ölkəmizi təzyiq altında saxlamağa çalışır. İran və müttəfiqi Rusiya bu yolla Azərbaycanı "Avrasiya İttifaqı"na sürükləmək istəyir. Əks halda isə Ermənistana dəstək verəcəyi ilə hədələyirlər. Hesab edirəm ki, regionla bağlı ciddi proseslər gedir və hazırkı vəziyyətdə İran öz rolunu artırmağa çalışır. Son bəyanat da məhz buradan qaynaqlanır".
Politoloq Qabil Hüseynlinin fikrincə isə İran tərəfi uzun müddətdir ki, bu məsələlər ətrafında müzakirələr aparır. İran siyasi elitasının bir qisminin Avrasiya İttifaqına üzvlüyün tərəfdarı olduğunu deyən politoloq qeyd edib ki, sözügedən təbəqənin digər qismi isə əvvəlcə İranın Avrasiya İttifaqında müşahidəçi sifəti ilə iştirak etməsini, hadisələrin inkişafından asılı olaraq da Avrasiya İttifaqına üzvlük məsələsinin müzakirəsini münasib hesab edir.
İranın müstəqil dövlət olduğunu vurğulayan Qabil Hüseynlinin sözlərinə görə, İran eyni zamanda qərb koalisiyasına qarşı Rusiyanın mövqeyini müdafiə edir. Ukrayna hadisələrində də Rusiyanın maraqlarından çıxış edən İranın Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq arzusu da bununla bağlıdır: "Bütün bu proseslərin məntiqi nəticəsidir ki, Rusiya əvvəllər satmaq istəmədiyi "S-300" hava hücumundan müdafiə sistemlərini İrana satmaq qərarına gəlib. Göründüyü kimi, İran-Rusiya arasında kifayət qədər isti münasibətlər mövcuddur. İranın xarici işlər nazirinin Ermənistana səfəri də bu istiləşmənin bir əlamətidir. Şübhə etmirəm ki, bu münasibətlərin gedişi İranı Avrasiya İqtisadi İttifaqına aparacaq. Təbii ki, indiki halda İranın bu bəyanatını siyasi manevr kimi də qiymətləndirmək yerinə düşərdi. Qərbin İrana qarşı sanksiyalarını yumşaltmaq və nüvə proqramı çərçivəsində İrana ünvanlanan təzyiqlərə bir növ cavabdır".