Putinin məxfi Krım və Donbas planı üzə çıxdı Dünya

Putinin məxfi Krım və Donbas planı üzə çıxdı

Rusiya hələ Yanukoviç hakimiyyətdə olarkən Krım və Donbası birləşdirmək istəyirdi.
Bunu Rusiyada dərc olunan "Novaya Qazeta"nın baş redaktoru Dmitri Muratov "Exo Moskva"nın efirində deyib.
Muratov bununla bağlı əlində hakimiyyətin yuxarı dairələrindən əldə etdiyi mühüm sənədin olduğunu da bildirib: "Bizim əlimizə heç kimin bilmədiyi, heç yerdə yayımlanmayan sənəd düşüb. Biz onu gələn həftə dərc etməyə hazırlaşırıq, buna görə də mən həmin sənəddə nə yazıldığını oxumayacam", - Muratov qeyd edib. Baş redaktorun sözlərinə görə, sənəddə Rusiyanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələlərə müdaxilə etməsinin vacibliyi qeyd olunub. Çünki Rusiya təkcə Ukraynadakı enerji satışı bazarını deyil, həm də bu ölkənin qaz nəqli sisteminə nəzarəti itirirdi: "Bu da "Qazprom"un Mərkəzi və Cənubi Avropadakı mövqeyinə və bizim iqtisadiyyatımıza ciddi zərbə demək idi. Bu sənədi hazırlayan şəxslər xüsusi vurğulayıblar ki, Yanukoviçin hakimiyyətdə qalması hər an başa çata bilər və ölkənin müxtəlif regionlarındakı mərkəzdənqaçma səyləri ilə düzgün oynamaq lazımdır. Bu və ya digər formada Ukraynanın şərq regionlarının birləşdirilməsinə başlanılmalıdır".
Baş redaktor hətta sənəddən bəzi sitatlar da gətirib: "Üç əsas şüarla Ukrayna xalqının, ölkənin şərqinin və Krımın yardımına getmək lazımdır. Birincisi, federallaşma, hətta qərbyönlü və millətçi qüvvələrin həmin regionların işinə qarışmaması şərtilə konfederallaşma. Daha sonra şərqi və cənub-şərq regionlarının Kiyevdən ayrı şəkildə Gömrük İttifaqında iştirakını təmin etmək. Sonda isə sözügedən regionların Rusiyaya tam birləşdirilməsinə nail olmaq. Rusiya iqtisadi inkişaf və sosial sabitliyin əsas və yeganə təminatçısıdır".
Muratov bildirib ki, sənəd təxminən 4-15 fevral tarixləri arasında, yəni Yanukoviçin hakimiyyətdə olduğu vaxt hazırlanıb.